İşçi ona verilən xəbərdarlıq razılaşmazsa töhmət qüvvədən düşür?
"Monitor Konsaltinq" jurnalının 52-ci sayında bu sual cavablandırılıb
Sual: Təşkilat işində yol verdiyi nöqsanlara görə işçiyə şiddətli töhmət verib və müəyyən müddət qoyulub ki, işindəki nöqsanları aradan qaldırsın. Amma işçi tərəfindən əmrə qeyd olunub ki, şiddətli töhməti qəbul etmirəm. İşçinin qeydi həmin töhmətin qüvvədən düşməsinə səbəb olur, yoxsa işçi eyni səhvləri təkrar edərsə, işdən çıxarıla bilər?
Pünhan
Cavab: Maraqlı sualdır. Sualın cavabını əlbəttə ki, Əmək Məcəlləsində axtarmalıyıq. Məcəllənin iki maddəsindən çıxarışları təqdim edirik.
Maddə 187. İntizam tənbehinin verilməsi qaydaları
1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
Maddə 189. İntizam tənbehinin verilməsi şərtləri
1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi veriləbilməz.
3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.
4. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir.
Deməli, ilk növbədə, həmin işçidən izahat alınmalıdır. İşçi izahat yazmasa da, ona intizam tənbehi verilə bilər. İntizam tənbehi rəhbərin əmri ilə rəsmiləşdirilməlidir. Çalışmaq lazımdır ki, əmrdə geniş açıqlanma verilsin. Bundan əlavə intizam tenbehini sübut etmək üçün dəlillər də əlavə olunsa, daha yaxşı olar. Məsələn, tutaq ki, işçi işə gecikmişdir. Bu zamanı tabeldən çıxarış tabelçinin təsdiqi ilə əmrə tikilməlidir. Eləcə də, digər dəlillər. Həmin əmrlə işçi tanış olmalıdır. Əgər işçi siz qeyd etdiyiniz kimi əmrlə tanış olmuşdursa, bu, həmin əmrin etibarız olmasına səbəb vermir. 189-cu maddədə yazılmışdır ki, işçi əmrlə tanış olmalıdır. Hansı formada tanış olması haqqında isə maddədə qeyd yoxdur. İşçi əmrlə tanış oldum da yaza, etirazını da bildirə bilər. Ümumiyyətlə tanış olmaq istəməsə, poçtla ünvanına göndərmək lazımdır. Sadəcə, işçini sonda işdən çıxarsanz, işçi təşkilatı məhkəməyə verə bilər. Ona görə məhkəmənin sizin xeyrinizə qərar çıxara bilməsi üçün sübutlar və dəlillər olmalıdır.
Son olaraq qısaca bildirim ki, işçi əmrdə etirazını qeyd etməklə töhmət qüvvədən düşmür.
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
1 Komment
Xaqani Memmedov 18 İyun 2022
Salam.mene töhmet verilib.amma menimlə beraber diger teqsirkarlara töhmet verilmib .eksine vezife verilib men nece ede bilerem.
Şərh yazın