Ədalətsizliyə həmizə etiraz etmək lazımdır?
AMERİKALI PSİXOLOQ SUSAN MCHANİCH SİTUASİYALARI FƏRQLƏNDİRMƏYİ TƏKLİF EDİR
SUAL- Susan xanim, mən hazırda dövlət müəssisəsində anbar müdiri olaraq çalışıram. Demək olar ki, iş mühiti məni qane edir və rəhbərliklə münasibətim də normaldır. Amma rəhbərlik tərəfindən digər bölmənin işçilərinə qarşı haqsızlıq olanda özümü saxlaya bilmirəm və sərt təpki göstərirəm. Bəzən isə özünü qinayıram ki, niyə axı başqasına görə rəhbərliklə münasibətimi pisləşdirirəm. Xahiş edirəm ki, mənə məsləhət verərdiniz ki, bu cür stuasiyada mən nə etməliyəm? Gələcək uğurlu karyeram üçün başqalarının hüquqlarının pozulmasına göz yummalıyammı?
Tapdıq Quliyev
Cavab- Tapdıq, ilk öncə sizə olduqca maraqlı və həm də mürəkkəb suala görə təşəkkür edirəm. İlk andaca ağlıma hamımızın çox eşitdiyi bir məsəl gəlir: düz danışan düzdə qalar (məsəl Azərbaycan variantına uyğunlaşdırılıb –red.). Əgər siz hər hansı bir işçinin işlədiyi departament daxilində yaşadığı problemi və ya münaqişəni təsvir etsəydiniz, mən sizə konkret yanaşma təklif edərdim. Mən istəyirəm ki, siz həmin əməkdaşa mümkün olduğu qədər dəstək göstərə biləsiniz, onun öz problemini həll etmək üçün imkanlarını genişləndirəsiniz. Amma bir çox hallarda başqalarının problemini həll etmək üçün onların işlərinə müdaxilə etmək heç də ümidverici olmur və xeyirlə nəticələnmir.
Mənim sizin suala münasibətim bununla yekunlaşmır. Deyirsiniz ki, digər əməkdaşlara qarşı haqsız münasibətə və onların hüquqlarının pozulmasına laqeyd qala bilməyərək hadisə ilə bağlı rəhbərliyə öz iradlarınızı, şikayətlərinizi çatdırmısınız. Eyni zamanda, düşünürsünüz ki, əgər danışmağa davam etsəniz, rəhbərliklə olan münasibətinizi və gələcək karyeranızı təhlükə altında qoya bilərsiniz. Narahatsınız.
Sizin sualınız çox əhəmiyyətli bir məsələyə həsr olunub. Rəhbərliklə olan münasibətləri və karyeranızı qorumaq üçün digər əməkdaşların hüquqları pozulanda susmalısınızmı? Mən istəyirəm ki, cavabım, həm həssas, həm də gerçəkliyə uyğun olsun. Azərbaycanda işçilərin hüquqları necə qorunur, bu barədə məlumatım məhduddur. Ancaq düşünürəm ki, Azərbaycanda əksər iş yerlərində əməkdaşların hüquqlarının müdafiəsi siyasəti yeridilmir. Şikayətlərin baxılması prosedurları, işçilərin hüquqlarının həmkarlar ittifaqı və ya etibarlı hüquqi prosedurlar vasitəsi ilə qorunması qaneedici səviyyədə deyil. Amma çox güman ki, əməkdaşların ixtisar olunmaq təhlükəsi olmadan rahat şəkildə şikayətlərini edə bilməsi üçün siyasi mexanizmlər də azlıq təşkil edir. Amma hətta Birləşmiş Ştatlar kimi olduqca güclü müdafiə mexanizmlərinin olduğu bir ölkədə işçilər işəgötürənlərə qarşı hələ də güclü ittihamlar irəli sürməkdən çəkinirlər. Əksər hallarda bu heç də səbəbsiz deyil, çünki onlar təklənmək və ya ipə-sapa yatmayan işçi kimi “qara siyahıya” düşməkdən qorxurlar. Onların öz rifahlarına, karyeralarına və işlərinə görə narahatlıq keçirməsi başa düşüləndir.
Aydındır ki, sizin yerinizə mən qərar verə və seçim edə bilmərəm. Verdiyiniz sualın ən doğru cavabını yalnız siz verə bilərsiniz. Mən sadəcə sizin qərarınıza təsir göstərəcək, dəyişən şəraitdəki amilləri şərh edə bilərəm ki, bu da sizə seçim etməyə kömək edə bilər.
İlk öncə sizin öz baxış bucağınızdan problem kimi gördüyünüz məsələnin həmin işçilər tərəfindən də problem olaraq qəbul olunduğuna əmin olun. Fikirləşirəm ki, sizin göstərdiyiniz dəstəklə yanaşı, əziyyət çəkən işçi də öz hüquqlarını müdafiə etmək üçün nə etməli olduğunu bilməlidir. Nə qədər düzgün və ya yanlış olsa da, əksər işçilər müəyyən həddə qədər onlara qarşı olan ədalətsizliyə dözməyə hazır olurlar, sadəcə ondan ötrü ki, işsiz qalmasınlar. Əgər onlar problemin riskə gedəcək qədər böyük olduğuna əmin olmasalar, onda istəmədikləri bir şeyi onlara vermək sizin üçün çox çətin olacaq. Mənim psixoterapevt həmkarlarım arasında məşhur bir deyim var: öz döyüşlərini özün seç. Sənin özünü də qorumağa haqqın var. Prosesə cəlb olunmamaq qanuna zidd deyil.
Siz şahidi olduğunuz haqsızlığın və hüquq pozuntularının dəqiq xarakterini qeyd etməməsiniz. Bütün insanların təhlükəsiz, sağlam və ədalətli iş mühiti ilə təmin olunmaq hüququ var. İnsan və vətəndaş hüquqlarının pozulmasının çoxlu sayda nümunələri, formaları var, bu irqi, dini, cinsi ayrı-seçkilik səbəbindən ədalətsiz münasibət, əmək təzminatlarının düzgün ödənilməməsi və s. də ola bilər. İstər zərərçəkmişin təsiri altında, istərsə də bu təsirsiz, siz özünüz qərar verirsiniz ki, şahidi olduğunuz bu pozuntu göz yummaq üçün həddindən artıq ciddidir. Və ya siz düşünə bilərsiniz ki, zərərçəkmiş işçilər etira etməyə həddindən artıq qorxublar və çarəsizdirlər. İrlandiyalı dövlət xadimi Edmund Berk 1700-cü ildə belə bir fikir söyləyib: “Şərin qələbə çalması üçün yeganə lazımı qüvvə, yaxşı insanların heç nə etməməsidir”.
Siz həm karyeranızı və özünüzü qoruyaraq, insan və əmək hüquqlarının pozulmasını, o cümlədən haqsız münasibəti necə ifşa edə bilərsiniz? Pozuntudan, baş ofisin və ya dövlət orqanlarının müdaxiləsindən asılı olaraq, siz özünüzü qorumaq iqtidarında olmaya da bilərsiniz. Hətta qanun sizin tərəfinizdə olsa belə, bəzi insanlar günahsız tərəfi cəzalandırmaqda çox mahir ustadırlar. Amma ümid edirəm ki, qarşılaşdığınız situasiya bu qədər dramatik deyil.
Sizin yazdığınızdan bəlli olur ki, işlədiyiniz idarədə hörmət edilən bir şöbə müdirisiniz. Həm öz işçilərinizlə, həm də rəhbərliklə, baş menecerlərlə yaxşı münasibətləriniz var. Öz şöbənizi sağlam iş mühitinə malik olan bir yer kimi təsvir etmisiniz. Siz bildirirsiniz ki, artıq bir neçə dəfə rəhbərliyə qarşı belə hadisələrlə bağlı münasibət bildirmisiniz (problemi onların nəzərinə çatdırmısınız), amma hələ ki, bu sizin münasibətlərinizin korlanmasına və ya karyeranızın başa çatmasına səbəb olmayıb. Bütün bu nüanslar sizin xeyrinizədir, demək ki, sizin təkcə vəzifəniz yox, həm də etibarınız və nüfuzunuz var.
Çox güman ki, bu problemdən xəbərdar olan yeganə adam Siz deyilsiniz. Ətrafınızda bu prosesə qoşulmaq istəyən yetkin və məntiqli insanlar varmı? Bəs rəhbərlikdə problemlərin həllinə maraq göstərən və situasiyaya anlayışla yanaşan hər hansı bir məsul şəxs varmı?
Əmin olmağa çalışın ki, sizin kimisə müdafiə zamanı səsləndirdikləriniz şifahi məlumatlara əsaslanmır? Sizin əlinizdə təqdim etmək üçün tarixləri və saatları əks olunan sənədlər, dəqiq məlumatlar və şahidlər olmalıdır.
Öz arqumentinizi və ya şikayətinizi yaxşı təşkil olunmuş formada, praqmatik üsulla təqdim edin, emosiyalarınızı bir kənara qoyun. Emosiyalara sizi idarə etməyə imkan versəniz və idealizmə qapılsanız, öz nüfuzunu şübhə altına qoyacaqsınız, insanlar sizi dinləməyəcək. Diqqəti kimin günahkar olduğuna deyil, problemə yönəldin. Problemin həlli istiqamətində ideyalar təklif edin, yanaşmanız problemin həlli yönümlü olsun. Kömək etməyi təklif edin.
Əmin olun ki, rəhbərlikdə bu məsələ ilə bağlı söhbət üçün seçdiyiniz insanlar elə şəxslərdir ki, problemlə bağlı nəsə etmək səlahiyyətləri var. Əgər arqumenti düzgün (lazımı) insana demirsənsə, onun nə qədər doğru və güclü olmasının əhəmiyyəti yoxdur.
Sonda onu deyə bilərəm ki, Tapdıq müəllim, siz ədalətsizliyə qarşı həssas insansınız və istəyirsiniz ki, pozitiv dəyişikliyə səbəb olasınız. Dünyanın sizin kimi daha çox insana ehtiyacı var. Var olun!
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın