İcarəyə götürülmüş nəqliyyat vasitəsinə çəkilən təmir xərcləri
Gəlirdən çıxılıb-çıxılmamasına dair Vergilər Nazirliyinin cavabı
Sual: Salam! Bu sual mənfəət vergi ucotuna duran şirkətə aiddir. İcarə müqaviləsinə əsasən bu şirkət nəqliyyat vasıtəsini əldə edib. Müqavilənən şərtlərinə əsasən təmir xərcləri şirkət tərəfindən ödənilir. İcarəyə alınan nəqliyyat vasıtəsi əsas vəsait kimi şirkətin balansına alınmayıb. Vergi Məcəlləsinin 115-ci maddəsinə əsasən nəqliyyat vasıtəsini əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 % qədər xərclərə salına bilər. Onda bu xərci hardan ödəmək lazımdır? Şirkət təzə açılıb 3 ay, cəmi 2000 manat dövrıyyəsi olub, əsas vəsaiti yox.
Sevinc Əliyeva
Cavab: Bildiyiniz kimi, Vergi Məcəlləsinin 115.4-115.6-cı maddələrinə əsasən icarəyə götürülmüş əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılan məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinin Vergi Məcəlləsinin 115.1-ci maddəsi ilə müəyyən edilən faiz həddi ilə məhdudlaşdırılır. Əsas vəsaitlərin icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə xərclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır. Təmir işləri icarəyə verənin hesabına aparıldıqda, yaxud icarəçinin hesabına aparılaraq, icarə haqqı ilə əvəzləşdirildikdə Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəaları icarəçiyə tətbiq edilmir.
Göründüyü kimi, icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər icarə haqqı ilə əvəzləşdirilmədiyi halda, bu xərclərin icarəçi tərəfindən gəlirdən çıxılması həmin əsas vəsaitlər icarəçinin balansına götürüldükdə həyata keçirilə bilər.
Həmçinin, Vergi Məcəlləsinin 115.8-ci maddəsinə əsasən Vergi Məcəlləsinin müddəaları yalnız təmir xərclərinin gəlirdən çıxılan məbləğini məhdudlaşdırır və vergi ödəyicilərinin digər mənbələr hesabına təmir işlərini həyata keçirməsini istisna etmir.
Göründüyü kimi, Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəalarına əsasən vergi ödəyicisinin gəlirindən əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinə tətbiq olunan faiz məbləğində çıxılır.
Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq gəlirdən çıxılmalı olmayan məbləğlər vergi ödəyicisinin sərəncamında qalan sərbəst mənfəətin hesabına aid edilir.
Sorğunuzda qeyd olunan halda isə təmir xərcləri vergi ödəyicisi tərəfindən cəmlənərək mühasibat uçotunun müvafiq hesabında əks etdirilməklə sonrakı dövrlərdə aparılan fəaliyyət nəticəsində yaranacaq sərbəst mənfəətə aid edilə bilər.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın