Gərgin iş yükü problemini necə üstünlüyə çevirmək olar
Susan Mcanich: “Əgər siz iş və şəxsi saatlarınızı qarışdırsanız, onda bozluğa düşəcəksiniz, heç zaman özünüzü nə tamamilə işdə, nə də bütünlüklə evdə hiss edəcəksiniz”
- Susan xanim, Sizin dəstəyinizə çox ehtiyacım var. İşlədiyim təşkilatda iş yüküm həddən artıq çoxdur. Bu da iş prossesi zamanı mənim müəyyən geriləmələrə yol verməyimə səbəb olur. Hər hansı iş görəndə (hətta həcmcə balaca olsa belə) onu yarımçıq saxlayıb digər işə başlayıram. Çünki beynimdə görəcəyim işlərlə bağlı o qədər fikirlər dolaşır ki, nəyi birinci etməyi müəyyənləşdirə bilmirəm. Sizin əvvəlki məsləhətlərinizi oxuyub vaxt menecementi aparıram, işlərimi əhəmiyyətinə görə sıralayıram. Amma yenə də yarımçıq işlərim çox olur. Üstəlik, bu cür gərgin iş yükü məndə yaddaş pozuntusu yaradıb. Yarımçıq saxladığım işi unutduğumdan bəzən onları sona qədər davam etdirə bilmirəm. Çox xahiş edirəm ki, mənə fikrimi bir yerə toplamaq və yaddaş pozuntusunu aradan qaldırmaqla bağlı köməklik göstərərdiniz.
Turxan
Salam Turxan
Siz həddindən artıq yüklənmiş insanın nə hiss etdiyini və iş şəraitinizi olduqca gözəl təsvir etmisiniz. Mən sizin dürüstlüyünüzü çox yüksək qiymətləndirirəm. Başa düşürəm ki, siz var qüvvənizlə öz şəxsi və peşəkar inkişafınız, özünütəsdiqiniz üzərində nəzarəti geri qaytarmağa çalışırsınız. Mənim bütün suallara cavabım olmasa da, sizinlə fikirlərimi paylaşa bilərəm. Bəzi ideyalar həddindən artıq sadə və ya qeyri-real təsir bağışlayır. Amma elə ideyalar da var ki, onlar olduqca konkretdir və fikrin bir tapşırıq üzərində cəmlənməsi, həmçinin yaddaşın yaxşılaşması baxımından kifayət qədər səmərəlidir.
İcazə verin, işlə yüklənməyi azaltmaq üçün sizə sadə yollar göstərim:
- Öz qeydinizə qalın. Həyatın və işinizin nə qədər narahat və stressli olmasına baxmayaraq, özünüz üçün də vaxt ayırın. Düzgün qidalanın, yaxşı yatın, çoxlu su (maye) qəbul edin və müntəzəm idman edin. Bir şeyi unutmayın: sağlamlığınızın zəifləməsinə, tükənmənizə və tamamilə əldən düşmənizə görə heç kəs sizi mükafatlandırmayacaq. Əlbəttə ki, bundan da ən çox zərər çəkən sizin işiniz olacaq. Hər gün, nə olursa olsun, nahar vaxtını ötürməyin, işinizə fasilələr verin.
- İşinizi və istirahətinizi düzgün planlaşdırın. İşləməli olduğunuz (iş yeriniz tərəfindən tələb olunan) saatları müəyyən edin və vaxtından artıq işləmək barədə qərar verdiyiniz saatlara sərt limitlər qoyun. Şəxsi saatlarınızı və iş saatlarınızı bir-birindən ayırın. Əgər siz iş və şəxsi saatlarınızı qarışdırsanız, onda bozluğa düşəcəksiniz, heç zaman özünüzü nə tamamilə işdə, nə də bütünlükl evdə hiss edəcəksiniz. İşdə olduğunuz müddətdə ev, evdə olduğunuz müddətdə isə iş üçün narahatlıq keçirəcəksiniz. Boz zonadan qaçmağa, ondan yayınmağa çalışın! Buna əməl etsəniz, hətta yuxunuzun keyfiyyətinin nə qədər yüksəldiyini hiss edəcəksiniz.
- İşinizə aydınlıq gətirmək üçün özünüzə suallar verin. İşlərin öhdəsindən necə gəldiyinizi müntəzəm olaraq qiymətləndirin. Bunu etməyin yollarından biri özünə suallar vermək və işlə bağlı sağlam perspektivlər formalaşdırmaqdır, bu sizə ən vacib şeylər üzərində fokuslaşmağa kömək edəcək. Məsələn, siz gündə 10 dəfə e-mail ünvanınızı yoxlamaqla öz məşğulluğunuzu azaldır və effektivliyinizi aşağı salırsınız, fikriniz yayınır. Özünüzə bu sualı verin: “Bunu indi və ya 5 ay sonra etməyimin fərqi varmı?”, “Bunu etməklə hədəfimə daha da yaxınlaşırammı?”, “Mən nəyə görə bunu edirəm?”.
İndi isə icazə verin, fikrinizi cəmləmək və bir tapşırığı vaxtında bitirmək, həmçinin yaddaşı möhkəmlətməklə bağlı tövsiyələrimi verim:
- Etməli olduğunuz işlərin siyahısını hazırlayın. Beyninizi təmizləyin, etməli olduqlarınızı kağız üzərinə və ya elektron formatda hazırlanmış iş siyahısına tökün. İş cədvəlinizi hər gün təzələyin. Tapşırıqları həll etdikcə, onların üzərindən xətt çəkin. Sizi bunu etməklə, bir növ işlərin icra edilməsi hissi ilə özünüzü mükaflandırmış olursunuz. Həmçinin, nəyisə unutduğunuza görə narahat olmayanda, siz əlinizdəki tapşırıq üzərində diqqətinizi daha yaxşı cəmləyə bilirsiniz.
- Diqqət yayındırıcı faktorları mümkün qədər azaldın. Xüsusən də böyük zəhmət tələb edən tapşırıqlar ilə bağlı məsələlərdə. Özünüz də hiss etmədən bu faktorlar sizin bəhanənizə çevrilir. Növbəti elektron məktuba cavab vermək, tapşırığın artıq bitmək üzrə olması hissi ilə özünü aldatmaq, vacib işi vaxtında etmədiyinizə görə üzrxahlıqlar və s. Heç kəsin müdaxilə etməyəcəyi bir vaxt təyin edin, heç bir telefon zənginə, heç bir e-mailə cavab verməyin, həmkarlarla söhbətə girişməyin, lazım gəlsə, səsli mesajdan istifadə edin, otağınızın qapısını bağlı saxlamaq üçün rəhbərinizdən icazə alın və iş yoldaşlarınızdan tapşırığı qurtarana qədər sizi narahat etməməsini xahiş edin.
- Özünüzü başa düşmək üçün müəyyən qədər vaxt ayırın. Əgər tapşırığın icrası ilə bağlı problem yaranarsa, bu, xüsusilə vacibdir. Bəzi insanlar digərlərinin onlar haqqında nə düşündüklərinə həddindən artıq önəm verirlər. Onlar düşünürlər ki, yetərincə səy göstərməməyə görə tapşırığı sona çatdırmamaqda ittiham olunmaq, tapşırığı həll etmək üçün yetərincə qabiliyyətinin olmamasında ittiham edilməkdən daha yaxşıdır. Onlar əksər halda birincini seçirlər. Bəzi insanlar isə uğurdan qorxur, fikirləşirlər ki, belə olsa, gələn dəfə gözləntilər daha da çoxalacaq. Digərlərini isə daima perfekssionizm hissi (mükəmməlik, kamiliyyə can atmaq) müşayiət edir. Hər bir tapşırığın mükəmməl səviyyədə icra edilməsinə ehtiyac duymaq, həmin tapşırığın ümumiyyətlə heç vaxt hazır olmaması üçün ideal formuldur. Məhsuldar insanlar isə tərəqqini mükəmməllikdən daha üstün tuturlar. Sizə fikrinizi tapşırıq üzərində cəmləməyə nələr və hansı gözləntilər mane olur, bu haqda düşünün.
- İşlədiyiniz mühit haqqında təsəvvürüm yoxdur. Ona görə də bilmirəm ki, söz öz müdirinizdən və ya iş yoldaşlarınızdan kömək xahiş edə bilərsiniz, ya yox? Ümid edirəm ki, işdə və vdə sizi dəstəkləyən kollektiv və ailəniz var.
Səmimi qəlbdən inanmaq istərdim ki, bu ideyalar sizə faydalı olacaq. Ağır və yüksək tələbləri olan iş yükünün altında tükənməmək, diqqətini yayındırmamaq və yaddaşını qorumaq kifayət qədər zəhmət tələb edən, çətin məsələdir. Amma mən düşünürəm ki, siz artıq pozitiv dəyişikliklər etmək istiqamətində çalışacaqsınız. Çünki artıq problemin adını müəyyənləşdirmiş və kömək üçün müraciət etmisiniz.
Uğurlar!
0 Komment
Şərh yazın