İşçinin peşə kursunun ödənilməsi ilə bağlı ödənilən məbləğin gəlir vergisi

İşçinin peşə kursunun ödənilməsi ilə bağlı ödənilən məbləğin gəlir vergisi

Bu tip xərclər gəlirdən çıxılmalıdır?
Sual: Bizim şirkət işçiləri peşə kursuna göndərmiş və kursun məbləğini işçilərin gətirdiyi qəbzə uyğun olaraq işçilərə vermişdir. Kursun pulu 1500 AZN-dir.
1)    Belə olan halda biz bu məbləği işçinin vergi (MÖMV) tutulmalı olan gəlirinə əlavə etməliyikmi?
2)    2) Yoxsa bu məbləğə 102.1.3 maddəsi tətbiq olunur və sadəcə 500 AZN əlavə olunmalıdır vergi tutulan gəlirə?
3)    3) Bir də əgər əlavə olunacaqsa bu məbləğ işçiyə verilən məbləğ (500) yoxsa vergilər əlavə olaraq hesablanan məbləğ (500+14%=581) olmalıdı?
4)    Bu xərc gəlirdən çıxılan xərcdirmi?
Əvvəlcədən təşəkkürlər.
İlqar Həsənov


Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.3-cü maddəsinə əsasən təqvim ili ərzində alınan hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2000 manatadək olan hissəsi, mirasların dəyərinin 20000 manatadək olan hissəsi fiziki şəxslərin gəlir vergisindən azaddır.
Təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun.
Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli 833-IIIQ №–li “Təhsil haqqında” Qanunun 1-ci maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi olmaqla, təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur.
Həmin Qanunun 24-cü maddəsinə əsasən əlavə təhsil fasiləsiz təhsil və peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə-ixtisas təhsilin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır.
İxtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi və s. əlavə təhsilin bir istiqaməti olmaqla ixtisasartırma və yenidənhazırlanma qurumlarında, peşə-ixtisas təhsili müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə xüsusi razılıq verilmiş digər müəssisələrdə həyata keçirilir.
Odur ki, sorğunuzda qeyd olunan “peşə kursu” qeyd olunan qanunun tələblərinə uyğun olduqda, işçiyə ödənilən təhsil haqqının 1000 manatadək olan hissəsi gəlir vergisindən azaddır, 1000 manatdan artıq olan hissəsi isə vergi tutulan gəlirə aid edilərək ümumi qaydada gəlir vergisinə cəlb olunmalıdır.
Gəlir vergisinin hesablanması ilə əlaqədar bildiririk ki, gəlir vergisi işçinin aylıq gəlirindən tutulmaqla əmək haqqından, bu işdən alınan hər hansı ödəmə və ya faydadan, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdən ibarətdir (Vergi Məcəlləsi, maddə 98.1 və 101.1).
Belə ki, iş yerindən alınan əmək haqqı və həmin ayda iş yerindən alınan digər vergi tutulan gəlirlər toplanaraq işçinin aylıq vergi tutulan gəliri formalaşdırır və gəlir vergisi ümumi məbləğdən Vergi Məcəlləsinin 101.1-ci maddəsinin 1-ci cədvəlində nəzərdə tutulmuş dərəcələrlə hesablanır.
Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən işçilərin sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

1 Komment

  1. Şamama mühasib 22 Sentyabr 2022

    Salam İşçi orta tibb işçisi kimi kursa iş yerinden gönderilib İşçiye kurs pulu hansı maddeden ve nece ödenilmelidir

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər