Təsisçi öz evini təşkilata əvəzsiz istifadəyə verdikdə vergi hesablanır?

Təsisçi öz evini təşkilata əvəzsiz istifadəyə verdikdə vergi hesablanır?

Vergilər Nazirliyindən bu aktual məsələyə maraqlı yanaşma

Sual: Mənim bildiyimə görə təsisçi özünə məxsus olan əmlakı, torpağı Mülki Məcəlləyə uyğun olaraq əvəzsiz istifadə müqaviləsi ilə təsisçisi olduğu müəssisənin istifadəsinə verə bilər. Bu barədə dolğun məlumat verməyinizi xahiş edirəm. Təşəkkürlər!
Fəxri Ağaməmmədov
Cavab: İlk növbədə bildiririk ki, mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini mülki qanunvericilik (Mülki Məcəlləsi, maddə 2.2), vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti və s. bu kimi məsələləri isə Vergi Məcəlləsi müəyyən edir (Vergi Məcəlləsi, maddə 1.1).

Onu da bildiririk ki, əmlakdan kommersiya məqsədi ilə istifadə edilməsi onun icarəyə verilməsi kimi qiymətləndirilir və Mülki Məcəllənin 700-cü maddəsinin müddəalarına əsasən əmlak kirayəsi icarə müqaviləsi ilə rəsmiləşdirilməlidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
Vergi Məcəlləsinin 14.2-ci maddəsinə uyğun olaraq Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir.
Vergi Məcəlləsinin 14.3.5-ci maddəsinə görə Vergi Məcəlləsinin 124.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandığı halda bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər. Vergi Məcəlləsinin 124.4-cü maddəsində isə göstərilir ki, Azərbaycan Respublikasında daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği Vergi Məcəlləsinin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.
Digər tərəfdən isə, Vergi Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən isə maddəsinə əsasən isə bir şəxsin əmlakında bilavasitə və ya dolayısı ilə iştirak edən və onun iştirak payı və ya səs hüququnun azı 20 faizinə malik olan digər şəxs qarşılıqlı surətdə asılı olan şəxslər hesab olunur, 14.3.2-ci maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə bazar qiymətlərin tətbiqi həyata keçirilə bilər.
Göründüyü kimi, bir şəxsin digər şəxsə əmlakın əvəzsiz istifadəyə verilməsinə mülki qanunvericilik imkan verir, lakin vergi qanunvericiliyində qarşılıqlı surətdə asılı olan şəxs hesab olunan təsisçi və təsis olunan müəssisə arasında bağlanmış müqavilədə icarə haqqı göstərilmədikdə həmin şəxslər arasında baş vermiş mülki münasibətlərin vergtitutma məqamında mövcud bazar qiymətləri nəzərə alınır. Bu zaman əvəzsiz istifadəyə verilmiş əmlakdan gəlir götürmək üçün istifadə edildiyi üçün əməliyyat əmlakın əvəzsiz istifadəyə verilməsi kimi deyil, onun icarəyə verilməsi kimi qiymətləndirilir, icarəyə verilmiş əmlaka görə Vergi Məcəlləsinin 14-cü maddəsinin müddəalarına uyğun olaraq mövcud bazar qiymətləri nəzərə alınmaqla müəyyənləşdirilmiş icarə haqqı ödənilməli, Vergi Məcəlləsinin 17-ci, 124-cü və 150-ci maddələrinə uyğun olaraq icarəyə götürən fiziki şəxs vergi agenti kimi icarə haqqından 14 faiz dərəcə ilə ödəmə mənbəyində vergini tutmalı, icarə haqqı ödənilən rübdən sonrakı ayın 20-dən gec olmayaraq “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə vergi orqanına bəyan edilməli və icarə haqqından tutulmuş verginin məbləği də həmin müddətdə büdcəyə köçürməlidir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər