Müvəqqəti qeydiyyatla bağlı maraqlı sual
Miqrasiya Xidməti Gürcüstanda yaşayan azərbaycanlıları da maraqlandıran suala aydınlıq gətirib
Salam. Xahiş edirəm, mənə cavab yazasınız. Bilmək istəyirəm, Gürcüstan azərbaycanlıları müvəqqəti qeydiyyata düşmədən Azərbaycanda neçə gün qala bilərlər?
Cavab: “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının 1994-cü il 14 iyun tarixli 813 nömrəli Qanununun 12-ci maddəsinin beşinci hissəsinə əsasən viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbinin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti 90 gündən artıq ola bilməz. Bu müddət bitdikdən sonra müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən əcnəbinin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmamışdırsa, ona Azərbaycan Respublikasında müvəqqəti yaşamağa icazə verilməmişdirsə və ya belə icazə verilməsi üçün ondan ərizə qəbul edilməmişdirsə, o, Azərbaycan Respublikasının ərazisini tərk etməlidir.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 1996-cı il 4 aprel tarixli 55-IQ nömrəli Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yaşayış yeri üzrə qeydiyyata alınması üçün yaşayış yerinə gəldiyi vaxtdan 3 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) müvafiq dövlət orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə) müraciət edərək, öz pasportunu, giriş icazəsini (vizasını), yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, orderi, icarə və ya kirayə müqaviləsini və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədi) və ya yaşayış sahəsi verən vətəndaşın ərizəsini təqdim etməlidir.
Həmin Qanunun 11-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində 30 günədək yaşamaq istəyən əcnəbi olduğu yer üzrə qeydiyyata alınır.
Yataqxanaya, mehmanxanaya, sanatoriyaya, istirahət evinə, pansionata, kempinqə, turist bazasına, xəstəxanaya və ya digər belə ictimai yerlərə, başqa yaşayış sahəsinə gələn əcnəbi dərhal ərizə-anket doldurur və onu həmin yerin müdiriyyətinə və yaxud yaşayış sahəsinin sahibinə və ya istifadəçisinə verir. Müdiriyyət və ya başqa yaşayış sahəsinin sahibi, yaxud istifadəçisi həmin sənədləri 24 saat ərzində müvafiq dövlət orqanına (Daxili İşlər Nazirliyinə) təqdim edir.
0 Komment
Şərh yazın