Tanınmış mütəxəssis Əflatun Babayevdən ƏDV-lə bağlı Vergilər Nazirliyinə maraqlı sual

Tanınmış mütəxəssis Əflatun Babayevdən ƏDV-lə bağlı Vergilər Nazirliyinə maraqlı sual

Sual: Vergi Məcəlləsinin 1 yanvar 2013-cü il tarixindən qüvvəyə minmiş yeni redaksiyasında ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların keçirilmə vaxtının müəyyənləşdirilməsinin yeni qaydası qoyulmuşdur. Bu qaydanın tətbiqi zamanı bəzi hallarda vergi ödəyicisindən asılı olmayan səbəblərdən artıq təqdim edilmiş ƏDV bəyannamələrinin sonradan dəqiqləşdirilməsinə ehtiyac yaranır. Məsələn, fərz edək ki, fevral ayının 27-də mal alıcıya təqdim edilmiş və həmin gün də ona elektron vergi hesab-fakturası göndərilmişdir. Malsatan 30 gün ərzində ödənişi gözləyir, lakin ödəniş 30 gün ərzində həyata keçirilmir. Bu halda Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın vaxtı elektron vergi hesab-fakturasının verildiyi (malın təqdim edildiyi gün ilə eynidir) gün (fevralın 27-si) sayılacaqdır. Bu faktın məlum olduğu gün, yəni malın təqdim edildiyi gündən 30 gün sonra fevral ayının ƏDV bəyannaməsi artıq təqdim edilmişdir və bu bəyannamədə həmin əməliyyat əks etdirilməmişdir. Deməli, fevral ayının ƏDV bəyannaməsi dəqiqləşdirilməlidir.
Belə hallarda bu cür dəqiqləşdirmə Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən və ya 163-cü maddəsinə əsasən həyata keçirilməlidir?
Əflatun Babayev

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 72.5-ci maddəsində əvvəlki hesabat dövrlər üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabatın təqdim edilməsi bildirilir.
Bundan fərqli olaraq, Vergi Məcəlləsinin 163-cü maddəsində dəqiqləşmə üçün əsas kimi əməliyyatın tam və ya qismən ləğv edilməsi, əməliyyatın xarakterinin və ya qiymətlərin dəyişməsi, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi ilə nəticələnən halların yaranması götürülür, yəni bu maddəyə əsasən artıq bəyan edilmiş, lakin qeyd olunan səbəblər üzrə dəqiqləşməli olan əməliyyatların dəqiqləşməsı aparılır.
Müvafiq olaraq da sorğunuzda qeyd olunan halda ilkin uçot sənədləri ilə hesabatlarda təqdim olunmuş məlumatlar arasında yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün dəqiqləşmə Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən aparılmalıdır.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
P.S. Vergi Məcəlləsindən çıxarışlar
72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövri üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.
Maddə 163. Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi
163.1. Bu maddə aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir:
163.1.1. əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda;
163.1.2. əməliyyatın xarakteri dəyişdikdə;
163.1.3. qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə; yaxud
163.1.4. vergi ödəyicisi elektron vergi hesab-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda.
163.2. Vergi ödəyicisi bu Məcəllənin 163.1-ci maddəsində göstərilən hallardan birinin nəticəsində:
163.2.1. ƏDV üçün elektron vergi hesab-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron vergi hesab-fakturada düzgün göstərməmişdirsə, yaxud
163.2.2. ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər