İcarəyə götürülmüş əsas vəsaitin təmirinə vəsait xərcləməyin vergi öhdəliyi
Sual: 2012-ci il ərzində Cəmiyyət yeni (tam təmirsiz) ofis icarəyə götürüb və həmin ofisin təmirinə 488 750 manat xərclənib. Sualım ondan ibarətdir ki, ofisin təmirinə sərf edilmiş vəsait Cəmiyyətin əsas vəsaiti kimi öz balansına daxil edilə bilər və ya mənfəəti hesabına silinməlidir? Eyni zamanda bildirmək istəyirəm ki, Cəmiyyətin balansında əmlak və/və ya bina tipli heç bir əsas vəsait olmamışdır və yoxdur.
Nicat Hüseynov
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 115.4-115.6-cı maddələrinə əsasən icarəyə götürülmüş əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılan məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinin Vergi Məcəlləsinin 115.1-ci maddəsi ilə müəyyən edilən faiz həddi ilə məhdudlaşdırılır. Əsas vəsaitlərin icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə xərclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır. Təmir işləri icarəyə verənin hesabına aparıldıqda, yaxud icarəçinin hesabına aparılaraq, icarə haqqı ilə əvəzləşdirildikdə Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəaları icarəçiyə tətbiq edilmir.
Göründüyü kimi, icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər icarə haqqı ilə əvəzləşdirilmədiyi halda, bu xərclərin icarəçi tərəfindən gəlirdən çıxılması həmin əsas vəsaitlər icarəçinin balansına götürüldükdə həyata keçirilə bilər.
Vergi Məcəlləsinin 115.8-ci maddəsinə əsasən Vergi Məcəlləsinin müddəaları yalnız təmir xərclərinin gəlirdən çıxılan məbləğini məhdudlaşdırır və vergi ödəyicilərinin digər mənbələr hesabına təmir işlərini həyata keçirməsini istisna etmir.
Beləliklə, icarəyə götürülmüş bina balansa götürüldüyü halda binanın təmirinə çəkilən xərclərin gəlirdən çıxılması Vergi Məcəlləsinin 115.1-ci maddəsinin müddəalarına əsasən hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləğinin əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinə müvafiq olaraq Vergi Məcəlləsinin 114.3.1-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinin 2 faizi həddi ilə məhdudlaşdırıla bilər.
Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin müddəaları yalnız təmir xərclərinin gəlirdən çıxılan məbləğini məhdudlaşdırır və vergi ödəyicilərinin digər mənbələr, o cümlədən müəssisənin sərəncamında qalan mənfəət hesabına təmir işlərini həyata keçirməsini istisna etmir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın