Nizamnamə kapitalı kimi qoyulan vəsaiti xərcləmək olar?

Nizamnamə kapitalı kimi qoyulan vəsaiti xərcləmək olar?

Vergi orqanı bu məsələyə aydınlıq gətirir...

Sual: Salam. Bilmək istərdim MMC yaradılarkən bankda açılan müvəqqəti hesaba qoyulan nizamnamə kapitalı MMC qeydiyyatdan keçdikdən sonra xərclənə bilərmi? Misal, üçün MMC qeydiyyatdan keçərkən nizamnamə kapitalı 2 pay olaraq və hər pay da 50 AZN olmaqla ümumilikdə 100 AZN müəyyən edilir və MMC qeydiyyatdan keçdikdən sonra 100 AZN hesabdan çıxarılır, yəni MMC-nin nizamnamə kapitalı sıfıra bərabər olur. Belə hal baş verdikdə MMC bu barədə vergi orqanına hansısa bir şəkildə hesabat verməlidirmi? Nizamnamə kapitalı sıfıra bərabər ola bilərmi?
Orxan Həsənov

Cavab: Bildiririk ki, Mülki Məcəlləsinin 64.1-ci maddəsinə əsasən təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur.
Mülki Məcəllənin 90-1.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Göründüyü kimi təsisçi məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı payına mütənasib qaydada mənfəət əldə edir və onun idarə edilməsində iştirak edir.
Eyni zamanda, Mülki Məcəllənin 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir.

Qeyd olunanlarla yanaşı, Vergi Məcəlləsinin 13.2.16.6-cı maddəsinə əsasən rezident hüquqi şəxsdən dividend şəklində əldə edilən gəlir, həmçinin bu hüquqi şəxsdə iştirak payının satılmasından və ya başqasına verilməsindən əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur.
Göstərilənlərə əsasən bildiririk ki, iştirak payının satışı barədə alqı-satqı müqaviləsinin bağlandığı tarixə hüquqi şəxsdə aktivlərin real dəyəri müəyyənləşdirilməlidir. Hüquqi şəxs olan təsisçi tərəfindən nizamnamə kapitalına qoyulmuş iştirak payı nominal dəyərində digər şəxsə təqdim edildikdə və payı alan şəxs hüquqi şəxsdə bu payın xüsusi çəkisinə uyğun əmlaka sahib olduqda alqı-satqı müqaviləsinin bağlandığı tarixə aktivlərin real dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq hüquqi şəxsin gəlirlərinə aid edilməli və Vergi Məcəlləsinin 105-ci maddəsinə uyğun olaraq vergi hesablanmalıdır. Bu zaman hüquqi şəxsdə pay alan yeni təsisçinin sahib olduğu aktivlərin dəyəri təsisçilərlə hesablaşmalar kimi hüquqi şəxsin balansında əks etdirilməlidir.

Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Xəbərlər