Bankda hesab açılması şəhadətnamə-Dublikat almaq üçün hansı prosedurlar olmalıdır?
"Doğru cavab" rubrikasından
Sual: Bankda hesab açılması üçün şəhadətnamə-Dublikat almaq üçün prosedurlar necədir?
Maral
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 35-ci maddəsinə əsasən dövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra istənilən vaxt, digər vergi ödəyiciləri isə uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində hesab açmaq üçün vergi orqanına ərizə verir. Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə 2 gündən gec olmayaraq şəhadətnamə-dublikat verir. Vergi ödəyicisinə verilən şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri nömrələnir. Bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, bu maddədə müəyyən edilmiş müddətdə verilir. Şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir.
Qeyd edilən ərizə formasının internet vasitəsilə elektron formada göndərilməsi üçün Vergilər Nazirliyinin rəsmi internet saytının “E-Xidmətlər” bölməsində “Bank idarələrində hesabların açılması” adlı elektron xidmət seçilməklə (bu xidmətdən yararlanmaq üçün müvafiq inzibati reqlamentlə tanış olunması zəruridir) İnternet Vergi İdarəsindəki "Onlayn Kargüzarlıq & e-VHF" bölməsinə öz istifadəçi kodu, parolu və şifrəsi vasitəsilə sistemə daxil olmalıdır. Sonra “Yeni müraciət” pəncərəsinə daxil olmaqla açılan pəncərənin “Kimə” siyahısından “Vergilər Nazirliyi”, “Müraciətin növü” siyahısından “Ərizə”, “Sənədin növü” siyahısından “Bankda hesab açılması ərizəsi” seçilərək “Qəbul” düyməsi sıxılmalıdır. Yeni açılan pəncərədə bankın və filialın adları, hesabın və valyutanın növləri seçildikdən sonra “İrəli” düyməsi vasitəsilə məlumatların yoxlanılması üçün “Təsdiqləmə” ekranında məlumatların doğruluğu “Qəbul” düyməsi vasitəsilə təsdiqlənir. Bundan sonra ekrana “Bank idarəsində hesab açılması məqsədilə Şəhadətnamə-dublikatın alınması üçün ərizənin qəbul edilməsi barədə” “Bildiriş” məlumatı çıxır və orda qeyd olunur ki, "Şəhadətnamə-dublikat"-ın alınması üçün müəyyən tarixdən etibarən 10 gün ərzində uçotda olduğunuz vergi orqanına və ya birbaşa seçdiyiniz banka müraciət edəsiniz. “Çap” düyməsi ilə “Bildiriş” məlumatı çap edilir. Ödəyici tərəfindən göndərilən bu elektron ərizə onun “Göndərdiklərim” qovluğuna düşür. O, buradan “Əməliyyat tarixçəsi” vasitəsilə ərizəsinin Vergilər Nazirliyində gedişatını izləyə bilər.
Mənbə: Vergilər Nazirliyi
2 Komment
İbrahim 16 Aprel 2020
Afbankdan bir kağız verdiler Müşderinin hesabi kodu yazılı bir kağız bu kağızı aldıqdan sonra ne etmeli??
rasim 01 İyun 2020
mən şəhadətnamə -dublikatın alınması barədə ərizəni verdikdən sonra 10 gün iş günü olmayıb.Yəni qeyri iş günü-bayram olub. Belə halda növbəti iş günü şəhadətnamə dublikat qüvvıdıdirmi ?
Şərh yazın