İşçinin əməkhaqqını ona bildirmədən azaldılması qanunaziddir?
Sual: - Bankda vəzifəm mühasibdir, ancaq 2 ildir ki, əmrlə bas mühasib vəzifəsini müvəqqəti icra edirəm və indiyədək baş mühasibin vəzifə maaşını alırdım. Lakin yeni göndərilən ştat cədvəlində maaşım 400 manat azaldılıb. Məlumat üçün bildirirəm ki, yaxınlarda attestasiya keçirilib və bu attestasiyada ən yüksək nəticəni mən əldə etmişəm.
Bilmək istərdim ki, mənim maaşımın azaldılması qanunidirmi? Əgər belədirsə, bu, hansı halda mümkündür?
Sultan
Cavab: - Əvvəlcə, gəlin Əmək Məcəlləsinin müvafiq maddələrinə baxaq:
Maddə 54. Əmək şəraitinin təmin edilməsi
1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir:
peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi;
əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi;
Maddədən aydın olur ki, əmək haqqının müəyyənləşdirilməsi və ödənilməsi əmək şəraitinə aiddir.Həmçinin əmək şəraitinin dəyişdirilməsi halları vardır və bu da məcəllənin 56-cı maddəsində əks olunmuşdur.
Maddə 56. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi
1. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.
2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) iləxəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.
Həmçinin, əmək şəraitinin dəyişdirilməsi ilə bağlı əmək müqaviləsinə xitam verilməsi 68-ci maddə ilə tənzimlənir.
Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:
a) tərəflərdən birinin təşəbbüsü;
b) əmək müqaviləsinin müddətinin qurtarması;
c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
Bu maddələri dərindən oxumaqla və analiz etməklə aşağıdakı nəticəyə gəlmək olar: Əməkhaqqı işçinin əmək şəraitinə aid məsələ olduğundan işəgötürən əmək şəraitini dəyişdirə, yəni maaşı azalda bilər. Ancaq bunun üçün 1 ay əvvəlcədən əmr yazılmalı və işçi bununla tanış olnalıdır. İşçi bu halla razılaşmasa, onda işəgötürən onun əmək müqaviləsini ləğv edə bilər. Sizin halda bank rəhbərliyi 1 ay əvvəlcədən sizi yazılı məlumatlandırmalı idi.
0 Komment
Şərh yazın