Yol xərci ödəmələri necə rəsmiləşdirilməlidir?
Sual: - Təşkilatımız Bakı şəhərində regional tədbir keçirib. Tədbirə regionlardan iştirakçılar dəvət olunub. Həmin iştirakçılara yol xərci ödənilməlidir. İştirakçıların bəziləri avtobus bilet təqdim etsələr də, bəziləri heç bir sənəd verməyib. Həmin iştirakçılara ödənilən yol xərci məbləğindən ödəmə mənbəyində vergi tutulmalıdır? Ümumiyyətlə, təşkilat bu cür yol xərci ödənişlərini maddi yardım kimi rəsmiləşdirilə bilərmi? Yoxsa maddi yardım mütləq təşkilatın öz işçilərinə ödənilməlidir? Bu cür yol xərci ödəmələrinin necə rəsmiləşdirilməsini məsləhət görürsünüz? Məsləhət bildiyiniz rəsmiləşdirmə zamanı hansı icbari ödənişlərin tutulması və ilkin sənədlərin tərtib olunması lazımdır?
Əkbər Quluzadə
Cavab: - Sualda toxunduğunuz məsələlər əsasən qeyri-hökumət təşkilatlarının fəaliyyətinə xasdır.
İlk növbədə, maddi yardımla bağlı məsələni aydınlaşdıraq. Maddi yardım ancaq müəssisənin işçilərinə verilmir. Yəni, bununla bağlı qanunvericilikdə məhdudiyyət yox dur. Adından da göründyü kimi maddi yardım, maddi cəhətdən köməyə ehtiyacı olanlara ünvanlanmalıdır. Çox adamın maddi ehtiyacı ola bilər. Amma hər işçiyə, yaxud hər kənar şəxsə maddi yardım verilə bilməz. Maddi yardımı almaq üçün həmin şəxs yardımı ayıran şəxsə sənədlərlə sübut etməlidir ki, onun həqiqətən də buna ehtiyacı var. Bu olmalıdır ki, sonradan yoxlama zamanı vergi orqanları və yaxud digər maraqlı şəxslər maddi yardımın düzgün ayrıldığını qəbul etsinlər.
Qaldı nəqliyyat xərcinin maddi yardım kimi verilməsinə, bu, mümkün deyil. Gələk sualın cavabına
– nəqliyyat xərclərinin rəsmiləşdirilməsi məsələsinə. İlk növbədə, çalışmaq lazımdır ki, iştirakçıların nəqliyyat xərclərini təsdiq edən sənədləri olsun. Vəsait onlara ödəmə cədvəli və ya ayrı-ayrılıqda kassa məxaric orderi vasitəsilə verilməlidir. Belə ödənişlə bağlı heç bir vergi və Dövlət Sosial Müdafiə Fondu orqanına vergi öhdəliyi yaranmır.
İndi də nəqliyyat xərcilə bağlı sənədin təqdim olunmaması variantına nəzər yetirək. Bəli, sənəd olmasa, vergi və DSMF orqanları bunu sizə irad tuta bilər və həmin vətəndaşlara ödənilən vəsaitlərdən 14% gəlir vergisi və 25% məcbur sosial sığorta ödənilməsini tələb edə bilər. Bu məsələdə diqqətli olmaq lazımdır. Aydındır ki, həmin şəxslər vəsaiti gəlir kimi yox, xərc kimi istifadə ediblər. Faktiki bu, belədir. Amma sənəd olmasa, bunu sübut etmək mümkün deyil. Nəqliyyat xərcini sübut edən hər hansı bir sənəd və ya arayışın olması mütləqdir. Əks halda qeyd etdiyim kimi iradların olması gözləniləndir.
0 Komment
Şərh yazın