Əmək müqaviləsinin olmamasına görə cərimələrə yenidən baxış
Bir daha toxunduğunuz məsələyə münasibətimi bildirim. Əvvəlcə, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə baxaq:
58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Həmçinin, İnzibati Xətalar Məcəlləsində də bu haqda yazılanlara nəzər yetirək:
53.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə—
vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.
Hər iki maddədə yazılıb ki, «Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) bağlamadan…». Qaldı müqavilənin bağlanmaması hüquqi baxımından hansı nəticə verəcək, bu sonrakı hadisədir. Yəni, vergi orqanları gəliri göstərməməklə gəlir vergisinin gizlətməsinə görə maliyyə sanksiyası, Əmək Müfəttişliyi isə işçinin hüquqlarının pozulmasına görə cərimə tətbiq edir. Bütün hallarda maliyyə sanksiyasının və cərimənin kökü (əsası) əmək müqaviləsinin bağlanılmamasıdır.
Qanun rəsmi şəkildə qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən fərman imzalanır və həmin fərmanda müvaifq icra hakimiyyəti orqanları müəyyənləşdirilir. Müvafiq fərmanlara əsasən, Vergi Məcəlləsinin 58.10-cu maddəsində nəzərdə tutulan maliyyə sanksiyasını Vergilər Nazirliyi, İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsində əks etdirilmiş cəriməni isə Dövlət Əmək Müfəttişliyi Xidməti tətbiq edir.
0 Komment
Şərh yazın