Hansı hallarda xarici valyutanın məzənnəsinin dəyişməsi işçinin maaşına təsir edə bilər
"Doğru Cavab" Rubrikasından
Sual: - Mən xarici donor vasitəsi ilə maliyyələşən yerli QHT-də əmək müqaviləsi əsasında işləyirəm. İşəgötürən 2012 ci il avqsut ayının 1-dən etibarən mənə rəsmi bildiriş verib ki, Avrozonada avronun məzənnəsi düşdüyü üçün əməkhaqqım azaldılacaq. Azərbaycan Respublikası Əmək Məcəlləsinin əməyin ödənilməsi normalarının tələblərinə və fərdi əmək müqavillərinin bağlanması, dəyişdirilməsi və xitamı şərtləri haqqında tələblərinə əsasən işə götürən yalnız Əmək Qanunvericiliyində göstərilmiş hallarda əməkhaqqılarından tutulmalara yol verə bilər və əmək müqaviləsi tərəflərin razılığı ilə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinin 421.2-ci bəndinin tələbinə əsasən də, tərəflərin birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli məhrum olsun. Hazırda işəgötürən mənimlə bağladığı müqaviləni məhz bu cür, birtərəfli qaydada pozmuşdur. Mənim sualım budur ki, işəgötürənlə xarici donorun arasındakı xarici valyutaya dair məzənnə razılaşması işəgötürənə milli əmək qanunvericliyini pozmağa haqq verə bilərmi? Doğrudanmı, avronun Avropadakı məzənnə sabitsizliyi Azərbaycan Respublikası əmək qanunvericiliyinin normalarının pozulması üçün əsasdır?
Sərdar
Cavab: - Nəzərinizə çatdırım ki, əmək müqaviləsi üzrə bütün münasibətlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir, çınki bu, əmək münasibətləridir.Və Əmək Məcəlləsində sizin qeyd etdiyniz şərtlərin dəyişdirilməsi ilə bağlı maddələr var. Qaldı məsələnin digər hissəsinə, gəlin, Əmək Məcəlləsinin 174-cü maddəsinə nəzər yetirək.
Maddə 174. Əməkhaqqının verilmə yeri, forması və ödənilmə vahidi
1. Əməkhaqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir.
……………………….
4. Əməkhaqqı Azərbaycan Respublikasının pul vahidi — manatla ödənilir.
Maddədən göründüyü kimi, Azərbaycan Respublikasında əməkhaqqı manatla ödənilməlidir. Ödəniş manatla olmalıdır, amma əmək müqaviləsində ödənişin aparılması üçün əsas olan əməkhaqqının hansı valyutada olmasına məhdudiyyət qoyulmayıb. Buradan belə aydın olur ki, əmək müqaviləsini avro, dollar ilə bağlamaq olar. Sadəcə orada qeyd olunmalıdır ki, hesablamalar və ödənişlər həmin günə Mərkəzi Bankın məzənnəsi ilə aparılacaq.
Yox, əgər işəgötürən sizinlə müqaviləni manatla bağlayıb, sonradan dediyiniz məktubu təqdim edirsə, bu, artıq düzgün addım deyil. Ona görə ki, sizin müqavilə avro ilə yox, manatla bağlanılıb, avronun məzənnəsinin dəyişilməsi əmək müqaviləsinin dəyişdirilməsinə və ya ləğv olunmasına əsas verə bilməz.
Bəli, işəgötürən əmək şəraitinin dəyişdirilməsi kimi sizə xəbərdarlıq etməklə müqaviləni ləğv edə bilər, amma bu halda da müavinətlər ödənilməlidir.
0 Komment
Şərh yazın