İşçi bir işdən digərinə keçəndə onun məzuniyyəti Əmək Məcəlləsinin hansı maddəsinə əsasən hesablanmalıdır?
Sual: -Tutaq ki, hər hansı işçi ilə 01.02.12-ci il tarixdə əmək müqaviləsi bağlanmış və orada işçinin 1-ci iş ili üçün (01.02.12-01.02.13) məzuniyyətinin 21 gün təşkil edildiyi qeyd olunmuşdur. 01.06.12-ci il tarixdə işçi ilə yeni əmək müqaviləsi bağlanmış, o həmin müəssisədə rəhbər vəzifəyə keçirilmiş və onun məzuniyyət günlərinin sayının 30 gün olduğu qeyd edilmişdir. 01.11.12-ci il tarixdə işçi 1-ci iş ili üçün məzuniyyət hüququndan istifadə edərkən ona ümumilikdə (4*1.75+8*2.5) 27 məzuniyyət günü hesablanmışdır (“Əmək Münasibətləri: A-dan Z-yə” kitabında göstərdiyiniz misala uyğun olaraq). Bu halda suallarım belədir:
Birincisi, işçinin eyni müəssisədə bir işdən digərinə keçməsi zamanı (yeni əmək müqaviləsi bağlayaraq) məzuniyyət günlərinin qeyd etdiyiniz kimi hesablanması Əmək Məcəlləsinin hansı maddəsi ilə tənzimlənir?
İkincisi, gələcəkdə işçinin 2-ci, 3-cü və s. iş illərinin məzuniyyət dövrü üçün hansı tarix əsas götürülməlidir? 01.02.12-01.02.13, yoxsa 01.06.12-01.06.13?
Xahiş edirəm, cavabınızı Əmək Məcəlləsinin maddələri ilə əsaslandırasınız.
Əvvəlcədən öz təşəkkürümü bildirirəm.
Elşən Həsənov
Cavab: - Sizin qeyd etdiyiniz kimi “Əmək Münasibətləri: A-dan Z-yə” kitabında göstərilən hala müəssislərdə tez-tez rast gəlinir. Gəlin, məsələyə bir az dərindən yanaşaq. Sizin “...Əmək Məcəlləsinin hansı maddəsi ilə tənzimlənir” yanaşmanız düzgün deyil. Niyə? Çünki normativ aktların bir neçə növü var. Məsələn, Azərbaycan Respublikasının Konstitusiyası, məcəllələr, qanunlar, nazirlər kabinetinin qərarları, qeydiyyata alınmış təlimatlar, qaydalar və s.. Bu normativ aktların əksəriyyətin hər hansı bir hesablamanın aparılması haqqında nümunələr verilmir. Belə hesablamalar, nümunələr əsasən təlimatlarda və Nazirlər Kabinetinin qərarlarında əks olunur. Əgər qanunda, məcəllədə hesablamalar barədə ümumi sözlər yazılıbsa və sonradan bunun haqqında alt normativ akt qəbul olunmayıbsa, artıq biz, özümüz (yəni, bu normativ aktlardan yararlananlar) məsələnin qoyuluşunu düzgün dərk edərək, ona məntiqlə yanaşaraq hesablamalar aparmalıyıq.
Əmək Məcəlləsində vəzifələrə uyğun olaraq konkret neçə gün əmək məzuniyyətinin verilməsi barədə yazılıb. Həmçinin, əmək məzuniyyətinin neçə ay nəzərə alınmaqla müəyyənləşdirilməsi qeyd olunub. Məcəllədə yazılıb ki, işçi bir işdən başqa işə keçirilə bilər. Və əlbəttə ki, işçi rəhbər vəzifəyə keçdikdə ona uyğun məzuniyyət hüququ təmin olunmalıdır, əks halda Əmək Məcəlləsinin müddəalarını pozmuş olarıq.
Sizin qeyd etdiyiniz misalda işçi aşağı vəzifədən rəhbər vəzifəyə keçib, ona əvvəl 21 gün, sonradan isə 30 gün məzuniyyət düşür. Artıq burada keçid mərhələsi deyilən bir anlayış yaranır. Əgər Əmək Məcəlləsində bu keçid mərhələsinə aid olan bir maddə və açıqlama olardısa (məsələn, məzuniyyət hesablanan zaman ortalama götürülməsi ilə bağlı), onda biz ona istinad etməklə hesablamalar aparmalıyıq. Ancaq Əmək Məcəlləsində bu haqda heç bir maddə yoxdur. Mən hesab edirəm ki, olmaması düzgündür. Dəfələrlə qeyd etdiyim kimi işçi işlədiyi işə, aldığı əməkhaqqına görə məzuniyyətdən istifadə etməlidir. Sadə şəkildə desək, aşağı işdə işləyəndə az məzuniyyət günləri və az əməkhaqqı, yüksək vəzifədə (yüksək əməkhaqqılı) işləyəndə çox məzuniyyət günləri və çox əməkhaqqı almalıdır. Odur ki, işçiyə misalda deyilidiyi kimi 01.06.2012-ci ilə kimi aşağı vəzifədə işlədiyinə görə Əmək Məcəlləsinin 114-cü maddəsinə görə, 21 günə və sonradan rəhbər vəzifədə olduğuna görə ona 30 günə uyğun məzniyyət hesablanılmalıdır.
Sualın ikinci hissəsinə gələk. Atıq 2-ci və 3-cü illərdə işçi tam rəhbər vəzifədə çalışdığından ona 30 gün nəzərə alınmaqla məzuniyyət verilməlidir.
0 Komment
Şərh yazın