Əmək müqaviləsi bağlanarkən hansı şərtlər mütləq gözlənilməlidir?

Əmək müqaviləsi bağlanarkən hansı şərtlər mütləq gözlənilməlidir?

Sual: İşçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsinin məzmunu və quruluşu necə olmalıdır?
Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43-cü maddəsinə əsasən Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə işçinin və işəgötürənin razılığı ilə müəyyən edilir. Müqavilədə mütləq işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verildiyi tarix, şəxsiyyət vəsiqəsini verən orqanın adı qeyd olunmalıdır. İşəgötürən hüquqi şəxs olduqda onun adının və hüquqi ünvanının, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə onun adı, soyadı, atasının adı, ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verildiyi tarixi, şəxsiyyət vəsiqəsini verən orqanın adı əmək müqaviləsində göstərilməlidir. Müqavilədə həmçinin işçinin iş yeri, vəzifəsi (peşəsi), əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün, əmək müqavilənin müddəti, işçinin əmək funksiyası, işçinin əmək şəraitinin şərtləri - iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması qeyd edilməlidir. Əmək müqaviləsində tərəflərin bu müqavilə ilə qarşılıqlı öhdəlikləri, işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması, tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar öz əksini tapmalıdır.
Qeyd edək ki, əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək Əmək Məcəlləsi ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Eyni zamanda, Əmək Məcəlləsində başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər