Müəssisə fəaliyyətini dayandıranda direktorun işdən çıxarılması mexanizmi necə olmalıdır?
Doğru cavab rubrikasından
Sual: Müəssisə öz fəaliyyətini dayandıranda işçilərlə bağlı əmrlər hansı formada olmalıdır və burada hansı öhdəliklər (işçilərə son haqq-hesabın verilməsi və sair) nəzərdə tutulmalıdır. Tutaq ki, işçilər öz xahişləri ilə ərizə yazıb işdən çıxa bilərlər, mənə maraqlıdır ki, bu halda direktorla bağlı məsələ necə tənzimlənməlidir?
Taleh Bədəlov
Cavab: Sualdan belə aydın olur ki, sizin müəssisə ləğv olunmur, sadəcə fəaliyyətini dayandırır. Müəssisənin ləğv olunması və fəaliyyətini dayandırılması hüquqi baxımından fərqli anlayışlardır. Fəaliyyətini dayandırmış müəssisə nə vaxtsa yenidən fəaliyyətini bərpa edə bilər, amma ləğv olunmuş müəssisə artıq dövlət qeydiyyatından çıxır.
Müəssisə fəaliyyətini dayandıranda işçilər məcburi formada işdən çıxartmalısınız, yəni işçilərin sayını azaltmalısınız və bu zamanı Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən təminatlar verməlisiniz.
Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları
1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçilərə:
§ orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti;
§ işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir.
Qed etdiyiniz kimi işçilər öz xahişləri ilə də ərizə yazmaqla işdən çıxa bilərlər. Direktor da digər işçilər kimi təsisçilərin təyin etdiyi bir vəzifə sahibidir, o da işçidir. Bu zaman artıq işəgötürən kimi direktorun özü yox, təsisçilər çıxış edirlər, onlar qərarla, əmrlə direktoru işdən çıxarırlar və ona da digər işçilər kimi təminatlar ödənilir. Belə əmrlərin formaları «Əmək münasibətləri A-dan Z-yə» kitabında olduğundan təkrarçılıq etmək istəmirəm.
0 Komment
Şərh yazın