Təşkilatın müflis olduğunu elan etmək üçün hansı prosedur qaydaları həyata keçirmək lazımdır?

Təşkilatın müflis olduğunu elan etmək üçün hansı prosedur qaydaları həyata keçirmək lazımdır?

Qanunvericilik hansı halda təşkilatın borcunu silə bilər?

Sual.  Təşkilatımız xarici və daxili borcları nəticəsində müflisləşməyə doğru gedir.  Təşkilatın  müflis  olduğunu elan etmək üçün hansı prosedur qaydaları həyata keçirmək lazımdır? Qanunvericilik hansı halda təşkilatın borcunun silinməsini mümkün sayır? Ümumiyyətlə, təşkilatın vergi borcu silinə bilərmi?

Cavab.   Hər hansı kreditor borcunun silinməsi ilk növbədə, kreditor ilə təşkilat arasında olan münsibətdən asılıdır. Təşkilatın ödəniş qabiliyyəti olmayanda kreditor ona hər hansı güzəştlər edə bilər. Digər hallar üçün isə Mülki Məcəllədə «iddia müddəti» anlayışı nəzərdə tutulub. İddia müddətinin axını bitdikdən sonra təşkilatın kreditor qarşısındakı öhdəliyi ləğv oluna bilər. Belə iddia müddətləri əsasən 3 müddətində müəyyənləşdirilir. Tutaq ki, müəssisənin 01.02.2006-cı ildə hansısa təşkilata mala görə borcu var. Borc 31.12.2006-cı ilə qədər ödənilməlidir. Ancaq göstərilən tarixə kimi həmin borc ödənilməyib. Artıq 01.01.2007-ci il tarixdən iddia müddəti başlayır. Əgər həmin vaxtdan 3 il keçənə kimi borcun ödənilməsi ilə bağlı tərəflər bir-birilə yazışma apramayıbsa, məlumatlandırma olmayıbsa, tələb, məhkəmə iddiası irəli sürülməyibsə, onda artıq 01.01.2010-cu il tarixindən sonra təşkilat bu borcu silə bilər. Amma bir şərtlə, mənfəətində əks etdirməklə. Yox, əgər 30.12.2009-cu il tarixində kreditordan həmin borcun ödənilməsi ilə bağlı hər hansı bir sənəd daxil olarsa, onda artıq iddia müddətinin axını yenidən başlayır və bu tarixdən 3 il hesablanır.
Sualın müflisləşmə hissəsinə gəlincə, bu «Müflisləşmə və iflas haqqında» 13 iyun 1997-ci il tarixli, 326-IQ №-li qanunla tənzimlənir. Qeyd etdiyiniz vergi borclarının silinməsi isə Vergi Məcəlləsi ilə tənzimlənir. Məcəllənin «Vergi öhdəliyi» adlanan 77-ci maddəsində yazılıb:

77. 4.  Vergi öhdəliyinə aşağıdakı hallarda xitam verilmiş hesab olunur:
77. 4. 1.  verginin ödənilməsi;
77. 4. 2.  verginin ödənilməsi öhdəliyinin xitam verilməsi vergilər haqqında qanunvericiliyə müvafiq olaraq ortaya çıxan hallarda;
77. 4. 3.  vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə.  Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir;
77. 4. 4.  bu Məcəlləyə müvafiq olaraq ləğvetmə komissiyası tərəfindən büdcə ilə bütün hesablaşmalar aparıldıqdan sonra vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə;
77. 4. 5. 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müflis olması nəticəsində ləğv edilmiş borclu vergi ödəyicisinin məhkəmənin qərarı ilə ödənilməsindən imtina edilmiş tələblər ləğv edilmiş sayıldıqda.  

Maddədən aydın olur ki, müflisləşmə məhkəmə tərəfindən qəbul olunmalıdır və yalnız bundan sonra digər mərhələlər başlayır. Nəzərinizə çatdırım ki, «Müflisləşmə və iflas haqqında» qanun çox geniş, ordakı prosedurlar uzundur. Buna görə də həmin qanunun sadəcə, bir maddəsini diqqətinizə çatdırmaq istərdim:

Maddə 60.  İflas prosesinə xitam verilməsinin əsasları
1.  Məhkəmə borclu barəsində iflas prosesinə aşağıdakı hallarda xitam verir:
a) əmlak inzibatçısının son hesabatı məhkəməyə təqdim edildikdə və əmlak inzibatçısını dinlədikdən sonra məhkəmə heç bir edilməli hərəkətin qalmadığına əmin olduqda;
b) bütün kreditorların tələbləri tamamilə ödənildikdə;
c) əmlak inzibatçısı kreditorlar ilə güzəştli sazişin tamamilə yerinə yetirildiyi və ya sağlamlaşdırmanın başa çatdırıldığı barədə məhkəməyə bildiriş göndərdikdə;
ç) məhkəmənin buna müvafiq saydığı başqa hallarda.
2.  Borclunun iflasına xitam verilərkən aşağıdakılar baş verə bilər:
a) iflasa bu maddənin 1-ci bəndinin «b» və ya «c» yarımbəndinə müvafiq surətdə xitam verilmişdirsə, əmlak inzibatçısının səlahiyyətləri qüvvədən düşür və borclunun (müdirin) idarə etmə funksiyaları özünə qaytarılır;
b) iflasa başqa əsaslar üzrə xitam verilmişdirsə, onda borclu qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş qaydada ləğv olunur (buraxılır, lisenziyası alınır və s. ).
3.  İflasa aid bütün həll edilməmiş məsələlər məhkəmənin sonuncu qərarında tənzimlənməlidir.
4.  Fərdi borclunun iflasına xitam verildikdən sonra iflasa qədər mövcud olmuş bütün borclar, yetkinlik yaşına çatmamış uşaqların saxlanması üçün alimentlər və xərclik istisna olmaqla, tamamilə ödənilmiş sayılır.
5.  Borclu müəssisə ləğv edildikdə məhkəmənin müvafiq qərarı onu qeydə almış orqana, fərdi borcluya aid halda isə onu qeydə almış və ya müvafiq lisenziya vermiş orqana göndərilir.
6.  Borclunun bu maddənin 2-ci bəndinin «b» yarımbəndinə müvafiq surətdə buraxılmasına dair qeyd müvafiq dövlət reyesterinə daxil edilməlidir.

Qısaca onu deyə bilərəm ki, hər şey məhkəmənin çıxaracağı qərardan asılıdır. Məhkəmə təşkilatın iflas olması və onun hər hansı bir kreditor borcunu ödəyə bilməməsi barədə qərar çıxara bilər. Amma bütün hallarda vergi borclarını ödəməkdən yayınmaq mümkün deyil.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər