BƏLƏDİYYƏDƏ ƏMƏK MÜNASİBƏTLƏRİ HANSI QANUNVERİCİLİKLƏ TƏNZİMLƏNİR?
Sual: - Bələdiyyədə mühasib işləyirəm. Seçkidən sonra sədr və üzvlər dəyişib. Yeni işçilərlə əmək müqaviləsi müddətli (seçkinin dövrünün sonuna kimi), yoxsa müddətsiz bağlanılmalıdır? Seçilən bələdiyyə üzvlərinə istifadə olunmamış məzuniyyətə görə kompensasiya və müavinət verilməlidir? Ümumiyyətlə, bələdiyyə üzvlərinə Əmək Məcəlləsi şamil olunurmu?
Famil Qurbanov
Cavab: - İlk növbədə Əmək Məcəlləsinin 6-cı maddəsinə nəzər yetirək.
Maddə 6. Bu Məcəllənin şamil edilmədiyi şəxslər
Aşağıdakı şəxslərə bu Məcəllə şamil edilmir:
a) hərbi qulluqçulara;
b) məhkəmə hakimlərinə;
c) Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə;
Konkret maddədən də aydın olur ki, bələdiyyə üzvlərinə (seçilmiş şəxslərə) Əmək Məcəlləsi şamil olunmur. Amma, bələdiyyədə bələdiyyə qulluqçuları da çalışır. Bu münasibətlər «Bələdiyyə qulluğu haqqında»Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Bələdiyyə qulluqçusu — yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən şəxs hesab edilir.
Bələdiyyə üzvləri və bələdiyyələrin fəaliyyətinin təmin olunması ilə birbaşa bağlı olmayan vəzifələri yerinə yetirən şəxslər bələdiyyə qulluqçusu hesab edilmirlər.
Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz.
Burada artıq bələdiyyə qulluqçusu bələdiyyə üzvündən fərqləndirilir. Ona görə də Əmək Məcəlləsinin bütün maddələri bələdiyyə qulluqçularına şamil olunur.
Bələdiyyə üzvlərinin əmək münasibətləri və onlara ödənilən kompensasiyalar «Bələdiyyə üzvünün statusu haqqında» Azərbaycan Respublikasının Qanunu və «Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
VIII. Bələdiyyə üzvlərinin statusu və sosial təminatları
Bələdiyyə üzvləri öz səlahiyyətlərini daimi əsasla icra edə bilərlər.
Öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvlərinə
əmək haqqı bələdiyyə büdcəsinin vəsaiti hesabına ödənilir;
§ səlahiyyət müddəti onun ümumi və fasiləsiz iş stajına daxil edilir.
Bələdiyyə üzvünə müalicə olunması və istirahət etməsi üçün bələdiyyə büdcəsi hesabına iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir.
Bələdiyyə üzvləri səlahiyyət müddəti qurtardıqdan sonra yeni müddətə seçilmədikdə bələdiyyə büdcəsinin vəsaiti hesabına üç ay ərzində müavinət alırlar.
Bələdiyyə üzvlərinin əmək münasibətləri və sosial təminatları haqqında qanunvericilikdə ancaq bu qədər məlumat verilir. Qanunvercilikdə bir az boşluğun olması danılmazdır. Əgər bələdiyyə üzvü bələdiyyədə daimi əsaslarla işləyib, əmək haqqı alırsa, əlbəttə ki, onun məzuniyyət hüququ var və məzuniyyətdən istifadə edə bilər. Sonradan həmin bələdiyyə üzvü yenidən seçilməsə, ona istifadə olunmamış məzuniyyətə görə kompensasiya verilməlidir.
Gələk bələdiyyənin baş mühasibinə. Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən, bu tipli işçilər işə qəbul olunan zaman onlarla əmək müqaviləsi müddətsiz bağlanılmalıdır. Bələdiyyə üzvləri dəyişilə bilər, bələdiyyə ki, yerində qalır. Ona görə də belə vəzifəli şəxslərdə əmək müqaviləsinin müddətli bağlanılmasına əsas yoxdur.
Bu yerdə haqlı olaraq deyə bilərsiniz ki, axı, Əmək Məcəlləsinin 63-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi dəyişdikdə, o, baş mühasib və bu kimi rəhbər işçilərin əmək müqaviləsini ləğv edə bilər. Bəzi bələdiyyələrin yeni sədrləri bu maddəni əsas götürərək, müqavilələri ləğv edirlər. Amma bu düzgün deyil. Çünki bələdiyyənin mülkiyyətçisi yoxdur. Yəni, bələdiyyə seçkili orqandır, onun üzvləri bələdiyyənin mülkiyyətçiləri deyillər.
0 Komment
Şərh yazın