Mənfəət hesabına müalicə haqqı ödənilərsə gəlir vergisi tutulmalıdır?
Sual: Təşkilatımız vergilər çıxıldıqdan sonra qalan mənfəət hesabına işçilərə Yeni il şənliyi təşkil etmək niyyətindədir, həmçinin, 2 işçisinin səhiyyə problemini həll etmək üçün klinlikaya ödəniş edəcək. Bilmək istərdim ki, gələcəkdə yoxlamalar zamanı bunu bizə irad tuta bilərlər? Ümümmiyyətlə, mənfəətin istifadəsinin təyinatı ilə bağlı təşkilatın rəhbərliyi sərbəst qərar verə bilər, yoxsa xərcləmələrin gəlirlə bağlı hər hansı əlaqəsi olmalıdır?
Rəşid
Cavab: Bəli, hər təsərrüfat subyektinin gəliri olur və bu gəlirin əldə olunması ilə bağlı onun xərcləri formalaşır. Vergi Məcəlləsində də yazılıb ki, gəlirdən çıxılan xərclər, gəlirin əldə olunması ilə bağlı xərclərdir. Siz gəlirin əldə olunması ilə bağlı olmayan xərci gəlirdən çıxmırsınızsa, vergi orqanları yoxlama zamanı heç bir problem yarada bilməz. Bu halda təşkilat rəhbərliyi, təsisçilər sərəncamda qalan mənfəətin istifadəsində sərbəstdir. Yəni, təsisçilər istəklərinə uyğun olaraq xalis mənfəətlərini divident kimi götürə və ya sosial, mədəni, əyləncə tədbirlərinin həyata keçirilməsinə yönəldə bilərlər.
Amma burada bir məsələyə mütləq diqqət yetirilməlidir. Sərəncamda qalan mənfəətin təyinata uyğun xərclənilməsi zamanı mənfəət vergisindən başqa digər vergilər yaranırmı? Ola bilər ki, işçiyə sərəncamda qalan mənfəət hesabına hər hansı bir gəlir vermisiniz. Bu zaman həmin gəlirdən gəlir vergisinin tutulub-tutulmadığı aydınlaşdırılmalıdır. Həmçinin, bu məsələ DSMF hesablamalarında da nəzərə alınmalıdır.
Qaldı sualınızdakı Yeni il şənliyinin keçirilməsi məsələsinə, bəli, burada xalis mənfəətdən əyləncə məqsədləri üçün istifadə edirsiniz və heç bir əlavə vergi tutulma obyekti formalaşmır. Sualınızın ikinci hissəsindəki məsələ isə Vergi Məcəlləsinin 102-ci maddəsi ilə tənzimlənir. Belə ki təşkilat faktiki həmin işçilərə müalicə haqlarını ödəmək üçün maddi yardım verir.
102.1.3. təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar:
102.1.3.1. hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2000 manatadək olan hissəsi, mirasların dəyərinin 20000 manatadək olan hissəsi;
Təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun.
Maddədən də görünür ki, hər işçi üçün ödəyəcəyiniz müalicə haqları 1000 manatadək olduqda vergiyə cəlb olunmur, amma bu məbləğdən yuxarı olduqda ondan gəlir vergisi tutulur.
0 Komment
Şərh yazın