Pis işçini işdən çıxmasını necə rəsmiləşdirmək lazımdır ki, məhkəmədə uduzmayasan
Bəzən təcrübədə sadə bir əmək funksiyasının və yaxud daxili nizam-intizam qaydalarının pozulmasına görə direktorun işçini işdən azad etməsi halı ilə rastlaşıram. Belə hallarda işçi məhkəməyə, Dövlət Əmək Müfəttişliyinə müraciət etməklə işinə bərpa olunur, hətta işəgötürən cərimələnir də. Ona görə də işəgötürənlərə məsləhət görərdim ki, işçiləri aşağıdakı qaydada tənbeh etsinlər. Bu, praktiki baxımdan daha məqsədəuyğundur.
Xəta tərədən işçiyə,
1. İlk növbədə xəbərdarlıq edilsin.
2. Bir nəticə çıxarmazsa, töhmət verilsin.
3. Bu hal təkrarlanarsa, sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət elan olunsun.
4. Bu prosedurlardan sonra işçi yenidən xəta işlədərsə, onu işdən azad etmək olar.
Bir məqamı da nəzərinizə çatdırım ki, töhmət və yaxud şiddətli töhmətdən sonra işçi 6 ay ərzində hər hansı bir xəta törətməzsə,
həmin intizam tədbiri qüvvəsini itirir.
Unutmayın ki, işçini töhmətlərin sayının çoxluğuna görə işdən azad etmək olmaz. İşçi ancaq sonuncu xəbərdarlıq olunmaqla
verilən şiddətli töhmətdən sonra işdən azad edilə bilər. Tutaq ki, işçiyə 2 il ərzində 4-5 dəfə töhmət verilsə də, işəgötürən onu işdən azad etməyib. Amma işçiyə sonuncu xəbərdarlıq olunmaqla şiddətli töhmət verilsə və bu töhmətdən sonra 6 ay ərzində işçi yenidən hər hansı bir xəta törətsə, işəgötürən onu işdən azad edə bilər. Bu halda yenə də hər şey işəgötürənin istəyindən asılıdır. Yəni, istəsə, işçini işdən azad etməyə də bilər.
0 Komment
Şərh yazın