Tikinti mühasibatlığının vergi uçotunun izahı

Tikinti mühasibatlığının vergi uçotunun izahı

Sual: Məni tikinti sahəsində mühasibatlıq maraqlandırır. Əgər mümkündürsə, bu haqda qısa da olsa, məlumat verərdiniz. Vergilər necə hesablanır, digər kommersiya təşkilatlarından fərqləri nədir? Öncədən dərin təşəkkürlər.
Faka Tağıyeva
Cavab: Tikinti üzrə vergi uçotu əsasən Vergi Məcəlləsinin 159, 218, 219, 220 və 221-ci maddələri ilə tənzimlənir. İstərdim ki, həmin maddələrdən mənzil tikintisi  fəaliyyətinə aid olan hissələri nəzərinizə çatdırım.
159.9. Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə bu Məcəllənin 219.1.2-ci maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır.
218.1.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər:
218.1.1.2. mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (mülkiyyətində və ya icarəsində olan, habelə məqsədli şəkildə ayrılan ərazidə (torpaq sahəsində) özünəməxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və yaxud müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər).
219.1.2. Mənzil tikintisi fəaliyyətini həyata keçirən şəxslər üçün zirzəmilər, mərtəbələr və çardaqlar daxil olmaqla, tikilən binanın ümumi sahəsi (dövlətə ayrılan hissə, dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət zəmanəti və dövlətə ayrılan yardımlar hesabına tikilən yaşayış sahəsi, başqa tikintilərlə təmasda olmayan ayrıca tikilən fərdi və ya şəxsi yaşayış və ya bağ evlərinin, yaxud tikililərinin sahəsi istisna olmaqla) vergitutma obyektidir.
220.8. Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1.2-ci maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 10 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır.
221.5. Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikintinin təməl işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər.
Bu Məcəllənin 218.1.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, mənzil tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (mənzil tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün bu Məcəllənin 220.8-ci maddəsinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər.
Bu maddədə nəzərdə tutulmuş bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi bərabər hissələrlə 12,5 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir.
221.6. Bu Məcəllənin 218.1.1-ci maddəsində göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir.
219.2.1. bu Məcəllənin 218.1.1.2-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergini ödəyən hüquqi şəxslər mənfəət vergisinin və əmlak vergisinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər bu fəaliyyət üzrə gəlir vergisinin ödəyicisi deyildirlər.
İndi isə gəlin, konkretləşdirək. Tikinti ilə məşğul olan hüquqi şəxslər sadələşdirilmiş verginin və ƏDV-nin ödəyiciləridir. Tikinti ilə məşğul olan şirkətlər mənfəət və əmlak vergisinin ödəyicisi deyil. Bu fəaliyyət üçün Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 62 saylı qərarı var və həmin qərarda zonalar müəyyənləşdirilib. Tikinti şirkəti tikintiyə başladığı rübdən sonrakı ayın 20-ə kimi xüsusi formalı sadələşdirilmiş vergi hesabatını təqdim edir və həmin hesabatda zonalar üzrə olan əmsalı vurur ümumi tikintinin layihə üzrə kvadratına və 10 manata. Sonradan həmin məbləğ bölünür 8-ə və hər rübdə ümumi məbləğin 1/8 büdcəyə ödənilir.
Bundan əlavə, tikinti başa çatdıqdan sonra binanın sahibi olan şirkət mənzilləri istənilən məbləğə sata bilər, amma hesablamalar 159-cu maddədə olan məbləğ üzrə aparılacaq. Hesablanılmış məbləğ satılan məbləğdən çox olarsa, ƏDV satılan məbləğdən, yox az olarsa, onda hesablanılmış məbləğdən ödənilməlidir.
Yəni zonalar üzrə olan əmsal vurulacaq 225 manata və satılan kvatdrata. Yaranan rəqəmdən 18% ƏDV hesablanacaq. Qeyd etdiyim kimi bu hesablanılmış məbləğ satılan məbləğin ƏDV-sindən az olarsa, onda satılan məbləğin ƏDV-si əsas kimi götürülür.


0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər