Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında bildirib ki, 8 saatlıq iş rejiminə riayət edilməsi üçün yaradılan monitorinq qrupu iki səpkidə işləyəcək: "İlkin olaraq işlər bu sahədə olan şikayətlərin, müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, işə götürənlərin məlumatlandırılması, müvafiq xəbərdarlıq edilməsi istiqamətində olacaq. İkinci mərhələdə iş yerlərində müvafiq səyyar yoxlamalar mərhələsi olacaq. Hazırda təklifləri hazırlayırıq. Təkliflər hökumətə veriləcək və müvafiq qərardan sonra təmin ediləcək. Araşdırma və monitorinqin biznes mühitinə mənfi təsir göstərməməsinə çalışırıq.
Ona görə də ilk mərhələdə xəbərdarlığın edilməsi, işçiyə və işəgötürənə hüquq və vəzifələrinin izah edilməsi olacaq. Xəbərdarlıqdan sonra işəgötürən tələblərə riayət etməsə, müvafiq inzibati cərimə mexanizmi tətbiq ediləcək. Şikayətlərin dinamikasına uyğun olaraq hansısa sektorlar üzrə monitorinqlərdə daha çox fokuslaşma ola bilər".
Xatırladaq ki, Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Dövlətimizin başçısı konfransda giriş nitqində işçilərin artıq iş saatlarına cəlb olunmasından da danışıb: " Sahibkarlar fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər. Çünki mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq. İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz."
0 Komment
Şərh yazın