ƏDV ilə bağlı maliyyə sanksiyası üzrə vergi ödəyicisinin xeyrinə hansı dəyişiklik edildi? (5 Misalla izah)
Satışına START verilən "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023" kitabından seçmə
1 yanvar 2023-cü il tarixədək qüvvədə olan Vergi Məcəlləsinin 58.6-ci maddəsinə əsasən, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilirdi.
Maddədən göründüyü kimi, vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündə ƏDV məbləği də ödənilməli idi. Əks halda vergi orqanı tərəfindən vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilirdi. Maddəni misalla izah edək.
Misal. Vergi ödəyicisi 22 noyabr 2022-ci il tarixdə ona təqdim edilən mallara görə 23 600 manat vəsaiti qarşı tərəfə ödəməlidir. Malın dəyəri 20 000 manat, ƏDV-si isə 3600 manatdır (20 000 manat x 18 faiz). Əgər vergi ödəyicisi malların dəyərini - 20 000 manatı 23 noyabr tarixində, ƏDV-ni - 3600 manatı isə 24 noyabr tarixində ödəyərdisə, bu halda vergi ödəyicisinə gec ödənilən ƏDV məbləğinə görə 1800 manat (3600 x 50 faiz) məbləğində maliyyə sanksiyası hesablanırdı.
Eyni gündə həm malların (iş və xidmətlərin) dəyərinin, həm də ƏDV-nin ödənilməsi məcburiyyəti (tələbi) vergi ödəyicisini psixoloji təzyiqdə saxlayırdı. Bəzən isə mühasib həmkarlarımız texniki problem və ya unutqanlıq səbəbindən ödənişi eyni gündə həyata keçirmədiklərindən maliyyə sanksiyası ilə üzləşirdilər.
1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsində edilən dəyişikliyə əsasən, vergi ödəyicisinə 1 iş günü müddəti tanınır. Belə ki, Vergi Məcəlləsinin 58.6-ci maddəsinə əsasən, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.
Misal 1. Vergi ödəyicisi 12 yanvar 2023-cü il tarixdə ona təqdim edilən mallara 10 000 manat (ƏDV-siz) məbləği ödəyib. Vergi ödəyicisi həmin məbləğə hesablanan 1 800 manatlıq ƏDV-ni 13 yanvar 2023-cü il tarixdə, yəni bir gün sonra ödədiyi halda vergi orqanı tərəfindən maliyyə sanksiyası hesablanmayacaq.
Misal 2. Vergi ödəyicisi 13 yanvar 2023-cü ildə təqdim edilən xidmətə görə 500 manat ödəniş həyata keçirsə də, ƏDV üzrə 90 manatı isə 16 yanvar 2023-cü il tarixdə həyata keçirib. Müddət 3 gün olmasına baxmayaraq, vergi ödəyicisinə ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilməyəcək. Çünki Vergi Məcəlləsinin 58.6-cı maddəsində “iş günü” ifadəsindən istifadə edildiyi üçün, 14 və 15 noyabr 2022-ci il tarixləri müvafiq olaraq şənbə və bazar günlərinə təsadüf etdiyi üçün ödənişin 16 yanvar 2023-cü il tarixdə həyata keçirilməsi maliyyə sanksiyasına səbəb olmur.
Misal 3. Vergi ödəyicisi 10 yanvar 2023-cü il tarixdə təqdim olunan 2 000 manat (ƏDV-siz) məbləğində malların 360 manat ƏDV-sini həyata keçirib. Malların dəyəri isə 15 yanvar 2023-cü il tarixdə ödənilib. Bu halda da vergi orqanı tərəfindən maliyyə sanksiyası tətbiq edilməyəcək. Cünki Vergi Məcəlləsinin 58.6-cı maddəsi malların dəyərinin deyil, ƏDV məbləğinin 1 iş gündən çox olan müddətdə ödənilməsinə görə tətbiq edilir.
Misal 4. Vergi ödəyicisi 11 yanvar 2023-cü il tarixdə təqdim edilən malların dəyərini – 4000 manat (ƏDV-siz) qarşı tərəfə ödəyib. Amma həmin mallara görə hesablanan 720 manat ƏDV ödənişini 15 yanvar 2023-cü il tarixdə həyata keçirib. Bu zaman vergi orqanı tərəfindən ƏDV məbləğinin 1 iş günündən gec ödənilməsinə görə vergi ödəyicisinə 360 manat (720 manat x 50 faiz) məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.
Satışda olan YENİ nəşrlərimiz:
1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023
2. Əmək Qanunvericiliyi Toplusu 2023
3. ƏMAS platforması A-dan - Z-yə
4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr)
5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr)
6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları
7. Mühasibat uçotu
0 Komment
Şərh yazın