Altay Cəfərovun təqdimatında: Müharibə iştirakçılarının əmək məzuniyyətlərinin tənzimlənməsi
2020-ci ildə 44 günlük müharibədə iştirak edərək geri dönən işçilərin məzuniyyətləri ilə bağlı müəyyən suallar meydana çıxır. Sərbəst auditor Altay Cəfərov “vergiler.az” vasitəsilə həmin suallara aydınlıq gətirib.
Əmək Məcəlləsinin 120-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.
Məcəllənin tələblərinə görə, sadə halda əmək məzuniyyətinin minimum müddəti 21 gün və 30 gün müəyyənləşdirilib. Ancaq 120-ci maddədə olan işçilər üçün isə həmin müddət ən azı 46 gün təyin edilib. Müharibə iştirakçılarının məzuniyyət hüququ ilə bağlı aşağıdakıları diqqətdə saxlamaq vacibdir:
- Deməli birinci Qarabağ və ikinci Qarabağ mühaibəsi iştirakçıları Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütöblüyü uğrunda vuruşmuş və müharibədə iştirak etmiş şəxslər sayılır.
- Qazilər xəsarət (yaralanma, travma, kontuziya) alan işçilər sayıldığından onlara əmək məzuniyyəti 46 gün verilməlidir. Əlbəttə ki, müvafiq orqan tərəfindən onların xəsarəti (yaralanma, travma, kontuziya) təsdiqlənməlidir.
- Milli Qəhrəmanlara və Vətən Müharibəsi Qəhrəmanlarına da 46 gün məzuniyyət verilməlidir.
- Həmçinin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə 46 təqvim günü əmək məzuniyyəti verilməlidir.
Bəs digər dövlət təltifləri dedikdə nə başa düşülür?
Azərbaycan Respublikasının dövlət təltiflərinə Azərbaycan Respublikasının dövlət təltifi kimi təsdiq edilmiş orden və medallar, Azərbaycan Respublikasının fəxri adları və bir sıra fərqli mükafatlar daxildir. Orden və medalların “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” 10 noyabr 1992-ci il №370 AR qanunu ilə tənzimlənir. Həmin qanuna görə, Vətən Müharibəsi iştirakçılarına bir çox orden və medallar təqdim edilib. Məsələn, “Şuşanın azad edilməsinə görə” medalı və bu qəbildən olan digər medallar.
Göründüyü kimi, qeyd olunan qanunla təsdiq edilmiş orden və medallar dövlət təltifləri sayıldığından bu orden və medallara layiq görülmüş işçilər də 46 gün əmək məzuniyyətindən istifadə edəcəklər.
Misal: “AA” MMC-nin istehsalat sahəsində çalışan fəhlələrin bir neçəsi Qarabağ müharibələrində iştirak etməyib. İki nəfər fəhlə isə birinci Qarabağ mühasibəsində iştirak edib və ona heç bir orden, medal (dövlət təltifi) edilməyib. Daha iki fəhlə ikinci Qarabağ savaşında olub və hər ikisinə torpaqların azad edilməsinə görə bir neçə medal verilib. Eyni zamanda bir fəhlə də 44 günlük müharibənin iştirakçısı olub və o heç bir dövlət təltifi almayıb. Bu işçilərin əmək məzuniyyətinin müddətləri necə müəyyən olunacaq?
Birinci halda bir neçə fəhləyə 21 gün əmək məzuniyyəti veriləcəkdir. Çünki onlar müharibədə iştirak etməyiblər. Növbəti 2 nəfər fəhləyə də əmək məzuniyyəti 21 gün veriləcək. Belə ki, onların birinci Qarabağ mühasibəsində iştirak etmələrinə baxmayaraq, heç bir dövlət təltifi almayıblar. Sonrakı iki nəfər fəhləyə isə 46 gün əmək məzuniyyəti təmin ediləcək. Çünki onlar həm müharibədə olublar, həm də dövlət təltifi kimi medallar alıblar. Sonuncu 1 nəfər fəhləyə də 21 gün məzuniyyət verilcək. Yəni, 44 günlük müharibə olmasına baxmayaraq dövlət təltifləri olmayıb.
Satışda olan YENİ nəşrlərimiz:
1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu
2. Əmək Qanunvericiliyi Toplusu
3. ƏMAS platforması A-dan - Z-yə
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və [email protected]
0 Komment
Şərh yazın