Təhməz Qaçayevin təqdimatında: İkiqat vergitutmanın praktiki misalla izahı

Təhməz Qaçayevin təqdimatında: İkiqat vergitutmanın praktiki misalla izahı

İkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərə əsaslanan dövlətlərin rezidentlərinin Azərbaycan mənbəyindən verginin hansı formada tutulması ilə bağlı “vergiler.az”ın sualına Bakı Karyera Mərkəzinin direktoru, vergi qanunvericiliyi eksperti Təhməz Qaçayev aydınlıq gətirib.

Tutaq ki, “Lawvenger” Böyük Britaniyada yerləşən beynəlxalq hüquq şirkətidir. Onun Azərbaycanda ofisi və müştəriləri vardır. Bu müştərilərdən biri də “AA” MMC-dir. MMC xarici tərəfdaşları ilə Britaniya hüququ ilə tənzimlənən müqavilə münasibətlərinə daxil olduğu üçün tez-tez şirkətin hüquqi xidmətlərindən istifadə edir. Bu şirkətlərə xidmət, əsasən, “Lawvenger”in Liverpul ofisində yerləşən hüquqşünasları tərəfindən Azərbaycana səfər etmədən göstərilir. Lakin bəzən şirkətin hüquqşünaslarının Azərbaycanda MMC-ləri təmsil etmək üçün danışıqlarda iştirak etmələri tələb olunur və onların buraya səfər etmələrinə zərurət yaranır. Ötən 2021-ci il ərzində şirkətin əməkdaşlarından ikisi yanvarın 1-dən fevralın 29-dək, mayın 1-dən mayın 31-dək və sentyabrın 1-dən sentyabrın 30-dək, biri isə oktyabrın 1-dən dekabrın 31-dək Azərbaycanda səfərdə olub.

Bu halda Böyük Britaniya ilə Azərbaycan Respublikası arasında bağlanılmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqaviləni əsas götürməklə “Lawvenger” şirkəti Azərbaycanda daimi nümayəndəlik yaradaraq Azərbaycan mənbəyindən gəlirlərini bəyan edib vergi ödəməlidirmi?

Böyük Britaniya və Azərbaycan Respublikası arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişə əsasən, daimi nümayəndəliyi rezidentlərdən fərqləndirmək vacibdir. Belə ki, daimi nümayəndəlik ayrı bir müəssisə və ya müstəqil rezident olmasa da, gəliri olduğu yerdə vergiyə cəlb edilir. “Daimi nümayəndəlik” termini müəssisənin sahibkarlıq fəaliyyətinin tamamilə və ya qismən həyata keçirdiyi yeri bildirir.

İkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişin 5-ci maddəsinin 2-ci bəndinə əsasən, daimi nümayəndəlik, xüsusilə aşağıdakıları ehtiva edir:

  • idarəetmə yeri;
  • filial;
  • ofis;
  • fabrik;
  • emalatxana;
  • təbii sərvətlərin kəşfiyyatı üçün tələb olunan qurğu və ya tikili;
  • şaxta, neft və ya qaz quyusu, daş karxanası, habelə təbii sərvətlərin çıxarıldığı hər hansı yer;
  • 12 aydan artıq fəaliyyət göstərən inşaat meydançası və ya tikinti-quraşdırma və ya yığma obyekti.

Razılığa gələn dövlətdə rezidentlər tərəfindən rezidentin belə məqsəd üçün işə götürdüyü qulluqçular və ya digər heyət vasitəsilə xidmətlərin, o cümlədən məsləhət xidmətlərinin göstərilməsini daimi nümayəndəlik təşkil edir, lakin bu cür fəaliyyət növü ölkə daxilində 6 aydan çox (eyni və ya bununla bağlı layihə üçün) davam etməlidir.

Yuxarıda göstərilən hala uyğun olaraq beynəlxalq sazişə əsaslanmaqla "Lawvenger" şirkətinin əməkdaşları ölkə daxilində 6 aydan çox fəaliyyət göstərdikləri üçün şirkət daimi nümayəndəlik yaratmalı və Azərbaycan mənbəyindən əldə etdikləri gəlirdən Azərbaycanda vergi ödəməlidir.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər