Bank qadağası: Hüquqi şəxs vətəndaşa malların satışı ilə bağlı ödəniş edə bilməz?

Bank qadağası: Hüquqi şəxs vətəndaşa malların satışı ilə bağlı ödəniş edə bilməz?

Dövlət Vergi Xidmətinin təqdimatında

Sual. Salam. Biz hüquqi şəxs kimi fəaliyyət göstəririk. Fiziki şəxs öz ev tikintisi üçün aldığı 14 000 ədəd mişar daşını satır və biz almaq istəyirik. Ödənişi müştərinin bank hesabına ödəmək istəyirik. Bankda deyirlər ki, hüquqi şəxs fiziki şəxsə ödəniş edə bilməz (dividend odəyə bilər ,kirayə ödəyə bilər amma məhsul satışı ilə bağlı köçürmə edə bilməz). Deyirlər, bu fiziki şəxs üçün satış xarakteri daşıyır və o VÖEN hesabı açdırdıqdan sonra VÖEN üzrə hesabına köçürmə edə bilərik. Xahiş edirəm, münasibət bildirəsiniz.

Cavab: Bildiririk ki, fiziki şəxslər tərəfindən iri həcmli partiyalarla malların təqdim edilməsi fiziki şəxslərin fəaliyyətində sahibkarlıq elementlərinin olmasını ehtiva edir.

Belə ki, Vergi Məcəlləsinin 13-cü maddəsinin müddəalarına əsasən şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət sahibkarlıq fəaliyyətidir.

Vergi Məcəlləsinin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.

Qeyd olunanlara əsasən mütəmadi qaydada iri həcmli partiyalarla malların təqdim edilməsini həyata keçirdiyi halda əmlakların təqdim edilməsindən gəlir əldə edən şəxslər sahibkarlıq fəaliyyətinin subyektləri hesab edilir və Vergi Məcəlləsinin 33-cü maddəsinə uyğun olaraq həmin şəxslər vergi uçotuna durmalı, təqdim edilən mallara görə digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməli və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Əlavə olaraq bildiririk ki, vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bundan əlavə, sorğuda qeyd olunan əməliyyatla bağlı fiziki şəxs tərəfindən malların istehlak məqsədilə əldə edilməsi, fiziki şəxsin mütəmadi olaraq bu fəaliyyətlə məşğul olub-olmaması barədə və işin faktiki halları ilə bağlı digər ətraflı məlumatlar təqdim edilməklə müvafiq təsdiqedici sənədlərlə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 33-cü və 71-2-ci maddələri.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

Tematik təlim
 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın