Gəlir vergisi ödəyicilərinin III rüb üzrə Cari vergi ödənişləri haqqında arayışı təqdim etməsi üçün müddətin bitməsinə bir neçə gün qalıb. Maliyyə mütəxəssisi Vüqar Mirheydərov həmin hesabat sənədlərinin hazırlanması ilə bağlı tövsiyələrini “vergiler.az”la bölüşüb:
Cari vergi ödənişləri haqqında arayış Vergi Məcəlləsinin müvafiq olaraq 151.1, 151.2 və 151.5 maddələrində təsvir olunan üç üsuldan birinə uyğun olaraq təqdim edilir. Birinci üsula görə - 151.1-ci maddəyə əsasən - cari vergi ödənişləri əvvəlki ilin mənfəət vergisinin 1/4 hissəsi kimi hesablanır. Burada hər şey çox sadədir.
Misal 1: Tutaq ki, 2021-ci ildə “XX” MMC şirkəti ilin sonunda 10 000 manat mənfəət vergisi hesablayıb və ödəyib. Cari vergi ödənişləri birinci metoda əsasən hesablanarsa, şirkət 2022-ci ilin hər rübündə 2 500 manat cari vergi ödənişi etməyə borclu olacaq. 2022-ci ilin sonunda isə o, mənfəət vergisi bəyannaməsi təqdim edəcək və orada hesablanmış verginin il ərzində ödənilmiş cari vergi ödənişlərindən çox olduğu ortaya çıxarsa, yaranan fərqi 31 mart 2023-cü ilə qədər ödəyəcək.
Bəyannamədə hesablanmış vergi il üzrə ödənilmiş cari vergi ödənişlərindən az olarsa, fərq onun Dövlət Vergi Xidmətinin sistemindəki şəxsi vərəqəsində avans kimi göstəriləcək və növbəti vergi ödənişləri zamanı ödənilən məbləği azaltmaqla istifadə olunacaq. Bu metoda uyğun olaraq cari vergi ödənişini hesablamaq üçün əlavə heç bir tələb yoxdur. Əslində Dövlət Vergi Xidməti standart olaraq cari vergi ödənişlərini məhz bu maddəyə əsasən hesablayır.
Beləliklə, rübün sonundan sonrakı ayın 15-nə qədər Cari vergi ödənişləri haqqında arayışı təqdim etməsəniz, sizin cari vergi ödənişiniz birinci metoda əsasən hesablanacaq.
İkinci üsula görə - 151.2 maddəyə əsasən - cari vergi ödənişləri aşağıdakı düsturla hesablanır:
Cari vergi ödənişi = Rüblük gəlir x (Keçən ilin gəlir vergisi / Keçən ilin gəliri)
Misal 2: “Y” MMC 2021-ci ildə 250 000 manat gəlir bəyan edib və ondan 30 000 manat gəlir vergisi ödəyib. 2022-ci ilin birinci rübündə şirkətin gəliri 50 000 manat təşkil edib. 2022-ci ilin birinci rübü üçün şirkətin cari vergi ödənişlərini hesablayaq:
50 000 x (30 000 : 250 000) = 6 000 manat
İndi isə təsəvvür edək ki, şirkətin mühasibi ayın 15-dək Cari vergi ödənişləri haqqında arayışı göndərməyi unudub və ya tənbəllik edib. Vergi orqanı cari vergi ödənişlərini 151.1-ci maddəyə əsasən hesablayıb “Y” şirkətinə 7 500 manat məbləğində vergi öhdəliyi yaradacaq:
30 000 : 4 = 7 500 manat.
Üstəlik, bu, ilin ilk Cari vergi ödənişləri haqqında arayışının təqdim olunduğu dövrdə, yəni aprelin 1-dən aprelin 15-dək baş veribsə, şirkət ilin sonuna qədər cari vergi ödənişlərini məhz birinci metoda, yəni 151.1-ci maddəyə əsasən ödəməli olacaq.
Vergi Məcəlləsinin 151.5-ci maddəsində təsvir edilən metoda əsasən, yalnız cari il ərzində vergi ödəyicisi kimi qeydiyyatdan keçən və ya cari ildə mənfəət (gəlir) vergisi ödəyicisi olan və ya keçmiş ildə vergitutulan mənfəəti olmayan vergi ödəyicilərinin cari vergi ödənişləri hesablanır. Bu metoda əsasən, vergi ödəyicisi hər rübün axırında ilin əvvəlindən mənfəətini kumulyativ şəkildə hesablayıb ona müvafiq mənfəət vergisinin ən azı 75% hissəsini cari vergi ödənişi şəklində ödəməlidir.
Misal 3: Fərz edək ki, mənfəət vergisi ödəyicisi olan “Z” MMC 2022-ci 1-ci rübündə 200 000 manat gəlir əldə edib və bu gəlirin əldə edilməsi ilə bağlı 100 000 manat gəlirdən çıxılmağa icazə verilən xərci olub. 2-ci rübdə müvafiq olaraq 150 000 manat gəlir, 100 000 manat xərc, 3-cü rübdə isə 200 000 manat gəlir və 150 000 manat xərci olub. Hər rüb üzrə cari vergi ödənişlərini hesabalayaq:
1-ci rüb üçün: (200 000 – 100 000) x 20% x 75% = 15000 manat,
2-ci rüb üçün: (200 000 + 150 000 – 100 000 – 100 000) x 20% x 75% = 22 500 manat,
22 500 – 15 000 = 7 500 manat,
3-cü rüb üçün: (200 000 + 150 000 + 200 000 – 100 000 – 100 000 – 150 000) x 20% x 75% = 30 000 manat,
30 000 – 15 000 – 7 500 = 7 500 manat.
Cari vergi ödənişlərinin hesablanması vacib və diqqət tələb edən bir proses olduğuna görə hansısa bir səhvin nəticəsi vergi öhdəliyinin əsassız azaldılmasına və ya artırılmasına gətirib çıxara bilər. Bu halın hər ikisi vergi ödəyicisini ciddi problemlərlə üzləşdirə bilər. Odur ki, bu işin yalnız peşəkar mühasib tərəfindən görülməsi labüddür.
2 Komment
Mikayl 24 Oktyabr 2022
bu cari vergi odenisde bir problem yasadim,,belaki sahibkar 31.03.2022 fealiyyet baxladi .ve bu zaman 1 rub ucun Arayis gondermek151.2 sistem icaze vermadi qapandi. ve biz angaq Illik beyanname gonderdik...sonra ela olduki 01.07.2022 fealiyyet berpa oldu amam 5000 avans olaraq gelir olmamisdi..indi 3 rub uzre Cari Arayis gondermek istedikde sistem icaze vermedi.dedi sen 151.1 ile yani oten ilin vergi ile CARI vegi odemelisen.bu ise oten il ucun 10000 man olub..bu soz sohbet yaratdi,,megbur olub yeniden Sahibkar fealiyetin baxladiqki bu qeder vergi pul olmadan hardan odeyek...yani soz odurki yaxsi olardiki Vergi imkan verersinki kim 1 rub uzre fealiyyet baxladi 15 gun ona imkan icaze verilsinki CAri Arayis 151.2 ile gondera bilsin,,sistemi baxlamasin,,ama bu avtomatik qapanir.
Mikayl 24 Oktyabr 2022
Menca cari vergi uzre 151.1 madde lexv olunmaldir,bu kime neya lazimdir,,hami Arayis gondermeli oz faktiki gelirine gore vergi odemeli daha yaxsi duz olar. kim bu 151.1 kesf edib ve ne ucun
Şərh yazın