Xidmət göstərən vergi ödəyicilərinin 30 faizlik məhdudiyyətlə bağlı hansı dəyişiklik təklif edilir? (15-ci yazı)

Xidmət göstərən vergi ödəyicilərinin 30 faizlik məhdudiyyətlə bağlı hansı dəyişiklik təklif edilir? (15-ci yazı)

1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərin şərhi yalnız MKS.az-da

Hazırda Dövlət Vergi Xidməti Vergi Məcəlləsində dəyişiklikləri nəzərdə tutan paketin müvafiq dövlət və özəl qurumları ilə müzakirəsini həyata keçirir. Mks.az saytı Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı hazırladığı silsilə yazıları təqdim edir.

Vergi Məcəlləsinin 218.6.2-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu saxlayır. Vergi Məcəlləsində dəyişikliklərlə bağlı yeni təklifdə təşkilatımızın nəşri olan “Vergi uçotu: A-dan Z-yə”(VI nəşr) kitabında təqdim etdiyimiz suala aydınlıq gətiriləciyini düşünürük:

“Misal. Vergi ödəyicisinin 2020-ci ilin 2-cü rübü üzrə dövriyyəsi 40 000 manatdır. Elekton qaimə-faktura ilə rəsmiləşdirilməli dövriyyə isə 8000 manat təşkil edir. Vergi ödəyicisi xarici ölkənin qeyri-rezident şəxsinə 5000 manatlıq xidmət göstərib. Qeyri-rezidentə göstərilən xidmətin elektron qaimə-faktura ilə rəsmiləşdirilməsi mümkün deyil. O zaman xüsüsi çəki müəyyən edilərkən, xarici ölkənin qeyri-rezident şəxsinə təqdim edilən 5000 manatlıq xidmət nəzərə alınmalıdır?

Maddənin tələbləri baxımdan xüsusi çəkini müəyyən etdikdə, cavab “Xeyr” olur, amma fikrimizcə, vergi orqanı bu halda qeyri-rezidentlə olan dövriyyəni də əsas götürəcək.”

1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsində təklif edilən dəyişikliklərdə xidmət göstərilən şəxslərlə bağlı dəqiqləşdirmə təklif edilir. Belə ki, Vergi Məcəlləsinin 218.6.2-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən,  qeyri-rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülən işlərin dəyəri də 30 faizlik məhduddiyətə əlavə edilməsi nəzərdə tutulur. Həmçinin, vergi ödəyicisi həm xidmət həm də pərakəndə ticarətlə məşğul olarsa, o zaman Vergi Məcəlləsinin 218.6-ci maddəsinin tələbləri qarışıq əməliyyat formasında tətbiq edilməsi təklif edilir.

Dəyişikliklər paketində Vergi Məcəlləsinin 218.6.2-cı və 218.7-ci maddələri aşağıdakı redaksiyada təklif edilir:

218.6.2. bu Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən  və görülən işlərdən başqa, xidmətlərin göstərilməsini və işlərin görülməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə (işlə) yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi və işlərin görülməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların (qeyri-rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülən işlərin dəyəri də daxil olmaqla) həcmi xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda.

218.7 Bu Məcəllənin 218.6-cı maddəsinin müddəaları malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ibarət qarışıq əməliyyatlar aparılan hallara da tətbiq edilir.

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

0 Komment

    Şərh yazın