İcarəyə götürülən əsas vəsaitin təmiri üzrə kapitallaşdırılmış xərc üzrə hansı dəyişiklik təklif edilir? (6-ci yazı)

İcarəyə götürülən əsas vəsaitin təmiri üzrə kapitallaşdırılmış xərc üzrə hansı dəyişiklik təklif edilir? (6-ci yazı)

1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərin şərhi

Hazırda Dövlət Vergi Xidməti Vergi Məcəlləsində dəyişiklikləri nəzərdə tutan paketin müvafiq dövlət qurumları ilə müzakirəsini həyata keçirir. Mks.az saytı Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı hazırladığı silsilə yazıları təqdim edir.

 

1 yanvar 2022-ci il tarixdən Vergi Məcəlləsinə əlavə edilən 115.6-1-ci maddəyə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər icarəçi tərəfindən kapitallaşdırılaraq təmir edilən əsas vəsaitin aid olduğu kateqoriya üzrə bu Məcəllənin 114.3-cü maddəsində müəyyən edilmiş amortizasiya dərəcəsi ilə amortizasiya olunur.

Dəyişiklikdən sonra belə sual yaranmışdı ki, kapitallaşdırılmış təmir xərclərinin məbləği 500 manatdan az olduqda amortizasiya hesablanması davam etdirilməlidir, yoxsa həmin məbləğ gəlirdən çıxılmalıdır?  Qeyd edilən halla bağlı “Vergi uçotu: A-dan Z-yə” kitabında aşağıdakı misalı təqdim etmişdik:

Misal. Vergi ödəyicisi icarəyə götürülən nəqliyyat vasitəsi üzrə 2022-ci ildə 600 manat məbləğində təmir xərci çəkib. Vergi ödəyicisi 2022-ci ildə nəqliyyat vasitəsinin aid olduğu kateqoriya üzrə 25 faiz dərəcə ilə kapitallaşdırımış təmir xərcinə amortizasiya hesablaya bilər. Bu halda vergi ödəyicisinin 2022-ci ildə təmir xərci 150 manat (600 manat x 25 faiz) təşkil etdiyindən, ilin sonuna kapitallaşdırmış təmir xərci 450 manat (600 manat – 150 manat) olacaq. Təmir xərci üzrə kapitallaşdırılan məbləğ 500 manatdan aşağı olduğu üçün, vergi ödəyicisi 2023-cü ildə həmin təmir xərcini tam olaraq gəlirdən çıxılan xərclərə aid edə bilər. Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinin 114.8-ci maddəsinə əsasən, ilin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə misalımızda qeyd edilən hal üzrə prosesin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, Vergi Məcəlləsinin 115.6-1-ci maddəsinə təklif edilən abzasa əsasən,  təqvim ilinin sonuna bu maddə ilə müəyyən edilmiş qaydada hər bir kateqoriya üzrə kapitallaşdırılmış təmir xərclərinin məbləği 500 manatdan az olduqda həmin məbləğ gəlirdən çıxılır.

Beləliklə, 1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsinin 115.6-1-ci  maddəsi aşağıdakı redaksiyada təklif edilir:

115.6-1. İcarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər icarəçi tərəfindən kapitallaşdırılaraq təmir edilən əsas vəsaitin aid olduğu kateqoriya üzrə bu Məcəllənin 114.3-cü maddəsində müəyyən edilmiş amortizasiya dərəcəsi ilə amortizasiya olunur. Təqvim ilinin sonuna bu maddə ilə müəyyən edilmiş qaydada hər bir kateqoriya üzrə kapitallaşdırılmış təmir xərclərinin məbləği 500 manatdan az olduqda həmin məbləğ gəlirdən çıxılır.

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın