Vergitutma formalarının misallarla izahı

Vergitutma formalarının misallarla izahı

Satışı davam edən "Vergi Məcəlləsi. Ümumi hissənin izahı" (II nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 5.0-ci maddəsinə əsasən, vergi məbləğləri aşağıdakı formalarda tutulur:
- bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması) (Maddə 5.0.1);
- bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması) (Maddə 5.0.2);
- Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi) (Maddə 5.0.3).

Vergitutma formaları haqqında geniş məlumat verməmişdən öncə, həmkarlarımıza bildirmək istəyirik ki, vergitutma mənbəyi vergilərin hesablanması və alınması qaydaları üçün çox əhəmiyyətlidir.
Bilavasitə mənbədən vergitutmaya misal olaraq, ödəmə mənbəyində tutulan vergiləri misal göstərmək olar. Məsələn, işçilərin əmək haqlarından tutulan gəlir vergisi. İşçi əmək haqqı gəlirini əldə edənə qədər vergilərin hesablanması və tutulması həyata keçirilir. Burada əmək haqqını ödəyən şəxs vergi agenti rolunda çıxış edir. Eyn hal dividend və ya icarə haqqı gəlirləri əldə edən bəzi şəxslərə də aiddir ki, vergi ödəyən şəxs tərəfindən ödəmə mənbəyində verginin tutulması həyata keçirilir.
Bəyannamə üzrə vergitutmaya gəlincə isə, adından göründüyü kimi vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr üzrə vergilərin hesablanması nəzərdə tutulur.
Misal 1. Hüquqi şəxsin 2019-cu ilin yekunlarına aid təqdim etdiyi mənfəət vergisi bəyannaməsinə əsasən mənfəəti 40 000 manat təşkil edib. Həmin bəyannamə göstəricisinə əsasən, vergi ödəyicisinin ödəməli olduğu mənfəət vergisi 8 000 manat (40 000 manat x 20 faiz) təşkil edəcək.

Misal 2. Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxsin 2020-ci ilin 3-cü rübü üzrə təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsinin göstəricilərinə əsasən, təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə onun əldə edilmiş ümumi hasilatı 4 000 manat təşkil edib. Vergi bəyannaməsinə əsasən, vergi ödəyicisi 40 manat (4000 manat x 1 faiz) vergi ödəməlidir.
Bildiriş üzrə vergitutma formasına gəlincə isə, bu halda verginin hesablanmasını bələdiyyə və ya vergi orqanı həyata keçirir.
Misal 1. Beyləqan rayonunun Milabad qəsəbəsində yaşayan fiziki şəxsin mülkiyyətində I keyfiyyət qrupuna aid olan 4 ha əkin sahəsi var. “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları”na əsasən Mil-Qarabağ kadastr qiymət rayonunun I keyfiyyət qrupu üzrə 1 ha düzən torpaqları üçün şərti balı 127 müəyyən edilmişdir. Bu zaman bələdiyyənin hesabladığı torpaq vergisinin məbləği 30,48 manat (4,0 (torpağın sahəsi) x 127 (şərti bal) x 0,06 manat) təşkil edəcək.
Bələdiyyə öncədən vətəndaşa tədiyyə bildirişi göndərməlidir ki, torpaq sahəsinə görə illik 30,48 manat vergi ödəməlisən. Göründüyü kimi, verginin hesablanması fiziki şəxs yox, bələdiyyə tərəfindən həyata keçirilir.
Misal 2. Vergi orqanı vergi nəzarəti tədbirləri (kameral və ya səyyar vergi yoxlaması) apararkən müəyyən edir ki, vergi ödəyicisi vergitutma obyektini müəyyən edərkən yanlışlığa yol verib. Bu zaman vergi ödəyicisinə borc bildirişi göndərilir ki, vergi ödəyicisi əlavə vergi ödənişini həyata keçirsin.
Mİsal 3. Vergi ödəyicisinin hesabat dövrü üçün müəyyən edilən müddətdə bəyannamə təqdim etməməsi səbəbindən, vergi orqanı analoji məlumatlar əsasında verginin hesablanmasını həyata keçirərək, vergi ödəyicisinə borc bildirişi göndərib. Vergi orqanı tərəfindən verginin bu cür hesablanması bildiriş üzrə vergitutma formasına aiddir.

ƏMAS sistemi ilə bağlı Növbəti tematik təlim

Təlimin adı:  ƏMAS altsistemi: Məlumatların işlənilməsi və reystrlər üzrə hesabatlılığın təmin edilməsi prosesi"

Tarix:  18 iyun 2022-ci il saat 10:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər