Vergi Məcəlləsinin 57.3-ci maddəsindəki maliyyə sanksiyasının 5 HAL üzrə izahı

Vergi Məcəlləsinin 57.3-ci maddəsindəki maliyyə sanksiyasının 5 HAL üzrə izahı

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 57.3-ci maddəsinə əsasən, . Bu Məcəllənin 23.1.2-ci və 23.1.2-1-ci maddələrində göstərilən sənədlərin (o cümlədən elektron formatda məlumatların) müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, habelə bu Məcəllənin 16.1.4-2-ci maddəsində göstərilən məlumat formasının müəyyən edilmiş müddətdə təqdim edilməməsinə və ya təqdim edilmiş məlumat formasında təhrif olunmuş məlumatların göstərilməsinə, bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulan halda vergi hesabatı təqdim edilərkən vergi orqanının tələbi ilə maliyyə hesabatlarının təqdim edilməməsinə, o cümlədən vergi orqanlarının bu Məcəllənin 42.4-cü maddəsinə əsasən edilmiş müraciətinin həmin maddədə göstərilən müddətdə icra edilməməsinə, habelə sənədlərin və ya məlumatların bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş müddətdə üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Madddədən göründüyü kimi, 1000 manat məbləğində maliyyə sanksiyası 5 halda tətbiq edilir.

Bİrİncİ hal. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən, vergi orqanı  vergi ödəyicilərində yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək  hüququna malikdir.

Mİsal 1. Vergi orqanı səyyar vergi yoxlaması zaman yoxlama ilə bağlı vergi ödəyicisindən və ya onun vəzifəli şəxslərindən izahat almaq istəyəndə həmin şəxslər imtina edərsə, o zaman vergi orqanı vergi ödəyicisinə 1000 manat məbləğində cərimə tətbiq etmək hüququna malikdir.

Mİsal 2. Vergi ödəyicisi kameral vergi yoxlaması zamanı bəyannamədə yaranan kənarlaşmaya aid vergi ödəyicisindən lazımi məlumat istədiyi halda, vergi ödəyicisi onu təqdim etmədikdə, Vergi Məcəlləsinin 57.3-cü maddəsindəki maliyyə sanksiyası tətbiq olunmayacaq.

İkİncİ hal. Vergi Məcəlləsinin 23.1.2-1-ci maddəsinə əsasən, vergi orqanı vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən şəxslərdən həmin müqavilənin tələblərindən irəli gələn sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda tələb etmək hüququna malikdir.

Vergi Məcəllənin 42.4-cü maddəsinə uyğun müraciətin həmin maddədə göstərilən müddətdə icra edilməməsinə görə maliyyə sanksiyası hesablanır.

Vergi Məcəlləsinin 42.4-ci maddəsinə əsasən, vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlər və ya onların lazımi qaydada təsdiq edilmiş surətləri vergi orqanının müraciətinə əsasən 10 iş günü müddətində təqdim edilməlidir.

Mİsal 3. Vergi orqanı vergi ödəyicisinə məlumat göndərir ki, Məcəllənin 42.4-cü maddəsinə əsasən, vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri sənədlərin surətini təqdim etsin. Vergi ödəyicisi həmin sənədləri 10 iş günündən gec təqdim etdiyi halda, vergi orqanı Vergi Məcəlləsinin 57.3-ci maddəsini əsas tutaraq ona 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edə bilər.

Üçüncü hal. Vergi Məcəlləsinin 71.4-cü maddəsinə əsasən,  mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır.

Mİsal 4. Vergi orqanının 2014-cü il tarixdən fəaliyyyət göstərən vergi ödəyicisində keçirdiyi yoxlama zamanı məlum olur ki, onda yalnız 2018 və 2019-cu illər üzrə sənədlər mövcuddur. 2020-ci ildə yoxlama həyata keçirən vergi orqanı bu zaman vergi ödəyicisinə Vergi Məcəlləsinin 57.3-cü maddəsinə əsasən 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edə bilər.

Dördüncü hal. Vergi Məcəlləsinin 16.1.4-2-ci maddəsində göstərilən məlumat forması ilə bağlı maliyyə sanksiyasının tətbiq edilməsinə baxaq. Vergi Məcəlləsinin 16.1.4-2-ci maddəsinə əsasən, vergi ödəyicisi mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (İqtisadiyyat Nazirliyi) tərəfindən təsdiq edilən məlumatı hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim etməlidir. Həmçinin, vergi ödəyicisi istehsal prosesi ilə, o cümlədən yeni məhsul növünün istehsalına başlanılması ilə bağlı olaraq təqdim edilmiş məlumatda il ərzində dəyişiklik olarsa, dəyişikliklə bağlı dəqiqləşdirilmiş məlumatı təqvim ili ərzində vergi orqanına təqdim etməlidir.

Mİsal 1.  Mikro sahibkarlıq subyekti mebel istehsalı ilə məşğul olur. Vergi ödəyicisi verqi orqanına istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə məlumatı yanvar ayının 31-dək təqdim etməyib. Bu zaman vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 57.3-cü maddəsinə uyğun olaraq, maliyyə sanksiyası tətbiq edilməyəcək. Çünki Vergi Məcəlləsinin 16.1.4-2-ci maddəsilə tələb olunan məlumat forması mikro və kiçik sahibkarlıq subyektlərinə şamil olunmur.

Mİsal 2. Orta sahibkarlıq subyektinə aid edilən və tum istehsalı ilə məşğul olan vergi ödəyicisi istehsalla bağlı məlumatı 15 fevral 2022-ci il tarixində təqdim edib. Vergi Məcəlləsinin 16.1.4-2-ci maddəsinə əsasən, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə məlumat forması hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim edilməlidir. Vergi ödəyicisi məlumat formasını vaxtında təqdim etmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 57.3-cü maddəsinə əsasən 1000 manat məbləğində maliyyə sanksiyasına məruz qalacaq.

Mİsal 3. Qapı-pəncərə istehsalı ilə məşğul olan iri sahibkarlıq subyekti Vergi Məcəlləsinin 16.1.4-2-ci maddəsində nəzərdə tutulan məlumat formasını vergi orqanına təqdim edib. Vergi nəzarəti zamanı məlum olur ki, vergi ödəyicisinin istehsalla bağlı təqdim etdiyi məlumat formasında göstəricilər təhrif olunub. Bu halda vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 57.3-cü maddəsinin tələbləri əsas tutularaq, vergi ödəyicisinə 1 000 manat məbləğində maliyyə sanksiyası tətbiq oluna bilər.

Mİsal 4. Tum istehsalı ilə məşğul olan iri sahibkarlıq subyekti qərar verir ki, 2022-ci ilin iyun ayından etibarən şəkər tozu istehsal etsin. Vergi ödəyicisi yeni istehsalla məşğul olsa da, istehsal olunan şəkər tozu məhsulunun vahidinə tələb olunan xammal və material sərfi normaları haqqında vergi orqanına dəqiqləşdirilmiş məlumat forması təqdim etməyib. Vergi nəzarəti tədbirləri zamanı vergi orqanı tərəfindən vergi ödəyicisinə Vergi Məcəlləsinin 57.3-cü maddəsində nəzərdə tutulan maliyyə sanksiyası tətbiq ediləcək.

Beşinci hal.  Vergi  Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulan halda vergi hesabatı təqdim edilərkən vergi orqanının tələbi ilə maliyyə hesabatlarının təqdim edilməməsi ilə bağlıdır.

Mİsal 1. Mikro sahibkarlıq subyekti illik maliyyə hesabatını vergi orqanına təqdim etməyib. Vergi orqanı tərəfindən vergi nəzarəti tədbirləri zamanı həmin maliyyə hesabatının tələb olunduğu, lakin vergi ödəyicisi tərəfindən verilməməsi halında Vergi Məcəlləsinin 57.3-cü maddəsinə görə maliyyə sanksiyası tətbiq edilməyəcək. Çünki Vergi Məcəlləsinin 16.1.6-cı maddəsində tələb orta və iri sahibkarlıq subyekti üçün nəzərdə tutulduğundan mikro və kiçik sahibkarıq subyektləri üçün istisnalar mövcuddur.

Mİsal 2. Orta sahibkarlıq subyekti vergi orqanına mənfəət (gəlir) vergisi bəyannaməsi təqdim edərkən, maliyyə hesabatlarını vergi orqanına göndərməyib. Bu halda vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 57.3-cü maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilməyəcək. Çünki Vergi Məcəlləsinin 16.1.6-cı maddəsində qeyd edilir ki, yalnız vergi orqanının tələbi əsasında maliyyə hesabatının təqdim olunmamasına görə maliyyə sanksiyası tətbiq olunur.

Mİsal 3. Vergi orqanı bəyannamə üzrə məlumatların yoxlanılması məqsədilə iri sahibkarlıq subyekti olan vergi ödəyicisindən maliyyə hesabatını tələb edir. Vergi ödəyicisi maliyyə hesabatını verməzsə, vergi orqanı Vergi Məcəlləsinin 57.3-cü maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edəcək.

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

 
 
 

0 Komment

    Şərh yazın