ƏDV-dən azad olunan mallardan başqa hansı mallar gömrükdən keçdikdə, ƏDV-yə cəlb olunmur?
Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə
ƏDV anlayışı və qeydiyyat haqqında məlumat verdikdən sonra artıq növbə ƏDV-yə cəlb olunan əməliyyatlara çatdı. ƏDV-yə cəlb olunan əməliyyatlar zamanı diqqət yetiriləsi məqamlar aşağıdakılardır:
- Vergi ödəyicisinin xidmət göstərdiyi və iş gördüyü yer Azərbaycanın ərazisi olmalıdır.
Mİsal 1. ƏDV ödəyicisi olan “A” MMC Gürcüstanda yol təmiri işlərini həyata keçirirsə, artıq bu əməliyyat ƏDV-yə cəlb olunmur. Ancaq vergi ödəyicisinin xidmət göstərdiyi tərəf ölkədən kənarda, xidmətin göstərildiyi yer isə Azərbaycan Respublikası olarsa, bu əməliyyat 0 (sıfır) dərəcə ilə əməliyyata cəlb olunur. Vergi ödəyicilərinə bu vacib nüansa diqqət yetirmələrini tövsiyə edirik.
Mİsal 2. Fərdi sahibkar Araz Həsənov İngiltərədə yerləşən xarici fondla 20 000 dollarlıq müqavilə bağlayıb. Müqaviləyə əsasən, Araz Həsənov ölkədəki vergi sistemi ilə bağlı tədqiqat aparıb, hesabat hazırlayacaq. Artıq bu 20 000 dollarlıq əməliyyat “sıfır” dərəcə ilə ƏDV-yə cəlb olunacaq.
- İdxal əməliyyatları ƏDV-yə cəlb olunan əməliyyat sayılır.
Bölmənin növbəti hissəsində idxal zamanı ƏDV-dən azad olunan mallar haqqında geniş məlumat verilib. Ona görə də burada hansı mallara idxal zamanı ƏDV tətbiq olunmaması məsələsinə toxunmuruq. Onu da unutmayın ki, Vergi Məcəlləsinə görə, ƏDV-dən azad olunan bəzi idxal malları var ki, ölkəmizdə onların təqdim olunması artıq ƏDV-yə cəlb olunan əməliyyat hesab edilir. Bu haqda da bölmənin öncəki səhifələrində geniş məlumat verilir.
Vergi ödəyicisinin ƏDV ödəyicisi olub-olmamasına baxmayaraq, gömrük orqanları malların idxalı zamanı ƏDV hesablayır. Sadəcə, ƏDV ödəyiciləri bunu əvəzləşdirir, ƏDV ödəyicisi olmayanlar isə ödədikləri məbləği malların maya dəyərinə daxil edirlər, lakin əvəzləşdirə bilmirlər.
Burda bir vacib məqam var ki, ƏDV-dən azad olunan mallardan başqa hansı mallar gömrükdən keçdikdə, ƏDV-yə cəlb olunmur? Vergi Məcəlləsinin 159.3-cü maddəsinə görə, tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir.
Mİsal 1. Vergi ödəyicisi sərgidə nümayiş olunması məqsədilə Rusiyadan 50 000 dollarlıq malları müvəqqəti idxal edib. Sadə şəkildə ifadə etsək, qonşu ölkədən gətirilən mallar sərgidə nümayış olunduqdan sonra, Rusiyada yerləşən şirkətə geri qaytarılacaq. Təbii ki, bu cür mallara gömrük orqanları ƏDV hesablamayacaqlar.
Mİsal 2. Türkiyənin “Vestel” şirkəti 300 000 dollarlıq soyuducularını Azərbaycan ərazisindən keçməklə Qazaxıstana göndərir. Bu cür mallar tranzit yük daşınması qaydasında həyata keçirildiyi üçün onlara da ƏDV hesablanmır.
Mİsal 3. Vətəndaş Əli Muradov şəxsi istehlak məqsədilə xaricdən 1 000 manatlıq kompüter alıb. Bu mal Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 305 saylı qərarı ilə təsdiq edilən “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na uyğun olaraq ƏDV-yə cəlb olunmur.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
0 Komment
Şərh yazın