“YAŞAT” fonduna ödənilən ödənişlər gəlirdən çıxılan xərclərə aid ediləcək?

“YAŞAT” fonduna ödənilən ödənişlər gəlirdən çıxılan xərclərə aid ediləcək?

Satışı yekunlaşmaqda olan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində həmçinin qeyd edilir ki,   paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi üzrə isə – 2021-ci il 1 yanvar tarixdən 8 il müddətinə mənfəət vergisindən azaddır. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir

Maddədən göründüyü kimi, yeni dəyişikliyə əsasən, vergi ödəyicisinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi üzrə  də  2021-ci il 1 yanvar tarixdən 8 il müddətinə mənfəət vergisindən azad edilməsi nəzərdə tutulub.

İndi isə maddə ilə bağlı 3 vacib məqama diqqət yetirək.

Birinci məqam. Vəsaitlər Prezident tərəfindən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara ödənilməlidir. Misal üçün, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə yaradılan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) və Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılan “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsi.

Qeyri-hökümət təşkilatları və fiziki şəxslərin şəhid ailələri və qazilərə dəstək məqsədilə yaradılan fondlara ödədiyi məbləğlər Vergi Məcəlləsinin 106.1.8-ci maddəsinin əhatə dairəsinə aid edilmir.

İkinci məqam. Fondlara ödənilən vəsaitlər vergi ödəyicisinin mənfəəti hesabına həyata keçirilməlidir. Vergi ödəyicisinin ödədiyi məbləğ birbaşa gəlirdən çıxılan xərclərə aid edilmir, müəssisənin mənfəəti olduğu halda müəyyən hissə qədər mənfəət vergisindən azad edilir.

Fikrimizi misallarla izah edək.

Mİsal 1.  Vergi ödəyicisi 2021-ci ildə “YAŞAT” fonduna 5 000 manat ödəniş edib. Amma 2021-ci vergi ilini zərərlə baş vurub. Vergi ödəyicisi zərərlə işlədiyi üçün fonda ödədiyi 5 000 manat onun vergi öhdəliyinə hər  hansı təsir etmir.

Mİsal 2. Vergi ödəyicisi 2021-ci ili 50 000 manat mənfəətlə baş vurub və “Qarabağ Dirçəliş Fondu”na 7 000 manat nağdsız qaydada ianə edib. Bu məbləğin Vergi Məcəlləsinin 106.1.8-ci maddəsinə əsasən, mənfəətin 10 faizi qədər, yəni 5 000 manatı mənfəət vergisindən azad ediləcək. Vergi ödəyicisinin mənfəət vergisi 45 000 manat (50 000 manat (mənfəət) – 5 000 manat (“Qarabağ Dirçəliş Fondu”na ödənilən və mənfəətin 10 faizlik hissəsini təşkil edən məbləğ) olacaq. Vergi ödəyicisi 2 000 manatlıq fərqi artıq bölüşdürülməmiş mənfəətdə nəzərə alacaq.

Üçüncü məqam. Vergi Məcəlləsində dəyişiklik 1 yanvar 2022-ci il tarixdən qüvvədə olsa da, fondlara ödənilən məbləğlər 2021-ci ilin mənfəət vergisində nəzərə alınacaq. Çünki Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində qeyd edilir ki, mənfəət vergisindən azadolma ilə bağlı tələblər 2021-ci il 1 yanvar tarixdən 8 il müddətinə qüvvədədir. Sonda bir məsələni qeyd edək ki, Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə azadolma yalnız nağdsız qaydada həyata keçilən ödənişlərə şamil edilir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın