Teymur Tuncayın təqdimatında: Pul vəsaitinin uçotunun tənzimlənməsi
Pul vəsaitinin bəzən bilərəkdən, bəzən də bilməyərəkdən uçotdan gizlədilməsi və ya uçota alınmaması vergi ödəyiciləri üçün problem yaradan məsələlərdəndir. “vergiler.az” oxucuları üçün mövzuya "Good Finance" MMC-nin vergi məsləhətçisi Teymur İslamlı aydınlıq gətirir.
Vergi Məcəlləsinin 58.8.1-cu maddəsinə əsasən, pul vəsaitinin 1.000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə pulun 1.000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1.000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Vergi ödəyiciləri tərəfindən nağd pul vəsaitinin uçotunun aparılması Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiqlənmiş “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması” Qaydası ilə tənzimlənir. Qaydanın 3.19-cu bəndinə əsasən, pul vəsaitlərinin hərəkəti bu Qaydaya uyğun olaraq uçot sənədləri (kassa kitabı, kassa mədaxil və məxaric orderləri, qəbzlər, çeklər, bank ödəniş sənədi, elektron qaimə-faktura, alış aktları, elektron alış aktları, təhvil-qəbul aktları və digər təsdiqedici sənədlər) ilə rəsmiləşdirilmədikdə və ya həmin sənədlər mövcud olmadıqda, bu hallar pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması kimi qiymətləndirilir
Bəs pul vəsaitinin uçotu zamanı rəsmiləşdirmənin aparılmasına hansı tələblər var?
Rəsmiləşdirmə ciddi hesabat blankı olan kassa-mədaxil orderi, qaytanlanmış və səhifələrinin sayı imza və möhürlə təsdiqlənmiş kassa kitabı, kassa-məxaric orderi, eləcə də Qaydada göstərilmiş digər sənədlər əsasında aparılmalıdır. Qaydanın 3.13-cü bəndinə əsasən, kassa mədaxil orderi və onların qəbzləri, həmçinin kassa məxaric orderi və ona əlavə edilən ödəniş sənədləri mürəkkəbli və ya diyircəkli qələmlə, yaxud kompüterlərdə və ya digər müasir hesablama texnikalarında dürüst və aydın formada doldurulur. Həmin sənədlərdə heç bir düzəlişə yol verilmir.
Kassa qalığının əskik gəlməsi əsas etibarilə kassa-məxaric orderi tərtib edilmədən kassadan pul vəsaitinin məxaric olmasıdır ki, bu məbləğin 1.000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1.000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Təcrübədə ən çox rast gəlinən iki hala diqqət yetirək.
1-ci halda vergi ödəyicisi tərəfindən bank hesabından pul vəsaiti nağdlaşdırılıb – Qaydanın 2.4-cü bəndinə əsasən, pul vəsaitləri həmin gün ərzində vergi ödəyicisi tərəfindən kassa mədaxil orderi tərtib olunmaqla kassaya mədaxil edilir.
2-ci halda vergi ödəyicisinin satış əməliyyatlarından nağd şəkildə daxilolmaları var – pul vəsaiti kassaya təhvil verilərkən (məsələn, nəzarət-kassa aparatının “Z” hesabatı əsasında) Qaydanın 3.10.4-cü bəndinə əsasən, kassa mədaxil və məxaric orderləri üzrə məbləğlər gün ərzində kassa kitabında qeydə alınır.
Yeri gəlmişkən, vergi ödəyicisinin kassasından nağd pul vəsaitinin məxaricinə “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsi ilə müəyyən edilmiş hədlər daxilində yol verilir. Qeyd edilən hədlərdən artıq məxaric əməliyyatlarına görə Vergi Məcəlləsinin 58.7-1.1 maddəsi üzrə maliyyə sanksiyası tətbiq edilə bilər.
Təhtəlhesab şəxslərə verilən pul vəsaitinə münasibətdə hansı addımlar atılmalı olduğuna gəldikdə, Qaydanın 2.6-cı bəndinə əsasən, vergi ödəyicisinin kassasından təhtəlhesab şəxslərə nağd pul (avans) 5 iş günündən çox olmayan (ezamiyyə xərcləri istisna olmaqla) müddətə verilir. Təhtəlhesab şəxs tərəfindən pul vəsaiti qeyd edilən müddətdən gec geri qaytarıldıqda və ya avans hesabatı üzrə xərcləri təsdiq edən sənədlər təhvil verilmədikdə Vergi Məcəlləsinin 98.2.7-ci maddəsinə əsasən, həmin şəxsin muzdlu işdən gəliri hesab edilir. Eyni zamanda, qeyd edilən məsələnin faktiki halları araşdırılmaqla vergi ödəyicisinə də 58.8.1-ci maddəyə müvafiq olaraq maliyyə sanksiyası tətbiq edilə bilər.
Sonda diqqəti bir məsələyə yönəltmək istərdim: bəzən düzgün olmayan belə bir fikirlə qarşılaşırıq ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsində göstərilən hədlər daxilində nağd pul vəsaitinin qanunvericiliyə uyğun uçotu aparılmadan xərclənməsi heç bir vergi riski doğurmur. Halbuki, yuxarıda qeyd edilən ayrı-ayrı hallara uyğun olaraq belə hallar Vergi Məcəlləsinin 58.8.1-ci maddəsi üzrə maliyyə sanksiyasının tətbiqi ilə nəticələnə bilər.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın