İşçi əmək müqaviləsi imzalayıb, bildiriş almadan işə başlayarsa, hansı cərimələr nəzərdə tutulur? (Misallarla izah)

İşçi əmək müqaviləsi imzalayıb, bildiriş almadan işə başlayarsa, hansı cərimələr nəzərdə tutulur? (Misallarla izah)

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

Əmək müqaviləsiz işçi çalışdıran işəgötürənlərə münasibətdə tətbiq olunan məsuliyyət tədbirlərinə keçməzdən əvvəl qeyd edək ki, hazırda əmək müqavilələrinin bağlanılması vəziyyəti ilə bağlı yoxlamaları 2 dövlət qurumu - Vergilər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi həyata keçirir. 2018-ci ilin sonuna kimi müvafiq yoxlamaları həyata keçirən qurumların sayı 3 idi. 1 yanvar 2019-cu ildən məcburi dövlət sığorta haqlarının hesablanılmasına və ödənilməsinə nəzarət üzrə funksiyalar Vergilər Nazirliyinə həvalə edildikdən sonra Dövlət Sosial Müdafiə Fondunun əmək müqavilələri sahəsində yoxlamalar aparmaq səlahiyyəti ləğv olundu.

Onu da qeyd edək ki, hazırda əmək müqavilələrinin bağlanılması vəziyyətinə dövlət nəzarətini həyata keçirən hər iki qurumun qanunsuzluq faktları aşkara çıxarılan zaman tətbiq etdiyi məsuliyyət tədbirləri fərqlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidməti tərəfindən keçirilən yoxlamalar zamanı işçinin əmək müqaviləsi bildirişi olmadan işə başlaması faktı aşkar olunarsa, bu zaman aşağıdakı məsuliyyət tədbirləri tətbiq olunur.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Göründüyü kimi burada əmək müqaviləsiz işlədilən işçilərin sayının cərimənin məbləğinə təsiri yoxdur. Əmək müqaviləsiz işlədilən 1 işçi üçün də, 5 işçi üçün də eyni məbləğdə cərimə tətbiq olunur. Hüquqi şəxslərin cəriməsinin fiziki şəxslərlə müqayisədə təxminən 20 dəfə artıq olması diqqət çəkən məqamlardandır.  

Vergi ödəyicisi tərəfindən işçilərin əmək müqaviləsiz işə cəlb edilməsi faktlarını aşkara çıxarmaq məqsədilə vergi orqanları tərəfindən aparılan yoxlamalar zamanı qanun pozuntularına münasibətdə Vergi Məcəlləsinin 58.10-cu maddəsi tətbiq edilir. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2 000 manat, ikinci dəfə yol verdikdə 4 000 manat, üç və daha çox dəfə yol verdikdə 6 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Qeyd edək ki, vergi orqanları tərəfindən tətbiq olunan sanksiyaların həm məbləğində, həm də tətbiq olunma qaydasında 1 yanvar 2019-cu ildən əsaslı dəyişiklik olub.Vergi orqanlarının tətbiq etdiyi cərimələrin Dövlət Əmək Müfəttişliyi Xidmətinin kəsdiyi cərimələrdən fərqli və nisbətən mürəkkəb olduğunu nəzərə alaraq bu sanksiyanı misal üzərində nəzərdən keçirək.

Mİsal 1. Vergi nəzarəti tədbirləri (operativ vergi nəzarəti və yaxud səyyar vergi yoxlaması) zamanı məlum olur ki, mağazada çalışan 2 işçi əmək müqaviləsi olmadan işə cəlb edilib. Bu zaman təqvim ili ərzində belə hala birinci dəfə yol verdiyini nəzərə alan vergi orqanları işəgötürənə 4 000 manat ( 2000 manat  x  2 işçi) cərimə kəsir.

Mİsal 2.  Eyni təqvim ili ərzində ikinci dəfə işəgötürənin əmək müqaviləsiz işçi çalışdırması (yenə 2 işçi) aşkar olunub, bu halda işəgötürən 8 000 manat (4 000 x 2 işçi) cərimə ödəməli olacaq.

Mİsal 3. Eyni təqvim ilində vergi orqanları üçüncü dəfə eyni işəgötürənin əmək müqaviləsiz işçi işlətməsini (yenə də 2 işçi) qeydə alır. Artıq bu zaman işəgötürən 12 000 manat (6 000 min x 2 işçi) ödəməli olacaq. Eyni təqvim ilində 3-cü dəfə cərimə ödəyən işəgötürən eyni halı yenə də təkrar edərsə, bu zaman artıq ona 4-cü, 5-ci və sair dəfə etdiyi qanun pozuntusu zamanı əmək müqaviləsiz işlədilən hər işçi üçün 6 000 manat cərimə kəsiləcək.

Oxucularımıza aydın olması üçün qeyd edək ki, təqvim ili 1 yanvar-31 dekabr aralığını əhatə edir və Vergi Məcəlləsinə görə ölkəmizdə vergi ili elə təqvim ilidir. 

Xatırladaq ki, 1 yanvar 2019-cu ilədək əmək müqaviləsi ilə bağlı cərimənin hesablanılması qaydası və məbləği fərqli idi. Əvvəllər bir təqvim ilində işəgötürənin eyni qanun pozuntusunu (əmək müqaviləsiz işçi çalışdırma) neçə dəfə etməsindən asılı olmayaraq ona hər dəfə hər müqaviləsiz işçiyə görə 1 000 manat maliyyə sanksiyası tətbiq edilirdi.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər