Anar Bayramovun təqdimatında: Vergi Məcəlləsində müddət axımının müəyyən edilməsi
Vergi öhdəliyinin ən mühüm elementlərindən biri də müddətlərin müəyyən edilməsidir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.
Vergi Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır.
Müddət axımı məsələsi ilə bağlı Vergi Məcəlləsi ilə paralel olaraq Mülki Məcəllənin “Müddətlərin hesablanması” adlı XVII fəslinin tələblərinə də diqqət yetirmək lazımdır. Mülki Məcəllənin 367.1-ci maddəsində göstərilir ki, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Bundan əlavə, Mülki Məcəllənin 369-cu maddəsinə əsasən, vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır.
Təcrübədə vergi orqanının elektron formada təqdim edilməsi nəzərdə tutulan əməliyyat gününə fərqli yanaşması mümkündür. Amma Mülki Məcəllədə müddətin sonrakı gündən başlamasına əsas verən hallar üzrə real vaxt rejimində həyata keçirilən əməliyyatlara fərqli yanaşma tətbiq edilmir.
Vergi Məcəlləsinin 68.1-ci maddəsində bu məsələyə yanaşma Mülki Məcəllə ilə oxşardır.
Vergi Məcəlləsinin müvafiq maddələri üzərindən müddətin başlamasını misallarla izah edək.
Misal 1: Vergi Məcəlləsinin 71-1.1.2-ci maddəsinə əsasən, malları təqdim edən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə - malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində təqdim etməlidir.
Maddədən göründüyü kimi, müddətin başlanması üçün əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi baş verməlidir. Vergi ödəyicisi 23 avqust 2021-ci il tarixdə malları təqdim etdiyi halda, müddət axımı 23 avqust yox, 24 avqust 2021-ci il tarixdən, yəni hadisənin baş verməsindən sonrakı gündən başlayacaq.
Misal 2: Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs, həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Vergi orqanı tələbnaməni 17 avqust 2021-ci il tarixdə təqdim edibsə, o halda vergi ödəyicisi tələbnamənin təqdim edildiyi gündən sonrakı gündən, yəni 18 avqust 2021-ci il tarixdən 15 iş günü müddətində sənədləri vergi orqanına təqdim etməlidir.
Hər iki misalda diqqət çəkən məsələlərdən biri də təyin olunan müddətlərdə müddətlərin təqvim və ya iş günləri ilə fərqləndirilməsidir.
Misal 3: Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Tutaq ki, vergi orqanı tərəfindən vergi ödəyicisinə 12 avqust 2021-ci il tarixdə sənəd göndərilib. 3 iş gününü əhatə edəcək müddətin axımı sənədin göndərilmə tarixindən - növbəti iş günündən, yəni 13 avqust 2021-ci ildən başlayır. 14-15 avqust 2021-ci il tarixi şənbə və bazar gününə, yəni qeyri-iş günlərinə təsadüf etdiyi üçün həmin günlər müddət axımına daxil edilməyəcək. Çünki Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsində “3 iş günü” ifadəsi yazılıb. O səbəbdən də, müddət axımının (13, 16 və 1 7 avqust 2021-ci il) başa çatması 17 avqust 2021-ci il tarixə düşəcək.
Misal 4: Vergi Məcəlləsinin 35.6-cı maddəsinə əsasən, şəhadətnamə-dublikat 10 gün ərzində istifadə olunmadıqda vergi ödəyicisinə verilmiş şəhadətnamə-dublikat geri alınır.
Tutaq ki, vergi orqanı 3 avqust 2021-ci il tarixdə vergi ödəyicisinin müraciətinə əsasən şəhadətnamə-dublikat verib. 4 avqust 2021-ci il tarixdən hesablanan müddəti əhatə edən 7 avqust və 8 avqust 2021-ci il tarixlərinin şənbə və bazar gününə yəni bankların qeyri-iş günlərinə təsadüf etməsinə baxmayaraq həmin tarixlər müddət axımına daxil ediləcək. Səbəb odur ki, Vergi Məcəlləsinin 35.6-cı maddəsində müddət olaraq “iş günü” yox, “gün” qeyd edilib.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın