Banklar hansı halda vətəndaşın ödəməsindən ƏDV hesablamalıdır
Dövlət Vergi Xidmətindən sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı açıqlama
Son günlər sosial şəbəkələrdə bəzi şəxslərin kartlarından böyük məbləğdə vəsaitin tutulmasına dair bildirişlər aldığı barədə məlumatlar yayılır. Həmin vətəndaşlar onlardan ötən dövrlərdə xarici ölkələrdən alınan xidmətlərə görə tutulmamış ƏDV məbləğlərinin tələb edildiyini bildirirlər.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaranmış məsələyə aydınlıq gətirmək məqsədilə bildirir ki, qanunvericiliyin müddəalarına əsasən, vergi orqanlarında uçotda olmayan fiziki şəxslər tərəfindən elektron ticarət qaydasında alınan xidmətlərə (işlərə) görə ödənilən məbləğdən ƏDV-nin tutulması vəzifəsi banklar tərəfindən icra olunur. Bu halda banklar vergi agenti kimi çıxış edərək həyata keçirilən hər bir tranzaksiya üçün verginin hesablanmasını və ödənilməsini həyata keçirir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sosial şəbəkələrdə plastik kartlar vasitəsilə aparılan bütün növ ödənişlərdən 18 faiz ƏDV-nin tutulması ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirərək bildirir ki, ölkənin vergi qanunvericiliyində hər hansı yeni dəyişiklik yoxdur, vətəndaşlar və vergi ödəyiciləri üçün əlavə vergi öhdəlikləri müəyyən edən hər hansı yeni müddəalar tətbiq edilməyib.
Belə ki, plastik kartlar vasitəsilə nağdsız qayada aparılan ödənişlərdən üzrə vətəndaşın hesabından 18 faiz ƏDV yalnız xaricdən elektron ticarət qaydasında iş və xidmət alınan zaman banklar tərəfindən tutulur.
Fiziki şəxslərin xaricdə yerləşən müəssisə və təşkilatlarla elektron ticarət qaydasında apardıqları aşağıdakı əməliyyatlar üzrə ödəmələrindən banklar tərəfindən ƏDV tutulmur:
xaricdən malların alınmasına görə ödəniş;
xaricdə otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlərə görə ödəniş;
fiziki olaraq xaricdə alınan (istehlak) edilən iş və xidmətə görə ödəniş.
Yayılan məlumatlarda qeyd olunan plastik kartlar vasitəsilə dövlət orqanlarının tətbiq etdikləri cərimə məbləğlərinə görə hesabdan 18 faiz ƏDV-nin tutulması ilə bağlı bildirirk ki, dövlət orqanlarına ödənilən cərimə məbləğlərinə ƏDV hesablanmır və tutulmur.
Ölkə daxilində fəaliyyət göstərən müəssisə və təşkilatlara plastik kart vasitəsilə nağdsız qaydada ödənilən məbləğlərdən əlavə olaraq ƏDV tutulmur. Belə ki, ölkədə fəaliyyət göstərən ƏDV ödəyicilərindən alınmış mal, iş və xidmətlər üçün hesablaşmalarda ƏDV məbləği son qiymətdə öz əksini tapır.
Göründüyü kimi, ölkə daxilində aparılan nağdsız ödənişlərdən hər hansı əlavə vergilər tutulmur, əksinə qanunvericilik nağdsız ödənişlər üzrə həm sahibkarlara, həm də vətəndaşlara müvafiq təşviqlər nəzərdə tutur. Belə ki, pərakəndə ticarət və ictimai iaşə sektorunda çalışan sahibkarların dövriyyəsində POS-terminal vasitəsilə nağdsız qaydada əldə olunan gəlirin həcminə uyğun olaraq mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə güzəştlər tətbiq edilir. Vətəndaşlar isə nağdsız qaydada həyata keçirdikləri alış-verişə görə, nağd qayada həyata keçirdikləri alış-verişə nisbətdə 5 faiz daha çox ƏDV-ni geri ala bilirlər (nağd ödənişlər zamanı ƏDV-nin 10 faizi, nağdsız ödənişlər zamanı isə ƏDV-nin 15 faizi vətəndaşa qaytarılır).
Məlumat üçün onu da bildirirk ki, qanunvericiliyə görə informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət elektron ticarət qaydasında aparılan əməliyyat hesab edilir.
2021-ci ilin aprel ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın