Ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların vergitutma ilə bağlı müəyyən sualları yaranır. Bu suallardan bəzilərini sərbəst auditor Altay Cəfərov cavablandırır.
Vergi Məcəlləsinin 164.1.18-ci maddəsində deyilir ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır.
Misal: Tutaq ki, ƏDV ödəyicisi olan "AA" MMC istixanada pomidor istehsal edir, Müəssisə 2020-ci ilin iyul ayında 20.000 manatlıq məhsul istehsal etmiş, məhsulu "SS" MMC-yə satmışdır. "SS" MMC (o da ƏDV ödəyicisidir) isə aldığı məhsulu 30.000 manata satmışdır.
Sual: Bu halda, müəssisələrin ƏDV öhdəliyi necədir?
"AA" MMC birbaşa kənd təsərrüfatı məhsullarının istehsalçısı olduğundan onun 20.000 manatlıq dövriyyəsi ƏDV-dən azaddır. "SS" MMC isə kənd təsərrüfatı məhsullarının istehsalçısı olmadığına görə bu azadolma ona tətbiq edilmir. Bu halda, ona 30.000/1,18* 18% = 4576,27 manat ƏDV hesablanacaqdır.
Kənd təsərrüfatı isthsalçılarını maraqlandıran məsələlərdən biri də onların istehsal etdiyi məhsulların ölkə hüdudlarından kənara ixracı ilə bağlıdır.
Vergi Məcəlləsinin 165.1.3.-cü maddəsində qeyd edilib ki, malların (o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 165.3-cü maddəsinə uyğun olaraq əlavə dəyər vergisinin qaytarılması qaydasında satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərindən əldə edilmiş istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların) və bu Məcəllənin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin ixracı ƏDV-yə "0" dərəcə ilə cəlb olunur.
Kənd təsərrüfatı məhsulları da mal kateqoriyasına aiddir. Onda belə çıxır ki, kənd təsərrüfatı məhsullarını istehsal edən şəxsin məhsullarını hər hansı bir xarici ölkəyə satması ƏDV-yə cəlb olunan əməliyyat sayılır, sadəcə, bu əməliyyat ƏDV-yə 18 faiz yox, "0" dərəcə ilə cəlb olunur.
Məcəllənin 164.1.18.-ci maddəsinə diqqətlə nəzər yetirdikdə görünür ki, kənd təsərrüfatı istehsalçıları üçün məhsullarının satışı satış yerindən asılı olmayaraq ümumi halda azad olunan əməliyyat kimi qeyd edilmişdir. Yəni məhsullarının harada satılmasından asılı olmayaraq, bu əməliyyatlar ƏDV-ə cəlb olunmur. Çünki maddədə konkret satış yeri barədə müddəa yoxdur.
Odur ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları istehsal etdikləri məhsulları özləri ixrac etdikdə əməliyyat ƏDV-dən azad olunan kimi qiymətləndirilməlidir.
Əks halda, məsələ xeyli mürəkkəbləşəcək: kənd təsərrüfatı məhsullarının istehsalçısı ƏDV ilə yaranan xərc maddələri üzrə əvəzləşdirmələr aparacaq, ixrac dövriyyələri sıfır dərəcə ilə ƏDV-ə cəlb olunacaqdır. Nəticədə istehsalçı tərəfindən büdcəyə külli məbləğdə artıq ödənilmiş ƏDV yaranacaqdır.
Bundan əlavə, kənd təsərrüfatı istehsalçıları mənfəət vergisindən də azaddır. Yəni artıq ödənilmiş ƏDV-ni əvəzləşdiriləcək digər vergilər yaranmır. Bu halda, geri qaytarma proseduru həyata keçirilə bilər. Amma bu da vaxt tələb edən məsələdir və nəticə olaraq kənd təsərrüfatı istehsalçısının ziyanınadır.
Odur ki, kənd təsərrüfatı istehsalçıları vergi öhdəlikləri ilə bağlı bu məsələlərdə diqqətli olmalıdırlar.
Fəxriyyə İKRAMQIZI
Vergiler.az
Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın