Anar Bayramovun təqdimatında: Xidmət və pərakəndə satış fəaliyyətində sadələşdirilmiş vergi metodunun məhdudlaşdırılması

Anar Bayramovun təqdimatında: Xidmət və pərakəndə satış fəaliyyətində sadələşdirilmiş vergi metodunun məhdudlaşdırılması

Vergi ödəyicisi hansı halda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququnu özündə saxlayır? Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

2019-cu il yanvarın 1-dək olan ticarət fəaliyyəti ilə məşğul olan şəxs və ya xidmət göstərən sadələşdirilmiş vergi ödəyicisi rüb ərzində təqdim edilmiş mallara və göstərdiyi xidmətlərə görə əldə edilən hasilatın 4 faizi məbləğində sadələşdirilmiş vergi ödəyirdi. 2019-cu il 1 yanvar tarixində Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən isə ancaq əhaliyə pərakəndə satış qaydasında mallar təqdim edən şəxslərin və əhaliyə xidmət göstərən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ saxlanılırdı.

Topdansatış ticarət fəaliyyəti qaydasında mallarını təqdim edən şəxslərin və vergi ödəyicilərinə xidmət göstərən şəxslər 1 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsinin 218.5.9-cu və 218.5.10-cu maddələrinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirmişlər.

Məsələn, kompüter proqramları təlimi üzrə ixtisaslaşmış vergi ödəyicisinin müştəriləri əsasən əhalidir. Vergi ödəyicisi əhaliyə göstərdiyi xidmətlərə görə əldə etdiyi hasilatı 2 faiz dərəcəsi ilə sadələşdirilmiş vergiyə cəlb edir. Təsəvvür edək ki, hər hansı bir müəssisə öz əməkdaşlarına kompüter proqramlarını tədris etmək üçün sadələşdirilmiş vergi ödəyicisi olan təlim şirkəti ilə əməkdaşlıq edib, öz işçilərini kursa göndərir. Bu halda təlim keçən sadələşdirilmiş vergi ödəyicisi başqa vergi ödəyicisinə cəmi bir dəfə xidmət göstərdiyi üçün avtomatik olaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirir və bundan sonrakı il ərzində fəaliyyəti gəlir və ya mənfəət vergisinə cəlb edilirdi. Bu hal təlim keçən şəxsin vergi ödəyicisi olan müştərisinə imtina etməsinə səbəb olurdu ki, bu da həm vergi ödəyicisinin işgüzar nüfuzuna xələl gətirirdi, həm də vergi ödəyicisi maliyyə itkisi ilə üzləşirdi.

Eyni hal topdansatış ticarət fəaliyyəti qaydasında mallarını təqdim edən şəxslər üçün də xarakterik idi. Məsələn, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyicisinin müştəriləri əsasən əhalidir. Lakin hər hansı vergi ödəyicisi olan müştəri elektron qaimə ilə mal aldıqda bütün fəaliyyəti əsasən pərakədə ticarət fəaliyyəti olan şəxsin sadələşdirilmiş vergi ödəyicisi hüququ bir əməliyyata görə əlindən alınmış olurdu ki, bu da vergi ödəyicisinin fəaliyyətinə mənfi təsir göstərirdi.

Lakin 1 yanvar 2020-ci ildən Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən Məcəllənin 218.6.1 və 218.6.2-ci maddələrində bu hallar artıq öz həllini tapmışdır. Yeni qanunvericilikdə göstərilir ki, pərakəndə satış qaydasında mallarını təqdim edən sadələşdirilmiş vergi ödəyicisi mallarını topdansatış qaydasında da təqdim edirsə və rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının həcminin 30 faizindən çox deyilsə, onda sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu özündə saxlayır.

Məsələn, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxsin rüb ərzində ümumi dövriyyəsi 40.000 manat olmuşdur ki, bunun da 10.000 manat dəyərində olan dövriyyəsi elektron qaimə-faktura ilə rəsmiləşdirilmişdir. Nəzərə alsaq ki, elektron qaimə-faktura ilə rəsmiləşdirilən dövriyyə ümumi ticarət dövriyyəsinin 25 faizini təşkil edir, o zaman vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu özündə saxlayır. Burada diqqət yetirilməli məqam odur ki, vergi ödəyicisinin əldə etdiyi satışdankənar gəlirlər ümumi ticarət dövriyyəsinə daxil deyil. Məsələn, tutaq ki, müəssisənin ümumilikdə 40.000 manatlıq dövriyyəsi olmuşdur. Bu dövriyyənin 10.000 manatı satışdankənar gəlir, 10.000 manatı elektron qaimə faktura ilə rəsmiləşdirilmiş dövriyyə, 20.000 manat isə pərakəndə ticarətdən olan dövriyyədir. Bu halda vergi ödəyicisinin rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirdiyi dövriyyə ümumi ticarət dövriyyəsinin 33,33 faizini(10.000/(10.000 + 20.000)) təşkil etdiyi üçün vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirir. Diqqət yetirilməli olan daha bir məqam da ondan ibarətdir ki, burada dövriyyə dedikdə təqdim edilmiş mallara görə əldə edilən hasilat nəzərdə tutulmur.

Sadələşdirilmiş verginin vergitutma obyekti Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən təqdim edilmiş mallara görə əldə edilən hasilatdır. Ola bilər ki, vergi ödəyicisi 2020-ci ilin 1-ci rübündə elektron qaimə ilə 10.000 manat dəyərində mal təqdim edib, lakin həmin mallara görə müştəridən ödənişi 2020-ci ilin 2-ci rübündə qəbul edib. Bu halda həmin 10.000 manatın 2020-ci ilin 1-ci rübü üçün sadələşdirilmiş verginin vergitutma obyekti olmadığına baxmayaraq, həmin dövriyyə ümumi ticarət dövriyyəsinə daxil edilir və əgər həmin elektron qaimə ilə təqdim edilən 10.000 manat dövriyyə 2020-ci ilin 1-ci rübü üçün ümumi ticarət dövriyyəsinin 30 faizindən çoxdursa, o zaman vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

Vergiler.az

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il tarixindən satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər