Sirac Piriyevin təqdimatında: Vergi borcların alınması: A-dan Z-yə
Vergi öhdəliyi yarandıqda vergi ödəyicilərini vergi orqanının həyata keçirdiyi məlumatlandırma prosesi, hansı hallarda ödəyicinin hesablarına sərəncam qoyulması, vergi borcunun dövlət büdcəsinə birbaşa ödənilməsi üçün tətbiq olunan sərəncamın vaxtı, hesabdakı sərəncam məbləğindən artıq vəsaitin istifadəsi imkanları kimi məsələlər maraqlandırır.
Mövzunu şərh edən vergi hüququ üzrə ekspert Sirac Piriyev bildirib ki, vergi borcunun ödənilməsini əks etdirən bildiriş (və ya tələbnamə) vergi ödəyicisinə təqdim edildikdən sonra borc məbləği 5 gün müddətində ödənilmədikdə vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarına müvafiq olaraq borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması və ya dövlət büdcəsinə alınması (Vergi Məcəlləsinin 65.2.1-ci maddəsində nəzərdə tutulan hallarda) üçün kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam təqdim edilir.
Sərəncamlar bank və digər kredit təşkilatı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 965-ci maddəsində nəzərdə tutulmuş növbəliliyə uyğun olaraq icra edilməlidir. Vergi borclarının dövlət büdcəsinə alınması haqqında sərəncam bir neçə banka və ya kredit təşkilatına verildikdə və həmin hesablardan hər hansı birindən vergi borcunun büdcəyə alınması təmin olunduqda digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılması təmin edilməlidir.
Əmlakın satılmasından əldə edilən məbləğ əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və
əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə
dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir
Vergi borclarının ödənilməsinin təmin edilməsinin daha bir üsulu vergi ödəyicisinin əmlakının siyahıya alınması və ixtisaslaşdırılmış açıq hərracda satılması qaydasında həyata keçirilməsidir. Vergi ödəyicisinə məxsus əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə (yararlıq müddəti tez bitdiyi halda, dərhal) həmin əmlakın açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edilə bilər. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən (siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyul 2002-ci il tarixli 89 aylı qərarı ilə müəyyən edilmişdir) əmlakından başqa, digər əmlakı siyahıya alına bilər.
Vergi ödəyicisinin siyahıya alınmış əmlakının əmtəə birjalarının nəzdində yaradılmış hərrac təşkilatı tərəfindən ixtisaslaşdırılmış açıq hərraclarda satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır. Həmin vergi borcunun dövlət büdcəsinə ödənilməsi isə icra məmuru tərəfindən təmin edilir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı icra məmurunun sifarişinə əsasən elektron hərrac vasitəsilə də satıla bilər.
Əmlakın satılmasından əldə edilən məbləğ əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır.
Vergi borclarının ödənilməsinin təmin edilməsi üsulların biri də "İnzibati icraat haqqında" Qanunun 82-ci maddəsinə uyğun olaraq tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edilməsidir. Borcun ödənilməsi barədə xəbərdarlığın təqdim edildiyi gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi nəticəsində qərar qəbul edilərək, birbaşa icra məmuruna təqdim olunmalıdır. İcra məmuru tərəfindən həmin qərar üzrə tədbirlər "İcra haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada yerinə yetirilməlidir.
Vergi ödəyicisinin yaranmış vergi borcu (faizlər və maliyyə sanksiyası istisna olmaqla)
20.000 manatdan yuxarı olduğu halda, Cinayət Məcəlləsinin 213-cü maddəsinin
tərkibi yaranır və materiallar araşdırılması üçün Vergilər Nazirliyi yanında
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilir
Vergi ödəyicisinin yaranmış vergi borcu (faizlər və maliyyə sanksiyası istisna olmaqla) 20.000 manatdan yuxarı olduğu halda, Cinayət Məcəlləsinin 213-cü maddəsinin tərkibi yaranır və materiallar araşdırılması üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilir. Cinayət işi başlandığı zaman əsasən ibtidai araşdırma müddətində yerli vergi orqanı tərəfindən mülki iddiaçı olaraq yayındırılmış vergi məbləğinin maddi ziyan kimi tanınması barədə iddia ərizəsi ilə həmin quruma müraciət edilir. Məhkəmənin ittiham hökmü ilə şəxs təqsirli bilinərsə, mülki iddia təmin edilir və vergi borcu üzrə məbləğin məhkum olunan şəxsdən tutulmasına qərar verilir. Şəxsin məhkumluğu mülki iddia qaydasında təmin edilən vergi borcunun ödənilməsi vəzifəsindən onu azad etmir.
Vergi borcunun ödənilməsinin təmin edilməsinin əsas üsullarından biri də fərdi sahibkarların və hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır. Bununla bağlı yerli vergi orqanları tərəfindən ərizə ilə məhkəməyə müraciət olunduqdan sonra məhkəmə tərəfindən xüsusi icraat qaydasında 10 gün müddətində ərizəyə baxılaraq məhkəmə aktı qəbul edilir. Ərizə təmin edildiyi halda, qətnamə dərhal qüvvəyə minir və ondan şikayət verilməsi qətnamənin icrasını dayandırmır. Vergi borcunun ödənildiyi və ya silindiyi, eyni zamanda məhdudiyyətin aradan qaldırılması üçün digər əsaslar yarandıqda, yuxarı vergi orqanının qərarı ilə şəxsin ölkədən getmək hüququna qoyulmuş məhdudiyyət aradan qaldırılır.
Onu da qeyd edək ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını vergiyə cəlb edilən hesabat dövrü bitdikdən sonra yalnız 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin müddət bitdikdən sonra vergilər, Vergi Məcəlləsinin 93-cü maddəsinə uyğun olaraq, vergi orqanları tərəfindən ümidsiz borc kimi silinməlidir.
Fəxriyyə İKRAMQIZI
Vergiler.az
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) bu gündən etibarən artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Mündəricatla tanış olmaq istəyirsinizsə, zəhmətə şərh hissəsinə "+" qoyun, göndərilməsini təmin edək.
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın