Nazirlər Kabinetinin Əmək haqqı üzrə gəlir vergisinə əsas verən sektorun MEYARı ilə bağlı qərarında VACİB MƏQAM

Nazirlər Kabinetinin Əmək haqqı üzrə gəlir vergisinə əsas verən sektorun MEYARı ilə bağlı qərarında VACİB MƏQAM

Sərbəst auditor, mks.az saytının eksperti Altay Cəfərovun təqdimatında

Nazirlər Kabinetinin (NK) 18 fevral 2019-cu il tarixli qərarı ilə “Neft-qaz sahəsində fəaliyyətin  və  qeyri-dövlət sektorunun meyarları” təsdiq edilib. Meyarlar Vergi Məcəlləsinin 101.1-4-cü maddəsinə və sosial “Sığorta haqqında” qanunun 14.7-ci maddəsinə  uyğun olaraq hazırlanıb. Meyarların qəbuluna qədər Vergi Məcəlləsinin 101-ci maddəsində muzdlu işdən gəlir vergisinin tutulması məsələsinə fərqli yanaşmalar vardı. Mks.az saytının ekspertı Altay Cəfərov NK-nın məlum qərarını şərh edir:

“Qərarı birinci dəfə oxuyanda çox sadə təsir bağışlayır. Amma daha dərindən yanaşanda bir çox maraqlı məqamlar üzə çıxır. Çalışacağam ki, qərarda olan incəliklər haqqnda fikirlərimi Sizinlə bölüşüm. Fikrimi misallarla izah edəcəyəm ki, daha başa düşülən olsun. Qərarda ən çox 2.1.2.-ci maddədə olan subpodratçı məsələsi diqqətimi çəkib. Həmin maddədə yazılıb ki, 2.1.1.-ci yarımbənddə göstərilən şəxslərə xidmət göstərən xarici və yerli subpodratçılar meyarlara uyğun gələn gəlirlərinin faizinə əsasən neft-qaz sahəsində fəaliyyətə aid olunur. Bundan əlavə 2.1.1.-ci maddədə olan qurumlar aydındır ki, bibaşa neft-qaz sahəsinə aiddir. Amma subpodratçı məsələsində yanaşma fərqlidir və gəlin  bunu misallar üzərində aydınlaşdıraq.

Tutaq ki, AA MMC 2018-ci ildə Dövlət Neft şirkətinə (və ya ona daxil olan müəssisələrə) 118.000 manatlıq (100.000 manat + 18.000 (18% ƏDV))  mallar, işlər və ya xidmətlər təqdim edib. Həmçinin digər kommersiya qurumu olan SS  MMC-yə 59.000 manatlıq (50.000 manat + 9.000 (18% ƏDV)) mallar satıb və SS  MMC də malları Dövlət Neft şirkətinə (və ya ona daxil olan müəssislərə) təqdim edib. Hasilatın Pay Bölgüsü Haqqında Sazışlə fəaliyyət göstərən subpodratçı VV MMC ilə ilə müqavilə bağlayıb (VV MMC-nin sıfır dərəcə sertifikatı var) və ona 200.000 manatlıq mallar satıb, amma AA MMC-nin sıfır dərəcə sertifikatı yoxdur. Həmçinin VV MMC ilə də başqa müqaviləsi var ki, həmin müqaviləyə görə sıfır dərəcə sertifikatı yoxdur, malları 18% dərəcə ilə satıb, dövriyyə 118.000 manat olub. AA MMC-nin 2018-ci il üzrə illik gəlirləri 630.000 manat (18% ƏDV daxil olmaqla) təşkil edib, amma gəlirlərdən daxil olma 600.000 manat təşkil edib, yəni 30.000 manat debitor borc kimi qalıb.

 Buradan sual meydana çıxır ki, AA MMC 01.01.2019-cu il tarixindən gəlir vergisini Vergi Məcəlləsinin 101.1-1.ci maddəsinin hansı cədvəlinə görə ödəməlidir: cədvəl 1  görə (adi qaydada tutulmalar), yoxsa cədvəl 2 üzrə (8000 manat güzəşt tədbiq edilməklə)?

 İlkin olaraq müəyyənləşdirməliyik ki, AA MMC-ni subpodratçı kimi qəbul etmək olarmı? Bunun üçün 2018-ci il üzrə yerinə yetirdiyi əməliyyatları araşdırmalıyıq. Birinci əməliyyat birbaşa Dövlət Neft Şirkəti və ya onun strukturuna daxil olan qurumlar ilə bağlandığından, bu əməliyyat üzrə AA MMC subpodratçı sayılır. Bir məsələni də bildirim ki, Dövlət Neft Şirkətinin strukturuna daxil olan müəssisələrlərə münasibətdə də diqqətli olmaq lazımdır. Yəni, istənilən, adında neft və ya qaz sözü olan təşkilat Dövlət Neft Şirkətinin strukturuna daxil olan təşkilat və ya neft-qaz fəaliyyəti ilə məşğul olan qurum deyil..

İkinci addım kimi müəyyənləşdirməliyik ki, VV MMC ilə olan əməliyyatlarda AA MMC-nin statusu nədir, daha doğrusu meyarlara uyğun subpodratçı sayılırmı?

Birinci əməliyyatda iştirak edən VV MMC hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında layihələr üzrə subpodratçı kimi çıxış edir və onun ƏDV-nin 0 dərəcəsi ilə bağlı sertifikatı var, amma ona malları satan AA MMC-nin belə sertifikatı yoxdur. Buradan sual meyadana çıxır ki, subpodratçı VV MMC-dir, bəs, AA  MMC sibpodratçı sayıla bilərmi? Bəli, bu əməliyyatda AA MMC də subpodratçı sayılır. Bunu biz hasilatın pay bölgüsü və bu qəbildən olan digər sazişlərdən də görə bilərik. Həmin sazişlərdə subpodratçının açılışı verilib. Bundan əlavə, sıfır dərəcələri sertifikatların mətnindən də görmək olar ki, bu sazişlər çərçivəsində birbaşa və dolayısı ilə malları, işləri və xidmətləri podratçıya təqdim edən şəxlər subpodratçılar sayılır. Belə olan halda da 200.000 manatlıq əməliyyat çərçivəsində AA MMC  də meyarlara uyğun olaraq subpodratçıdır.

Üçüncü addım kimi də aydınlaşdırılmalıdır ki, VV MMC ilə olan son əməliyyat üzrə AA  MMC meyarlara uyğun subpodratçı sayılırmı?

Əməliyyatdan göründüyü kimi AA MMC malları ƏDV ilə təqdim edib və bu əməliyyatlarda VV MMC hər hansı bir sertifikatdan istifadə etməyib. Və qaydalara görə, sıfır dərəcə ancaq sertifikat üzrə olan əməliyyatlara şamil olunur, digər əməliyyatlarda artıq AA MMC subpodratçı kimi tanınmır. Odur ki, VV MMC ilə olan son 118.000 manatlıq əməliyyatda AA  MMC meyarlara görə  subpodtarçı sayılmır.

Həmçinin, SS MMC-yə satılmış 59.000 manatlıq mallar sonradan Dövlət Neft şirkətinə (və ya ona daxil olan müəssislərə) satılmasına baxmayaraq, bu əməliyyatda da AA MMC subpodratçı kimi tanına bilməz. Qeyd etdiyimiz beynəlxalq sazişlərdə dolayısı ilə malların, işlərin və xidmətləri təqdim edilməsinin subpodratçıya şamil edilməsi barədə yazılıb, amma yerli qanunvericilikdə belə müddəaya rast gəlinmir.

Son da iki məsələni də qəqiqləşdirək. Birincisi, illik gəlirlər dedikdə, nə başa düşülür, ƏDV-li dövriyyə, yoxsa ƏDV-siz dövriyyə? Ikinci,  əldə olunan gəlir dedikdə nə başa düşülür?

Birinci məsələ ilə bağlı qərarda yazılıb: “.... məcmu illik gəlirlərin...”. Bu məsələ birbaşa Vergi Məcəlləsinə aid olduğundan Məcəllədə “gəlir” anlayışına baxaq.

13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur.

Maddədən aydın olur ki, təqdim edilən malların ümumi dəyəri gəlir sayılır, yəni bura ƏDV də daxildir. Həmçinin, Vergi Məcəlləsinə görə ƏDV-nin özü də ümumi dövriyyədən hesablanılır.

İkinci məsələ ilə bağlı da qərara nəzər yetirək. Qərarda yazılıb: “...ili ərzində əldə olunan illik gəlilrlər....”. Gəlirlərin əldə olunma vaxtı ilə bağlı 13.2.12-ci maddədə yazılıb ki, bu məsələ 132-ci və 135-ci maddələrlə müəyyənləşdirilir. 132-ci maddədə kassa metodu, 135-ci maddədə isə hesablama metodu ilə gəlirlərin vaxtı müəyyənlışdirilir. Sadə formada desək, gəlirlər kassa metodunda daxil olmaya görə, hesablama metodunda isə təqdim olunmaya görə nəzərə alınır.

Meyarların müəyyənləşdirilməsi zamanı bu məsələlərin əhəmiyyəti böyükdür. Göründüyü kimi iqtisadı subyektlərin gəlirlər və xəcrlərinin uçotu metodu da meyarların müəyyənləşdirilməsinə təsir edir.

 Misallarımız üzərindən hər iki metod üzrə açıqlama veriləcək.

Əvvəlcə hesablamalar üzrə dövriyyələri müəyyənləşdirək.

              Dövlət Neft Şirkətilə (və ya ona daxil olan müəssislərlə) olan əməliyyatlar üzrə təqdim edilən mallardan gəlir     -              118.000

             SS  MMC ilə olan hesablaşmalar (mallar dolayısı ilə Dövlət Neft Şirkətinə və ya qurumlarına) satılır                        -              59.000

             Sıfır dərəcə sertifikatla VV MMC ilə dövriyyə                     -              200.000

             VV MMC ilə ƏDV-yə cəlb olunan döviryyə                          -              118.000

             Qalan  əməliyyatlardan gəlirlər                                                -              135.000

CƏMİ Gəlirlər:                                                                                    -              630.000 manat

Daxil olma                                                                                         -              600.000 manat

Yuxarıdakı açıqlamalara görə, neft-qaz sahəsində fəaliyyətin  və  qeyri-dövlət sektorunun meyarlarına görə dövriyyələr belə olacaq: Dövlət Neft Şirkətilə (və ya ona daxil olan müəssisələrlə) olan əməliyyatlar üzrə təqdim edilən mallardan gəlir 118.000 manat (səbəbi əvvəldə açıqlanıb) + Sıfır dərəcə sertifikatla VV MMC ilə dövriyyə 200.000 manat (səbəbi əvvəldə açıqlanıb) = 318.000 manat.

Bu məbləğin ümumi gəlirlərdə hansı faizi təşkil etdiyini hesablayaq. İlkin olaraq hesablama metodu ilə baxaq: 318.000 / 630.000 *100 = 50,47 %. Göründüyü kimi neft-qaz sahəsində fəaliyyətin  və  qeyri-dövlət sektorunun meyarları üzrə olan əməliyyatlarda hesablama metodunda faiz 50-dən yuxarı olduğundan AA MMC 2019-cu ildə muzdlu işlə bağlı ödəmə mənbəyində vergini tutmaq üçün Vergi Məcəlləsinin 101-ci maddəsində olan cədvəl 1-i (adi qaydada) tətbiq edəcək.

Kassa metodu ilə baxsaq (nəzərə alaq ki, meyarlara uyğun olmayan 312.000  manat dövriyyə üzrə bütün gəlirlər daxil olub, amma meyarlara uyğun gələn 318.000  manat dövriyyədən 280.000 daxil olub) hesablamalar belə olacaq: 280.000/600.000*100 = 46,67%

Göründüyü kimi neft-qaz sahəsində fəaliyyətin  və  qeyri-dövlət sektorunun meyarları üzrə olan əməliyyatlarda kassa metodunda faiz 50-dən aşağı olduğundan, AA  MMC 2019-cu ildə gəlir vergisi məqsədləri üçün vergiləri Vergi Məcəlləsinin 101-ci maddəsinin 2-ci cədvəli üzrə (8000 manat güzəşt tətbiq edilməklə) hesablayacaq.  

1 Komment

  1. Fuad 02 Mart 2019

    salam.işçi 65 yaşı tamam olub işdən azad edilib.işdən çıxandan sonra işlədiyi dövrdə hər hansı bir qöqsana yol veribsə onu hər hansı cinayət işi üzrə təqsirkar bilə bilərlər

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər