Malların e-qaiməsiz satışı: Vergilər Nazirliyi və ekspertlərin mövqeləri (ARAŞDIRMA YAZI)

Malların e-qaiməsiz satışı: Vergilər Nazirliyi və ekspertlərin mövqeləri (ARAŞDIRMA YAZI)

Mks.az saytı malların ticarət obyektlərinə təqdim olunmasının rəsmiləşdirilməsi ilə bağlı sislsilə yazıların dərcini davam etdirir. Son yazımızda vergi eksperti Emin Səttarovun məsələ ilə bağlı fərqli yanaşmalarına istinad etmişdik.

Daha ətraflı məlumat üçün linkə daxil olun: "Mallar bu halda ilkin olaraq elektron qaimə-fakturasız təhvil verilərsə, vergi orqanı cərimə edə bilməz"

Vergi eksperti Emin Səttarov: "Yalnız “Malların təhvil-qəbul aktı” sənədi olduqda, vergi orqanı cərimə tətbiq edə bilməz" 
Emin Səttarov hesab edir ki, topdansatış və ya istehsal firmasının nümayəndəsi olan ekspeditor (və ya maddi məsul şəxs) malları digər vergi ödəyicisinə ilk etapda yalnız “Malların təhvil-qəbul aktı” sənədi ilə təqdim edə bilər. Ekspertin fikrincə, həmin təhvil- qəbul aktları sənədləri mühasibatlığa təqdim edildikdən sonra günün sonunda və ya növbəti gün həmin vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim edilməsi məqsədəuyğundur.

Vergilər Nazirliyinin rəsmisi Elşən Hüseynov: "Malların elektron qaimə-fakturasız təqdim edilməsi ciddi qanun pozuntusudur"

Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin Mikroiqtisadi təhlil idarəsinin direktoru Elşən Hüseynovun məsələyə münasibəti isə fərqli olub:  “Topdansatış fəaliyyətləri ilə məşğul olan sahibkarların elektron qaimə-faktura tətbiq olunmadan malları təqdim etməsi ciddi qanun pozuntusu sayılır. Qanunvericiliyin bu tələbi öz qüvvəsində qalır və malların satışı zamanı sənədləşmənin dayandırılması heç bir halda mümkün deyil. Nazirlik sahibkarların diqqətinə çatdırır ki, malları qəbul edən fərdi sahibkarların və hüquqi şəxslərin elektron qaimə-faktura tələb etmədən malların qəbulunu həyata keçirməsi qanunla məsuliyyətə səbəb olur.”

Ötən araşdırma yazımızda bildirdiyimiz və Elşən müəlimin açıqlamasından göründüyü kimi, vergi orqanları vergitutma məqsədləri üçün elektron qaimə-fakturanı əsas sənəd kimi qəbul edirlər. O səbəbdən, vergi orqanları üçün  “Malların təhvil-qəbul aktı” olub-olmaması ikinci dərəcəli məsələ sayıla bilər.

Mks.az saytının eksperti Anar Bayramov: "Vergi orqanlarının serverində qeydiyyatdan keçməyən hər hansı əməliyyyat üzrə vergidən yayınmanın müxtəlif üsulları mövcüddur"

Mks.az saytının eksperti Anar Bayramov bildirib ki, “Malların təhvil-qəbul aktı” ilə bağlı 2 məsələyə diqqət yetirmək lazımdır: “Birinci məsələ, ekspertidorun malları təhvil verdikdən sonra vergi ödəyicisinə elektron qaimə-faktura təqdim etməsi müddəti ilə bağlıdır. Emin Səttarovla razıyam ki, bu müddət ağlabatan olmalıdır. Amma təsəvvür edək ki, ekspeditor hər hansı səbəbdən (məntəqələrin uzaq məsafədə olması, üzrlü səbəbdən işə gəlməməsi və s.) “Malların təhvil-qəbul aktı” sənədlərinin qısa müddət ərzində mühasibatlığa təqdim edə bimədi. Bu zaman, mühasibatlığın həmin sənədlərin əslini əldə edə bilmədiyindən elektron qaimə-fakturanı gec göndərmək riski var.”

Mks.az saytının ekspertinin fikrincə, ikinci məsələ vergi ödəyicilərinə malların rəsmiləşdiriməsi ilə bağlı maliyyə sanksiyası tətbiq olunması baxımından daha vacibdir: “Bu məsələdə xüsusi yanaşma ortaya qoyan Emin Səttarov hesab edir ki, operativ vergi nəzarəti tədbirləri zamanı məlum olsa ki, malların təhvil alınmasını sübut edən yalnız  “Malların təhvil-qəbul aktı”  sənədi varsa, o zaman vergi orqanının əməkdaşı Vergi Məcəlləsinin 58.8 və 58.13-cü maddələrinə əsasən sanksiya tətbiq etməsi doğru deyil. Həmkarımın fikrinə hörmətlə yanaşaraq qeyd etməliyəm ki, sahibkarlar bu məsələdən sui-istifadə edə bilərlər. Mümkündür ki, “A” müəssisəsi olan topdansatış müəssisəsi yalnız təhvil vermə tarixini qeyd etmədən ciddi hesabat blankı olan “Malların təhvil-qəbul aktı”nı digər "B" müəssisəsinə verir ki, nə vaxt vergi yoxlaması olarsa, o zaman sənədin tarixini qeyd etməklə vergi əməkdaşına təqdim etsin.  Eyni sənədə əsasən, ya malları dövri olaraq təhvil verir, ya da növbəti səfər zamanı həmin sənədi ləğv edərək yenisini saxlayır. Nəzarət-kassa aparatının çeki və ya kağız qaimə-faktura ilə bağlı təcrübələrdən məlumdur ki, vergi orqanlarının serverində qeydiyyatdan keçməyən hər hansı əməliyyyat üzrə vergidən yayınmanın müxtəlif üsulları mövcüddur. Məhz bu tərzdə yayınmaların qarşısını almaq üçün əmək müqavilələrinin online reyestri yaradılırdı. Vergi orqanları elektron qaimə-faktura ilə yanaşı,  real rejimdə işləyən kassa aparatlarının tətbiqini planlaşdırır ki, malların hərəkətinə kağız üzərindən yox, online rejimdə nəzarət etsin.”

Sonda qeyd edirik ki, topdansatış müəssisələri üçün vergi uçotu baxımdan malların satış məqsədi ilə təhvil-təslimi zamanı elektron qaimə-fakturanın təqdim olunması vacibdir. Satış məqsədi üçün malların yalnız “Malların təhvil-qəbul aktı” sənədi ilə təhvil verilməsi nəticəsində hər iki vergi ödəyicinə maliyyə sankiyasının tətbiqinin qaçılmaz olacağını düşünürük.

P.S. Bir çox həmkarlarımız saytımıza müraciət edərək bildirirlər ki, bəzi topdansatış müəssisələri malları elektron qaimə-fakturasız təqdim edir ki, bu da gələcəkdə malları alanlara maliyyə sanksiyasının tətbiq olunmasına səbəb olacaq.  Bəzi topdansatış şirkətlərinin nümayəndələri də saytımıza bildiriblər ki, bəzi iri market şəbəkələri malları elektron qaimə-faktura və ya “Malların təhvil-qəbul” aktları ilə qəbul etməyəcəklərini söyləyirlər. İnanırıq ki, Vergilər Nazirliyi bu problemin həlli ilə bağlı lazımı addımları atacaq ki, sənədləşməyə görə gələcəkdə vergi ödəyicilərinə maliyyə sanksiyaları tətbiq olunmasın.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA
(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)
Mühasib və maliyyəçilərin stolüstü kitabı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər