Mks.az saytından mülki-hüquqi müqavilə ilə fəaliyyət göstərən sahibkarlara MÜRACİƏT

Mks.az saytından mülki-hüquqi müqavilə ilə fəaliyyət göstərən sahibkarlara MÜRACİƏT

www.mks.az saytnının mülki-hüquqi müqavilə ilə fəaliyyət göstərən
fərdi sahibkarlara və işəgötürənlərə

M Ü R A C İ Ə T İ

Azərbaycan Respublikası Vergi Məcəlləsində 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minəcək yeni dəyişiklik və əlavələr kölgə iqtisadiyyatının miqyasının daraldılması, qeyri-rəsmi məşğulluğun və vergidən yayınmanın səviyyəsinin aşağı salınması, sahibkarların güzəşt və azadolmalarla könüllü vergi ödəməyə təşviq edilməsi yolu ilə vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının, uçot və hesabatlılığın təkmilləşdirilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin həyata keçirdiyi görüş və məlumatlandırma tədbirləri, eyni zamanda, ayrı-ayrı konsaltinq şirkətləri, saytlar və vergi ekspertləri tərəfindən aparılan izahat və maarifləndirmə işləri cəmiyyətdə, xüsusilə vergi ödəyicilərində yeni dəyişikliklər haqqında ilkin müsbət rəy yaradır, vergi rejiminin sərtləşdirilməsi ilə bağlı cəmiyyətdə formalaşmış əsassız təsəvvürlərin aradan qaldırılmasına xidmət edir.

Ancaq məlumatlara çıxış imkanlarının zəifliyindən, yalnış istiqamətləndirmədən və iqtisadi biliklərin aşağı olmasından qaynaqlanan səbəblərdən bəzi işəgötürənlər və mülki-hüquqi müqavilə ilə çalışan fiziki şəxslər sahibkarlıq fəaliyyətlərinin davam etdirilməsi ilə bağlı qeyri-müəyyənlik içərisindədir. Bunu bizə olan bəzi müraciətlər, sosial şəbəkələrdə və internet resurslarında apardığımız monitorinq və müşahidələrimiz təsdiq edir.   

Biz işəgötürənləri ilk növbədə, işçilərlə münasibətlərini rəsmiləşdirməyə, onlarla əmək müqaviləsi bağlamağa çağırır, əgər münasibətlərin xarakteri mülki-hüquqi müqavilə bağlamağa imkan verərsə, yalnız o halda belə rəsmiləşdirməyə getməyi məsləhət görürük.

Eyni zamanda, mülki-hüquqi müqavilə ilə işləyən tərcüməçilərin, tədqiqatçıların, xüsüsilə vətəndaş cəmiyyəti sektorunda fəaliyyət göstərən fiziki şəxslərin narahatlıqlarına əsas olmadığını bildirir və bir daha xatırladırıq ki, onlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli, 556 nömrəli qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na və Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə uyğun olaraq gəlir vergisi ödəyici olan mikro sahibkardırlar və onların gəlirlərinə 75 faiz güzəşt nəzərdə tutulub. İstisna hal kimi onlar gəlirlərinə güzəşt hüququndan il başa çatandan sonra deyil, hər rübün sonunda həyata keçirdikləri vergi ödəmələri zamanı istifadə edəcəklər. Bu da o anlama gəlir ki, mülki-hüquqi müqavilə ilə işləyənlər hər rüb gəlirlərinin ən çoxu 5 faizi həcmində vergi ödəyəcəklər. Vergi ödəyiciləri xərclərini təsdiq edən sənədlərin uçotunu apararlarsa, o zaman daha az vergi ödəyəcəklər. Misal üçün, rüb ərzində dövriyyəsi 1000 manat, xərclərini rəsmiləşdirməyən vergi ödəyicisi 50 manat ((1000 manat (gəlir) x 20 faiz (gəlir vergisi dərəcəsi) x 25 faiz (75 faiz güzəşt nəzərə alınmaqla)) ödəyəcəksə, eyni gəliri olduğu halda, rəsmiləşdirilmiş xərcləri 300 manat təşkil edərsə, bu zaman daha az, 35 manat ((1000 manat (gəlir) - 300 manat (xərc)) x 20 faiz (gəlir vergisi dərəcəsi) x 25 faiz (75 faiz güzəşt nəzərə alınmaqla)  vergi verəcək.

Xərclərin uçotunun aparılması üçün gəlirlə bağlı olan bütün xərc maddələri üzrə ödənişi təsdiq edən sənədlərlə yanaşı, elekton qaimə-faktura ilə müşayiət  olunmalıdır.

Xidmət müqaviləsiilə işləyən şəxslər əvvəlki qaydaya uyğun olaraq, fərqli regionlar üzrə minimum əmək haqqının 20 faizi qədər sosial ayırma ödəyəcəklər: Bakıda 26 manat, Sumqayıt və Gəncə şəhərlərində 23,40 manat, respublika tabeli digər şəhərlərdə 20,80 manat, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 15.60 manat, kənd yerlərində isə 13 manat.

01 yanvar 2020-ci ildən “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq aylıq minimum əmək haqqının 25 faizi məbləğində (hazırda qüvvədə olan minimm əmək haqqı məbləğinə görə 32.50 manat) sosial sığorta haqqı ödəyəcəklər. Belə vergi ödəyicilərinə gəlirlərinin və xərclərinin uçotunu düzgün qurmağı tövsiyə edirik. Bu, vergi uçotu baxımından əhəmiyyətli olmaqla yanaşı, misallardan göründüyü kimi xərclərin düzgün əsaslandırılması və müvafiq sənədlərlə təsdiq edilməsi sayəsində vergi ödəyicilərinin gəlirlərinin artmasına da imkan verir.

Mks.az saytı vergi ödəyicilərin suallarının cavablandırılması, yeni dəyişikliklərin şərh olunması ilə bağlı maarifləndirmə və izahat tədbirlərini mütəmadi davam etdirdiyini və bu işdə Azərbaycan Respublikası Vergilər Nazirliyindən dəstək aldığını bir daha işəgötürənlərin, fərdi sahibkarların və mühasiblərin diqqətinə çatdırır. Hər hansı sualınız yaranarsa, facebook səhifəmizə vəya [email protected] email adressinə göndərə bilərsiniz.

Bütün vergi ödəyicilərinə yeni ildə daha münbit sahibkarlıq və vergi mühitinin yaradılması yolunda üzərlərinə düşən öhdəliklərin icrasında uğurlar arzulayırıq.

Devizimiz dəyişməz olaraq qalır: Öyrətmək Savab, öyrənmək Qazanc

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər