Sanksiya tələb edən Vergi Məcəlləsinin 58.8-ci maddəsi aydın yazılmayıb?
Sual: Mən fərdi sahibkaram. Digər vergi ödəyicisindən mal almışam və mallar ciddi hesabat blankı olan kağız qaimə faktura ilə anbara mədaxil edilib. Odur ki, Vergi Məcəlləsinin 58.8-ci maddəsi aydın yazılmayıb, qeyd edilib ki, malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura sənədlərdən ən azı biri olmadıqda sanksiya tətbiq edilir. Elektron qaimə və vergi hesab-fakturanı almamışam. Hesab edirəm, bütün 3 sənədin olması düzgün deyil, elektron qaimə varsa, kağız qaiməyə, məncə, ehtiyac yoxdur. Və yaxud sadələşdirilmiş vergi ödəyicisndən mal alanda, o, vergi hesab-fakturanı yaza bilməyəcək. Deməli, qeyd edilən 3 sənədlərdən heç olmasa birinin olması qanunvericilikdə nəzərdə tutulur. Mənə sanksiya tətbiq ediləcək?
Tofiq Bəhramov, [email protected], Bakı (24.08.2018)
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi ilə müəyyən edilmiş maliyyə sansiyası yalnız vergi ödəyicisinin sahibliyində olan malların alışına münasibətdə 3 sənəddən biri, yəni qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlər olmadığı halda tətbiq edilir.
Bax: Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi.
0 Komment
Şərh yazın