Elektron vergi hesab fakturası ilə bağlı maraqlı halın izahı
Sual: Sualım sonradan ləğv olunmuş elektron VHF-lər ilə bağlıdır. Hər hansı VHF aprel ayında satıcı tərəfindən göndərilib və həmin dövr üçün təqdim olunmuş ƏDV bəyannaməsinin 308-ci sətrinə daxil edilib (əvəzləşdirilib). Lakin, may ayının sonuncu günündə göndərilmiş VHF satıcı tərəfindən dəqiqləşdirilmişdir. Bu halda bildiyiniz kimi, ƏDV bəyannaməsinə və Əlavə 1-ə dəqiqləşmə verilməlidir. Eyni zamanda, yeni VHF may ayı tarixi ilə göndərildiyi səbəbindən aprel ayına görə göndərilmiş Əlavə 1-də göstərilməsi mümkün olmur. Bu halda müvafiq əvəzləşdirilməli ƏDV məbləği hansı dövr üçün olan ƏDV bəyannaməsində göstərilməlidir? Həmçinin, müvafiq məbləğ ƏDV bəyannaməsinin hansı sətrinə daxil edilməlidir?
Orxan Həşimov Səfər, [email protected], Bakı (10.07.2018)
Cavab:Bildiririk ki, elektron vergi hesab-fakturanın dəqiqləşdirilməsi elektron vergi hesab-fakturası təqdim edildikdən sonra Vergi Məcəlləsinin 163-cü maddəsində nəzərdə tutulan qaydada vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.) qiymətləndirmə bazasında dəyişikliyın baş verdiyi hesabat dövründə aparılır.
Vergi tutulan əməliyyatda dəqiqləşdirilmə aparılan hallarda bəyannamədə büdcəyə çatası ƏDV-nin məbləği düzgün göstərilməmişdirsə, büdcəyə ödənilməli olan ƏDV-nin məbləği həmin halların yarandığı hesabat dövrü (sizin halda – may ayı) üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. Bu zaman vergi tutulan əməliyyatın azalmasından və artırılmasından asılı olaraq 318-ci və ya 319-cu sətirlərdə düzəliş edilməlidir.
Bax: Vergi Məcəlləsinin 176-cı və 175.5-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”.
0 Komment
Şərh yazın