Nəğd ödənişlərin maximum həddləri ilə bağlı kimlərə istisnalar tətbiq olunur?

Nəğd ödənişlərin maximum həddləri ilə bağlı kimlərə istisnalar tətbiq olunur?

Sual: 1. İstehsal müəssisəsinin ştat cədvəli üzrə əmək haqqı alan işçisi müəssisə fəaliyyəti üçün bölgələrdən kənd təsərrüfat məhsulları alıb gətirir. Aldığı məhsulların dəyəri kifayət qədər yüksəkdir. Nağdsız ödəmə sistemləri olmayan satıcılardan alınan kənd təsərrüfat məhsullarının dəyəri, işçi tərəfindən nağd olaraq ödənilməsi məcburiyyəti yaranır. Bu zaman müəssisənin bank hesabından nağd vəsait çıxarılmasında və işçiyə təhtəl hesab kimi verilməsində hansı məhdudiyyətlər qoyulur? Əgər həqiqətən də, bu məbləğ aylıq kifayət qədər yüksək məbləğ təşkil edirsə.

2.1. Vergi uçotunda olmayan fiziki şəxs pərakəndə qaydada aldığı kənd təsərrüfat mallarını, qarşılıqlı razılaşma əsasında istehsal müəssisəsinə topdansatış formasında satır. Bu halda ödənişin nağd aparılması mümkündürmü? (Qeyd edək ki, fiziki şəxs alışları nağd qaydada həyata keçirib və aylıq məbləğ kifayət qədər yüksəkdir)
2.2. Həmin fiziki şəxsin kart və ya digər ödəniş hesablarına müəssisə tərəfindən köçürülən vəsaiti, fiziki şəxs bütövlükdə çıxarmaq istəyir (nağd aldığı məhsullara görə). Bu halda hansı məhdudiyyətlər qoyulur fiziki şəxs hansı vergi hesabatlarını verməlidir?
Mübariz Ənvər Rəhimov, [email protected], Qəbələ şəhəri (30.06.2018) (Oxunub: 14 dəfə, ID: 17191)
Cavab: Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsi nağd qaydada aparıla biləcək hesablaşmaların həddini müəyyən edərək həmin Qanunun 3.5-ci maddəsində göstərilən hesablaşmaları istisna edir.
Belə ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Buna belə, həmin Qanunun 3.5-ci maddəsində qeyd olunan hesablaşmalar, o cümlədən vergi ödəyicisi olmayan kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu hər hansı məhdudiyyət qoyulmadan nağd qaydada aparıla bilər.
Odur ki, müvafiq rəsmiləşdirmə aparılmaqla kənd təsərrüfatı məhsullarının vergi ödəyicisi olmayan şəxslərdən təhtəl şəxs vasitəsi ilə nağd qaydada alınmasına mövcud qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.
Bununla yanaşı, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.
Bax: Vergi Məcəlləsinin 220.12-ci maddəsi, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.5-ci maddəsi.
2. Cavab: Bildiririk ki, pərakəndə satış malların alıcıya son istehlak məqsədi ilə təqdim olunmasıdır, malların alıcıya onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün satışı isə artıq topdansatış fəaliyyəti hesab olunur.
Onu da bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət artıq sahibkarlıq fəaliyyəti hesab olunur, bu fəaliyyətlə məşğul olan fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başlanan günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna durmalıdır, vergi uçotuna alınarkən seçdiyi mükələfiyyətə uyğun olaraq müvafiq vergi öhdəliklərini yerinə yetirməlidir (ətraflı və dolğun məlumatın alınması üçün saytımızın “Sahibkarın vergi bələdçisi” bölməsi ilə tanış ola bilərsiniz).

Fiziki şəxs sahibkar olduğu halda müəssisə tərəfindən alınmış mallara görə ona edilən ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Qanununun 3.3-cü maddəsində qeyd olunan həddlər daxilində nağd qaydada həyata keçirilə bilər.

Fərdi sahibkarın isə vergi ödəyicisi olmayan kənd təsərrüfatı istehsalçılarından məhsullarının qəbulu hər hansı məhdudiyyət qoyulmadan nağd qaydada aparıla bilər.
Fərdi sahibkar vergi öhdəliklərini yerinə yetirdikdən və müvafiq rəsmiləşdirmə apardıqdan sonra sərəncamında qalan pul vəsaitlərini öz şəxsi istehlak məqsədləri üçün istifadə etmək hüququndadır.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

Vergi Məcəlləsinin 13.2.62-ci, 13.2.63-cü, 33.1-ci, 33.4-cü və 34.1-ci maddələri, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər