Ezamiyyə ilə bağlı 4 praktiki sualın cavabları

Ezamiyyə ilə bağlı 4 praktiki sualın cavabları

Sual: Xaricə ezamiyyə ilə bağlı sualımız var idi. Bizim şirkət MMC-dir. Şirkətin direktoru ilə Müşahidə Şurasının sədri Qazaxıstanın paytaxtı Astana şəhərinə xidməti ezamiyyətə getmək istəyirlər. Qaydalara görə, Astana şəhərinə 1 nəfər üçün 1 günlük norma 200 USD təşkil edir. Sizdən bununla bağlı aşağıdakı sualların cavablandırılmasına köməklik etməyinizi xahiş edirik:

1. Müşahidə şurasının sədri şirkətin əmək müqaviləsi ilə işçisi deyilsə, vergi məqsədləri üçün gəlirdən çıxılmasına görə ona 1 günlük norma şamil edilə bilər? Əgər edilmirsə, onun xərcini şirkət adından direktor ödəsə xalis mənfəətdən çıxıla bilər? Bunun üçün sənədlə necə rəsmiləşmə aparılmalıdır?
2. Maliyyə Nazirliyinin 18.01.2012 tarixli Q-01 №–-li qərarında yazılıb ki, nəqliyyat xərcləri təsdiqedici sənədlər əsasında ödənilir. Buradan belə çıxır ki, 1 günlük normanın digər xərcləri üçün işçidən sənəd tələb etməyə ehtiyac yoxdur?
3. Qaydalarda yazılıb ki, xarici ezamiyyə xərclərinin 1 günlük normasının 40%-ni gündəlik yemək xərcləri təşkil edir. Məsələn, işçi 40 % deyil normanın 30%-ni və ya 50%-ni yeməyə xərcləsə, hər iki halda digər xərclər üçün bölgü necə olacaq?
4. Təyyarə bileti normadan kənar ödənildiyinə görə vergi məqsədləri üçün gəlirdən çıxılması üçün bilet xərcinin ekonom və ya biznes klass olmasının fərqi var?
Rzayev Vüsal, Bakı 


Cavab: Bildiririk ki, Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş “İşçilərin ezamiyyə Qaydaları”na əsasən ezamiyyə haqqı əmək müqaviləsinə əsasən işləyən muzdlu işçiyə ödənilir.
Odur ki, müşahidə şurasının sədri hüquqi şəxsin işçisi sayılmadığından bu qaydalar və Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı ona şamil edilmir. Bu halda hüquqi şəxs tərəfindən müşahidə şurasının sədrinin xərclərinin ödənilməsi sərbəst mənfəəti hesabına maliyyələşdirilə bilər.
Eyni zamanda bildiririk ki, faktiki ezamiyyə xərclərinin yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi norma daxilində olan hissəsi (əvəzləşdirilməsinə yol verilməyən ƏDV məbləği daxil olmaqla) mənfəət (gəlir) vergisinin məqsədləri üçün vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.
Bununla yanaşı, ezamiyyətə göndərilən işçiyə qanunvericiliklə müəyyən edilmiş norma daxilində ödənilən ezamiyyə xərclərinin məbləği gəlir vergisindən azaddır. Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda faktiki ezamiyyə xərclərinin əvəzi xərclərin çəkilməsini təsdiq edən sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci fiziki şəxsin vergi tutulan gəlirinə aid edilmir. Qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda isə, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergiyə cəlb olunan gəlirinə aid edilir.
Ezamiyyə xərclərinin norması və verilməsi qaydası barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.
Bax: Vergi Məcəlləsinin 98.3-cü və 109.7-ci maddələri, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin Ezamiyyə Qaydaları”.
Eyni suala Mks.az saytının eksperti Altay Cəfərovun cavabı ilə isə http://mks.az/accounting/question-and-answer/item/9499-ezamiyyə-ilə-bağlı-4-təcrübəvi-sualın-cavabı.html linkində tanış ola bilərsiniz.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər