Vergilər Nazirliyindən 1 faizlik nağlaşdırma vergisinin qanunsuz olması barədə ittihamına cavab
Sual: Vergi Məcəlləsinin 3.5-ci maddəsində də bildirilir ki, heç bir şəxs əldə etdiyi mənfəətdən, gəlirdən eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Daha sonra, Vergi Məcəlləsinin 5-ci maddəsinə əsasən, vergi 3 formada tutula bilər-bilavasitə ödəmə mənbəyindən, bəyamnamə üzrə və bildiriş üzrə. Bilavasitə ödəmə mənbəyindən vergi tutulması gəlir və mənfəət vergisinə aid edilib və sadələşdirilmiş vergidən söhbət belə getmir. Nağdlaşdırmaya görə tətbiq edilən 1% sadələşdirilmiş vergi isə hazırda ödəmə mənbəyində tətbiq edilir. Bu da qanuna ziddir. Həm Vergi Məcəlləsinin, həm də AR Konstitusiyasına zidd olan, nağdlaşdırmaya görə tutulan 1% vergi qanunsuzdur. Nəyə görə bu vergi, vergi ödəyicilərinə məcburi surətdə tətbiq edilir?
Mustafa Əsgərov Niyazi, [email protected] (26.05.2018)
Cavab: Bildiririk ki, Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatlar və hesablaşmalar üzrə şəffaflığı artırmaq, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəz edilməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirmək məqsədi ilə Vergi Məcəlləsinə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə banklar tərəfindən ödəmə mənbəyində 1 faiz dərəcəsi ilə sadələşdirilmiş qaydada verginin hesablanmasını nəzərdə tutan 220.12-ci maddə əlavə edilmişdir. Bu maddənin tələbi pul vəsaitlərini nağd qaydada bank hesablarından çıxaran hüquqi şəxslərə və fərdi tətbiq edilir.
Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsində bilavasitə mənbədən vergi tutma formasının yalnız gəlir və ya mənffət vergisinə aid edilməsi barədə müddəa mövcud deyildir. Qeyd edilən vergi tutma formasının mahiyyəti verginin ödəyici tərəfindən gəlir və ya mənfəət əldə edilənədək tutulmasından ibarətdir.
Bax: Vergi Məcəlləsinin 5-ci və 220.12-ci maddələri.
0 Komment
Şərh yazın